DTX-nin əməkdaşları. Anti-terror əməliyyatı. Arxiv şəkli

Dövlət Departamenti Azərbaycana dair çox ciddi faktlar açıqlayıb

1396
(Yenilənib 12:22 20.09.2018)
"Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları ölkədə bir neçə potensial terror aktının qarşısını alıb"

BAKI, 20 sentyabr — Sputnik. ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrinin terrorizmlə mübarizəsinə dair hesabatı yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hesabatda Azərbaycana da xüsusi yer ayrılıb.

Hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycan terrorizmlə mübarizədə ABŞ-ın etibarlı tərəfdaşı olub: "Azərbaycan hökuməti öz quru və su sərhədləri çərçivəsində, həmçinin Cənubi Qafqazda insanların, pul və materialların aşkarlanması və daşınması üzrə terror səylərinin qarşısını aktiv şəkildə alıb. Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları terror aktlarının qarşısının alınması istiqamətində əməliyyatlar keçirib, terrorçuluqda şübhəli bilinən şəxsləri həbs edib və məsuliyyətə cəlb edib".

"Azərbaycandan kənarda terror qruplarına qoşularaq döyüşən şəxslər Azərbaycana qayıtdıqları zaman məsuliyyətə cəlb ediliblər. Azərbaycanın anti-terror sahəsində əməkdaşlığı nəticəsində ABŞ vətəndaşlarının tez-tez ziyarət edilən turizm bölgələrinə və ABŞ-ın iqtisadi maraqlarına terror hücumları riski əhəmiyyətli dərəcədə azalıb" — deyə sənəddə vurğulanır.

Hesabatda bildirilir ki, Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları ölkə ərazisində terror aktlarının qarşısını almaq, aşkarlamaq kimi bacarıqlarını nümayiş etdirib: "Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları bir-biriləri ilə, həmçinin regional və beynəlxalq tərəfdaşları ilə terrorçular barədə informasiya mübadiləsi aparıblar".

Dövlət Departamentinin hesabatında vurğulanır ki, 2017-ci ildə Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları ölkədə bir neçə potensial terror aktının qarşısını alıb: "Azərbaycan, həmçinin NATO-nun anti-terror təşəbbüsünü dəstəkləməyə davam edir, habelə "Asiyanın Qəlbi – İstanbul Prosesi"nə həmsədrlik etməklə Əfqanıstanın təhlükəsizlik və sabitliyinin yaxşılaşdırılmasına dair səylərini davam etdirir".

"Həmsədr ölkə kimi Azərbaycan "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində nazirlər konfransına, həmçinin narkotik tacirlərinin terrorizmin maliyyələşdirilməsində rolunun vurğulandığı işçi qrupun iclasına da ev sahibliyi edib" — deyə vurğulanan hesabatda, maraqlıdır ki, Ermənistana yer verilməyib.

1396
Teqlər:
xüsusi xidmət orqanları, Cənubi Qafqaz, ABŞ Dövlət Departamenti, terrorizm, Azərbaycan, terror
Əlaqədar
Dövlət Departamenti rahib Endryü Bransonla bağlı açıqlama verib
Dövlət Departamenti Yerevana xəbərdarlıq etdi
Dövlət Departamentindən Azərbaycanın meqa layihəsinə qətiyyətli dəstək
Dövlət Departamentindən Türkiyədə terror xəbərdarlığı
ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana gələcək