Prezident İlham Əliyev

Prezident İlham Əliyevdən mühüm bəyanat: "Tarixi sənədə imza atdıq"

451
(Yenilənib 15:28 29.03.2018)
Dövlət başçısı: "Bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır"

BAKI, 29 mart — Sputnik. Xəbər verdiyimiz kimi, Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Qonağı salamlayan prezident İlham Əliyev bildirib ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir: "Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşayıblar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir".

"Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik. Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır" — dövlət başçısı qeyd edib.

"Biz dünən ticarət əlaqələrinin inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Hesab edirik ki, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var" — Əliyev vurğulayıb.

Prezidentin sözlərinə görə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir: "Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi — Neftçalada "İran Khodro" və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur. Əminəm ki, həm avtomobil zavodunun gələcək fəaliyyəti uğurlu olacaq və həm də yük terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaq".

Президент Ильхам Алиев в ходе выступления глав Азербайджана и Ирана с заявлениями для печати
© Official website of President of Azerbaijan Republic

"Hesab edirəm ki, biz digər sahələrdə də qarşılıqlı sərmayə qoyuluşu haqqında ciddi düşünməliyik, bunu edirik. Dünən həm məhdud tərkibdəki görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin tam tərkibi ilə keçirilmiş görüşdə bu məsələlər müzakirə olundu. Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməkdədir. Tam əminliklə deyə bilərəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. Biz qonşu ölkələrlə bu məsələləri daim müzakirə edirik. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaradıb. Kiçik təqdimatda göstərildi ki, 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı. Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı. Bu müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaq" — deyə İlham Əliyev bildirib.

"Beləliklə, biz qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik — çünki bizim ərazimizdən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək — eyni zamanda, biz bölgədə yeni bir əməkdaşlıq formatını yaradırıq. Bunu artıq yaratmışıq, çünki biz indi nəinki ikitərəfli formatda, üçtərəfli və dördtərəfli formatlarda fəal əməkdaşlıq edirik. 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşləri keçirilib. Bu görüşlərin çox böyük əhəmiyyəti var. Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə edilib. Hesab edirəm ki, üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidirlər" — ölkə başçısı əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb — Azərbaycan, İran, Gürcüstan və Türkiyə: "Burada həm əlbəttə ki, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır. İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın".

Prezidentin bu potensialın tam real olduğunu diqqətə çatdırıb: "Əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir. Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə yaxşı gəlir gətirəcək".

"Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin. Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanıb və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı — Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda, biz dünən cənab prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb" — Azərbaycan prezidenti vurğulayıb.

Əlavə edib ki, həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır: "Dünən müvafiq göstərişlər verilib. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir. Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni, sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır. Biz bölgəmizdə yeni reallıq yaradırıq. İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilibdir. Bunu biz etmişik, özü də qısa müddət ərzində".

"Mən bir daha həmkarıma, cənab Həsən Ruhaniyə Azərbaycana göstərdiyi diqqətə, xoş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaq və biz hamımız bunun şahidi olacağıq" — deyə İ.Əliyev fikrini yekunlaşdırıb.

451
Teqlər:
ölkə, əlaqə, dövlət, xalq, region, İran, Həsən Ruhani, İlham Əliyev, dövlət başçısı, Azərbaycan, prezident
Əlaqədar
Azərbaycanda İranla müştərək avtomobil zavodu açıldı
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
İlham Əliyev İran-Azərbaycan əlaqələrindən danışdı
İran dövlət başçısından Azərbaycan barədə tarixi etiraf
İran prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Qırmızı Xaç Komitəsinin avtomobilləri, arxiv şəkli

Azərbaycanla Ermənistan əsirlərin dəyişdirilməsi barədə razılığa gəlirlər

20
(Yenilənib 20:16 04.12.2020)
Dekabrın 2-si Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı bildirib ki, Ermənistan əsirlərin qaytarılması prosesində "hamının hamıya" prinsipini tətbiq etməyi təklif edib.

BAKI, 4 dekabr — Sputnik. Ermənistan və Azərbaycan əsir və itkin düşmüş hərbçilərin və mülki şəxslərin siyahılarını mübadilə edib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın aparatı məlumat yayıb.

Qeyd olunur ki, münaqişə tərəfləri şəxslərin qarşılıqlı qaytarılması məqsədilə vətəndaşların adları olan siyahıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriblər.

Xatırladaq ki, dekabrın 2-si Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı bildirib ki, Ermənistan əsirlərin qaytarılması prosesində "hamının hamıya" prinsipini tətbiq etməyi təklif edib.

"Bundan əlavə, heç bir ilkin şərt olmadan yeni əsrlərin geri qaytarılması mexanizmi də təklif olunur", - deyə Avinyan qeyd edib.

O, həmçinin Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərqərar olmasına görə Rusiya tərəfinə təşəkkür edib.

Görüş zamanı tərəflər girovların qaytarılması, itkin düşənlərin axtarışı və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələləri də müzakirə ediblər.

20
Ceyhun Bayramov, arxiv şəkli

Bayramov Rinkeviç Qarabağı müzakirə etdilər

10
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

BAKI, 4 dekabr — Sputnik. Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

10
Teqlər:
XİN, Qarabağ
Şam

Rusiyanın məşhur aktrisası vəfat edib

0
(Yenilənib 20:42 04.12.2020)
Bildirilir ki, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi

BAKI, 4 dekabr — Sputnik. Rusiyalı aktrisa Nina Akimova vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.

Bildirilir ki, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nina Akimova 1983-cü ildən Rusiya Teatr Sənəti Akademiyasında çalışıb. O, "Duel", "Qar fırtınası" və digər filmlərdəki obrazları ilə məşhurlaşıb.

0