Azər Qasımov

"Paşinyan kreslosunda oturmaq istəyirsə, Azərbaycanın daxili işlərinə burnunu soxmasın"

7460
(Yenilənib 14:24 17.09.2018)
Azərbaycan Prezidentinin mətbuat katibi: "İndiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir"

BAKI, 17 sentyabr — Sputnik. "Ermənistanın baş naziri birinci dəfə deyil ki, Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Əvvəla, bu, onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir. O, Azərbaycanın daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur".

Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimi
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın, prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını şərh edərkən belə deyib.

"Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarkisyan diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq, indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq" — deyə A.Qasımov bildirib.

Onun sözlərinə görə, Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz: "Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır".

Mətbuat katibi qeyd edib ki, Paşinyanın növbəti sarsaq açıqlaması prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidməti ilə bağlıdır: "Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi".

"Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə, o, təmas xəttindən təxminən 50 km məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada, əsasən, məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq, vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyil" — Qasımov vurğulayıb.

"Paşinyanın necə şoumen olması bizə yaxşı bəllidir. Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin əməkdaşları Brüsseldə iyulda keçirilmiş NATO Zirvə toplantısının kuluarlarında Paşinyanın cılız və yaltaq hərəkətlərini öz gözləri ilə görüblər. NATO-ya üzv dövlətlərin rəhbərlərinə yaxınlaşıb onlarla şəkil çəkdirməyi Paşinyan Ermənistanda bu liderlərlə keçirilmiş görüşlər kimi təqdim edib. Belə gülməli hərəkətlər Paşinyanın çox pis şoumen olduğunu göstərir. Sonda bir daha bildirmək istəyirik ki, əgər Paşinyan bundan sonra da öz kreslosunda oturmaq istəyirsə, ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük" — deyə o, əlavə edib.

7460
Teqlər:
Heydər Əliyev, İlham Əliyev, Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov, Nikol Paşinyan, Azərbaycan, baş nazir, Ermənistan
Əlaqədar
Paşinyanın Azərbaycan barədə daha bir yalanı ifşa olundu - RƏSMİ
Paşinyan hökuməti və ermənilərin AŞPA-dakı dəyişən hədəfləri
Paşinyan üçün "edam kötüyü" hazırlanır
ABŞ Tramp-Paşinyan görüşündən imtina etdi
Azərbaycan prezidenti: “Bütün məsuliyyət şəxsən Paşinyanın üzərinə düşəcək”
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

2
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

2
Pendir, arxiv şəkli

Hər gün qarşılaşdığımız təhlükə: Pendirdə brüselyoz ola bilərmiş

6
(Yenilənib 21:30 11.07.2020)
Aparılan hesablamalara görə, brusellyoz törədicisi brusella pendirdə 45 gün, brınza pendirində 70 günədək, vərəm törədicisi mikobakteriya yumşaq pendirdə 19 ayadək, bərk pendirdə isə 8 aydan çox müddətdə qala bilər

BAKI, 11 iyul — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Heyvan xəstəliklərinin və heyvan mənşəli məhsulların tədqiqi sektorunun əməkdaşları Səbinə Məmmədova və Çiçək Süleymanova tərəfindən "Pendirin orqanizmə faydaları və təhlükələri" ilə bağlı maraqlı məlumat hazırlanıb.

Sputnik Azərbaycan həmin materialı təqdim edir.

Pendir xüsusi fermentlər və süd-turşu bakteriyaları vasitəsilə südün mayalanması nəticəsində alınan qida məhsuludur. Pendirin tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri mövcuddur. Pendirin tərkibində olan zülallar südün tərkibindəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir. Südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25%-ə qədər zülal, 60%-ə qədər yağ və 3,5%-ə qədər karbohidrat mövcuddur. 100 q pendirin enerji dəyəri 200–400 kkal arasında dəyişir. Südün mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ – bərk, yarımbərk, yumşaq, toz, krem və s. pendir məhsulu hazırlana bilər. Pendirin hazırlanmasında süddən başqa, bir sıra köməkçi vasitələrdən də istifadə edilir ki, onlara dadlandırıcı, qoruyucu, konservləşdirici və digər qatqı maddələrini aid etmək olar.

Pendirin faydaları nədir?

