At, arxiv şəkli

Qarabağ atları ilə bağlı sevindirici xəbər

412
(Yenilənib 21:36 30.06.2018)
Sevindirici haldır ki, Qarabağ atlarının əvvəlki şöhrətini yenidən qaytarmaq istiqamətində işlər görülməyə başlayıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Tarixən Azərbaycanın fəxrinə çevrilən, ona şöhrət qazandıran milli sərvətlərdən biri də Qarabağ atları olub. Qarabağ atları haqqında məlumatlarla tanış olanda görürük ki, bu növ Qafqazda və Asiyada ən qədim at cinsi hesab edilir.

XVII-XVIII əsrlərdə bu at cinsi Qarabağ xanlığında daha da təkmilləşdirilib. Bu cinsdən olan atlar, hətta Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.

Atçılıq təsərrüfatı üçün inşa olunan bina
© Sputnik / Musa Muradlı
Atçılıq təsərrüfatı üçün inşa olunan bina

Qarabağ atları beynəlxalq cıdır yarışlarında da bir çox uğurlara imza atmaqla Azərbaycanı dünyaya tanıdıb. Qarabağ atlarından ən qiymətli hədiyyə kimi istifadə olunduğu da məlumdur. SSRİ dövlət başçısı Nikita Xruşşov İngiltərə kraliçasına məhz Qarabağ atı bağışlayıb.

Çevik, iti qaçışlı, dağ minik at cinsi olduğundan Qarabağ atlarından hələ lap qədim zamanlardan hərbi məqsədlər üçün də istifadə edilib. Sonralar rus süvari qoşunlarında, və yaxın Qarabağ döyüşlərində də igidlərimizin yardımına çatıb. Qarabağ döyüşlərində dağlıq mövqelərə silah-sursat daşımaq üçün atlardan istifadə edilib.

Tikinti işləri 2015-ci ildə başlasa da, sonradan maliyyə çətinlikləri səbəbindən dayandırılıb
© Sputnik / Musa Muradlı
Tikinti işləri 2015-ci ildə başlasa da, sonradan maliyyə çətinlikləri səbəbindən dayandırılıb

Qarabağ müharibəsindən sonra qarabağlılar kimi Qarabağ atlarının da həyatı təhlükə ilə üz-üzə qalıb. Ağdam işğal olunanda atçılıq zavodu üçün də böyük təhlükə yaranıb. Lakin vaxtında görülən tədbirlər sayəsində atları vaxtında köçürmək mümkün olub. Atlar əvvəlcə Yevlax rayonu ərazisində məskunlaşdırılsa da, əlverişli şərait olmadığına görə sonralar Ağcabədi rayonuna köçürülüb.

Talellərinə didərginlik yazılmış Qarabağ atları illərlə köhnə, uçuq-salxaq tövlələrdə saxlanılıb. İllərlə diqqət və qayğından kənarda qalıblar. Ancaq sevindirici haldır ki, Qarabağ atlarının əvvəlki şöhrətini yenidən qaytarmaq istiqamətində işlər görülməyə başlayıb.

Obyektin sentyabr ayında təhvil veriləcəyi gözlənilir
© Sputnik / Musa Muradlı
Obyektin sentyabr ayında təhvil veriləcəyi gözlənilir

Belə ki, kənd təsərrüfatı naziri İnam Kərimov təyinat aldığı bu qısa müddət ərzində iki dəfə Ağdam Atçılıq Zavodu üçün inşa olunan tikintiyə baş çəkib. Azərbaycan Atçılıq Federasiyasının prezidenti general mayor, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də işlərin gedişatı ilə yaxından tanış olmaq məqsədilə ərazidə olub.

İş icraçısı Fəqan Əliyev Spuntik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, burada işlərin icrasına hələ 2015-ci ildən başlanıb. Arada maliyyə çatışmazlığı olduğundan işlər bir müddət ləngiyib. Ancaq İnam Kərimov Kənd Təsərrüfatı Naziri təyin ediləndən sonra işlərin gedişatı sürətlənib. Nazirin tapşırığına əsasən, sentyabrın 1-nə qədər işlərin yekunlaşacağı və təhvil verilməsi gözlənilir.

İş icraçısı Fəqan Əliyev
© Sputnik / Musa Muradlı
İş icraçısı Fəqan Əliyev

Layihənin icra olunduğu məkan 30 hektar ərazini əhatə edir ki, onun da 15 hektarı tikinti altına düşür. Qalan 15 hektar ərazidə isə yaşıllıqların salınması, ağac və gül kollarının əkilməsi, ot örtüyünün çəkilməsi planlaşdırılır.

F.Əliyev deyib ki, layihənin planına əsasən, ərazidə atlar üçün tövlələr, tamaşaçıların yarışları izləyə biləcəyi cıdır meydanı, atabaxanlar üçün evlər, karantin yerləri, laboratoriya, sərgi salonu tikilib istifadəyə veriləcək.

İş icraçısı onu da vurğulayıb ki, atçılıq zavodunun tikintisində istifadə olunan materialların 80 faizə qədəri xaricdən, əsasən, İran və Hollandiyadan gətirilib. Bu da işlərin yüksək keyfiyyətlə başa çatdırılmasına zəmanət vermiş olur.

Ümid edirik ki, görülən kompleks tədbirlər sayəsində Qarabağ atları Azərbaycana bundan sonra da şöhrət qazandıracaq.

412
Əlaqədar
Festival başlayır: Azərbaycanda möhtəşəm at yarışları keçiriləcək
Azərbaycanda rəsmi dövlət qəzeti nazirliyi sərt tənqid etdi: Qiymətlər at belindədir
Avropanı at belində fəth edən azərbaycanlı
Kəsilmiş at başları aşkarlandı