Mariya Zaxarovanın brifinqi

Rusiya XİN: Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı nəsə etmək lazımdır

11872
(Yenilənib 14:16 27.07.2018)
Mariya Zaxarova: "Azərbaycan və Rusiya informasiya siyasəti məsələləri üzrə beynəlxalq qurumlarda daha sıx əməkdaşlıq etmək niyyətindədir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. "Beynəlxalq KİV-də Azərbaycana qarşı kampaniya aparılır və buna qarşı nəsə etmək lazımdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün dünyada daha çox saxta xəbərlər və söz azadlığı məhdudiyyətləri hallarına rast gəlinir: "Lakin biz ölkələrimizdəki jurnalistlərin rahat şəraitdə işlədiyini görürük. Sifarişli və saxta xəbərlərə gəlincə, nümunə kimi, beynəlxalq KİV-də Azərbaycana qarşı keçirilən kampaniyaları göstərmək olar və buna qarşı nəsə etmək lazımdır. Bizim bu neqativ, destruktiv, qorxulu tendensiyalara qarşı mübarizə aparmaq üçün alətlərimiz var".

"Azərbaycan və Rusiya informasiya siyasəti məsələləri üzrə beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq etmək niyyətindədir" — deyən Zaxarova Azərbaycan və Ermənistan liderlərinin yaxın gələcəkdə görüşü barədə sualı da cavablandırıb.

O qeyd edib ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair istənilən səviyyədə baş tutan görüşü dəstəkləyirlər: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prosesdə həmsədr ölkə olan Rusiya belə görüşlərin vacibliyini anlayır".

"Azərbaycan və Ermənistan rəsmiləri arasında müxtəlif səviyyələrdə görüşlər keçirilir. Biz hər iki tərəfin, hər iki paytaxtın, hər iki ölkənin razılaşdığı və konstruktiv keçən istənilən görüşü dəstəkləyirik. Bizim hər iki ölkədən olan həmkarlarımız bu barədə məlumatlıdır" — Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova iştirak edib.

11872
Teqlər:
kampaniya, Dağlıq Qarabağ münaqişəsi, Mariya Zaxarova, KİV, Xarici İşlər Nazirliyi, XİN, Ermənistan, Bakı, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr başlayıb
Azərbaycanın müdafiə naziri Rusiyaya gedir
Rusiya nümayəndə heyəti Azərbaycana gəlir
Sevgi sərhəd tanımır: Azərbaycanlı idmançı rusiyalı biznesmenə ərə getdi
Maksim Oreşkin: “Rusiyanın Azərbaycanın ÜDM-də töhfəsi 6 faizdən çox olub”