• Kalsium mənbəyidir. Süd və digər süd məhsulları kimi, pendir də insan orqanizmi üçün əsas kalsium mənbəyidir. Kalsium sümük toxumasının inkişafı və qorunmasında mühüm rol oynadığına görə pendir müxtəlif yaş qrupundan olan insanlar tərəfindən istehlak edilə bilər. Belə ki bu məhsul uşaqlarda sümüklərin normal və sağlam inkişafına müsbət təsir göstərir, yaşlı insanlarda sümük xəstəliklərinin yaranmasının qarşısını alır.

• Fol turşusu ilə zəngindir. Fol turşusu – B9 vitamini hamiləlik dövründə qadın orqanizmində dölün inkişafında mühüm rol oynayır. Fol turşusu həmçinin qan-damar sistemi orqanlarını qorumaqla yanaşı, anemiya və yüksək təzyiqin qarşısını alır.

• B2 vitamini ilə zəngindir. Pendirin tərkibində olan digər əsas vitaminlərdən biri də B2 vitaminidir. Riboflavin adlanan bu vitamin dəri, dırnaq və saça müsbət təsir göstərməklə zədələnmiş toxumaların bərpasını sürətləndirir. Digər vitaminlərdən fərqli olaraq, B2 vitamini insan orqanizmində ehtiyat halında toplanmır, bu səbəbdən də onun gündəlik istehlakı zəruridir.

• Təbii probiotikdir. Pendir təbii probiotik xüsusiyyətli qida məhsuludur və tərkibində faydalı bakteriyalar mövcuddur. Bu faydalı bakteriyalar insanlarda həzm prosesini yaxşılaşdırmaqla həzm sistemi xəstəliklərinin qarşısını alır.

Bununla yanaşı, pendirin aşağıdakı faydaları da vardır:

• Yaddaşın möhkəmlənməsini təmin edir;

• Sinir sistemi üçün faydalıdır;

• Güclü antioksidantdır;

• İmmuniteti gücləndirir.

Pendir istehlakının səbəb ola biləcəyi təhlükələr hansıdır?

Süd məhsulları, o cümlədən pendir bəzi hallarda insanlarda allergik reaksiyalara səbəb ola bilər.

Bununla yanaşı, vərəm, listeriyoz, brusellyoz və s. kimi xəstəlik törədiciləri ilə sirayətlənmiş pendir istehlakı bu cür xəstəliklərə yoluxma riski yarada bilər.

Aparılan hesablamalara görə, brusellyoz törədicisi brusella pendirdə 45 gün, brınza pendirində 70 günədək, vərəm törədicisi mikobakteriya yumşaq pendirdə 19 ayadək, bərk pendirdə isə 8 aydan çox müddətdə qala bilər. Bu cür yoluxma hallarının qarşısını almaq məqsədilə pendir hazırlayarkən pasterizə və ya sterilizə edilmiş südlərdən istifadə tövsiyə olunur. Həmçinin pendirin duzda düzgün yetişdirilməsi də vacib şərtlərdən biridir.

Bundan əlavə, pendirin rəf ömrünü uzatmaq məqsədilə istehsal prosesində bəzi hallarda antibiotiklərdən, eləcə də natamisin və s. kimi qida qatqılarından istifadə edilir. Antibakterial xüsusiyyətli bu qida qatqılarından geniş istifadə həmin antibakterial preparatlara qarşı mikroorqanizmlərdə davamlılığın (rezistentlik) yaranmasına səbəb olur. Patogen mikroorqanizmlərdə yaranan rezistentlik onlara qarşı mübarizədə həmin preparatları təsirsiz edərək insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Pendir necə saxlanılmalıdır?

Bütün süd məhsulları kimi, pendir də soyuducuda saxlanılmalıdır. Pendirin saxlanma qaydalarına düzgün riayət edilməzsə, o, tez xarab olar. Belə ki, mənfi temperaturun təsiri nəticəsində pendirin tərkibindəki faydalı mikroorqanizmlər məhv olur. Bu da pendirin xarab olmasına gətirib çıxarır. Yüksək temperaturda isə pendirin tərkibində insan sağlamlığına ziyanlı mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaranır. Həmçinin aşağı nəmlik pendirin həddindən artıq quruması, yüksək nəmlik isə tez xarab olması ilə nəticələnir. Odur ki, pendirin əlverişli şəraitdə saxlanması üçün havanın temperaturu 3–8°C,nəmliyi isə 90%-dən yuxarı olmamalıdır. Əksər pendir növləri üçün optimal saxlanma temperaturu 2–4°C-dir. Pendir bütöv halda olduqda soyuducuda iki aya qədər saxlanıla bilər. Əgər məhsul doğranmış haldadırsa, saxlanma müddəti 15 günə qədər azalır.

6
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

0
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

0