Bakıdakı Azadlıq meydanında hərbi parad, 26 iyun 2018-ci il

Azərbaycan Ordusu öz qüdrətini nümayiş etdirdi Möhtəşəm yüz illik

491
(Yenilənib 15:57 26.06.2018)
Ali Baş Komandan: "Müharibə hələ bitməyib"

BAKI, 26 iyun — Sputnik. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında hərbi parad keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.

Bakıdakı Azadlıq meydanında hərbi parad, 26 iyun 2018-ci il
© Sputnik / Murad Orujov

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.

Paradda, həmçinin Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda çıxış edib. "Ordu quruculuğu bizim üçün ən başlıca prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq" — deyə dölət başçısı bildirib.

Prezident vurğulayıb ki, müharibə hələ bitməyib: "Müharibənin hələ birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Qeyd etdiyim kimi, Ermənistan müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən mənfi proseslərdən, o cümlədən Xalq Cəbhəsi, Müsavat tərəfindən başlanmış vətəndaş müharibəsindən istifadə edərək torpaqlarımızı zəbt edib. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb".

İlham Əliyev beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini vurğulayıb: "Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul edib. O cümlədən, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Orada da göstərilir ki, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və qüvvəsini itirməyib".

Ali Baş Komandan deyib ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bunun üçün güclü ordu yaratmalı idik və buna nail olmuşuq. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb".

"Azərbaycan bu gün iqtisadi baxımdan özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb" — dövlət başçısı əlavə edib.

Prezidentin sözlərinə görə, hərbçilərin xidmət şəraiti yaxşılaşır: "Son illər onlarla hərbi şəhərcik yaradılıb. Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Sonrakı 2-3 il ərzində bütün hərbi şəhərciklərimiz təmir olunacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilən qərar əsasında orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə bu gün 20 mindən çox mülki vətəndaş çalışır. Əvvəllər bu işlərdə əsgərlər işləyirdi. Biz artıq əsgərləri məişət işlərindən azad etmişik".

491
Teqlər:
hərbi parad, parad, Azərbaycan Silahlı Qüvvələri, Ali baş Komandan, prezident
Əlaqədar
Cəbiş müəllim Azərbaycanın 100 yaşlı ordusu barədə
Azərbaycan Silahlı Qüvvələri - 100
At, arxiv şəkli

Gədəbəydə naməlum şəxslər atı ağacdan asıblar

8
(Yenilənib 22:48 26.02.2021)
Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

BAKI, 26 fevral — Sputnik. Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Bu barədə "Report"a DİN-ın Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” - deyə, DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

8
Zəfər muzeyi və memorial kompleksi, arxiv şəkli

Vətən müharibəsi memorial kompleksi Zəfər muzeyi fondunun eksponatları təqdim olunub

7
Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun yaradılması üçün lazımi materialların toplanılması istiqamətində işlər davam etdirilir.

BAKI, 26 fevral — Sputnik. Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılmasına başlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, vətəndaşlarımız müvafiq materialların təhvil verilməsində fəal iştirak edirlər. Həmçinin bu istiqamətdə müxtəlif dövlət qurumları – Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənayesi Nazirliyi öz töhfələrini verir. "Gazelli Art House" qalereyası da muzeyin fondu üçün materiallar təqdim edib. Təhvil verilən materiallar Zəfər muzeyi fondunun ilk eksponatlarıdır.

Təqdim edilən materiallar arasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı istifadə edilən müxtəlif növ silahlar və mərmilərin qalıqları, işğalçı ordu ilə qəhrəmancasına mübarizə aparan hərbçilərimizin şəxsi əşyaları da var. Bu əşyaların hər biri tarixi əhəmiyyət kəsb edir, çünki onlar möhtəşəm qələbəmizin "şahidi"dir.

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun yaradılması üçün lazımi materialların toplanılması istiqamətində işlər davam etdirilir.

7
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0