CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı vəkilin başına qəribə iş gəlib

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Abdullayev qeyd edib ki, oxşar hadisə bir müddət öncə də baş verib

BAKI, 30 oktyabr — Sputnik. Tanınmış vəkil Asif Abdullayevin avtomobilinə oğru girib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə vəkil öz “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, naməlum şəxs avtomobilinin şüşəsini qıraraq maşına daxil olub, amma heç nə götürməyib: “Salonda, ümumilikdə (benzin almaq üçün avtomobildə saxladığım) 84 manat və Gürcüstan gəzintimizdən qalan 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi. Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq halda idi. Bəzi sənədlər iki hissəyə parçalanmışdı”.

“Avtomobilimin park edildiyi ərazidə, təxminən, 15-20 avtomobil olub və bəlkə də həmin avtomobillər arasında ən ucuz avtomobillərdən biri də mənimkidir. Salonda da heç bir cəlbedici əşya olmayıb. Buna baxmayaraq, naməlum şəxs yalnız mənim avtomobilimə daxil olub" - deyən Abdullayev qeyd edib ki, oxşar hadisə bir müddət öncə də baş verib.

Vəkil qeyd edib ki, avtomobilinin bir güzgüsü zərbə nəticəsində sındırılaraq yararsız hala salınıb, digəri isə hadisə yerində ümumiyyətlə olmayıb: “O vaxt 102 xidmətinə məlumat verdim. 25-ci polis bölməsində hadisə ilə bağlı izahat da yazdım. Amma məsələnin araşdırılması və nəticəsi barədə bu günədək heç bir rəsmi məlumat almamışam. Dünən aşkar etdiyim bu hadisə barədə də 102 xidmətinə dərhal müraciət etdim və 25-ci polis bölməsinə ərizə təqdim etdim. Ümid edirəm ki, polis tərəfindən bu məsələ ciddi araşdırılacaq və hadisənin əsl səbəbləri müəyyən ediləcək. Bəlkə də kimsə bu yolla mənə hədə-qorxu gəlməyə çalışır”.

“Əslində, bu hadisəyə çox ciddi yanaşıram. Avtomobilimə daxil olan şəxsin əsl məqsədi bəlli deyil. Oğurluq üçün gələn insan eynək də götürər, telefon da, pul da. Amma bunlar avtomobilimdə olduğu halda, həmin şəxs tərəfindən sanki nümayişkaranə şəkildə götürülməyib".

Xəbər lenti
0