Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

Milli Məclisin komitə sədri: "Rusiya xalqının düzgün seçim edəcəyindən əminik"

613
(Yenilənib 13:29 13.03.2018)
Əli Hüseynli: "Azərbaycan tərəfi ümidvardır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Sputnik Azərbaycan-a özəl müsahibə verib. Müsahibəni təqdim edirik:

— Rusiyada prezident seçkilərini: Bu posta irəli sürülmüş şəxslərin (öz növbəsində Vladimir Putinin, Pavel Qrudininin, Vladimir Jirinovskinin, Kseniya Sobçakın) namizədliyini və hazırda onların ətrafında baş verən prosesləri necə qiymətləndirirsiniz?

— Rusiya qonşu və strateji müttəfiq ölkə olduğu üçün Azərbaycanda da Rusiyada keçirilən prezident seçkiləri tərəfimizdən izlənilir. Həm mətbuat, həm televiziya buna imkan yaradır. Əlbəttə, Rusiyada prezident seçkilərini səciyyələndirən başlıca xüsusiyyət ölkədə mövcud olan stabillik, sabitlikdir. Hələ keçən il MDB dövlət başçılarının qeyri-formal sammitində Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı cənab prezident İlham Əliyev ona müraciət edərək, söyləmişdi ki, "məhz sizin vaxtınızda Rusiyada stabillik bərqərar oldu".

Müşahidələr onu göstərir ki, namizədlər arasında rəqabət prosesi mövcuddur, qanunvericiliklə nəzərdə tutulmuş debatlar həyata keçirilir, bunlar canlı göstərilir və namizədlər seçiciləri ilə görüşlər keçirirlər, öz platformalarını açıqlayırlar. Məncə, bu proses tam azad şəkildə həyata keçirilir. Və biz əminik ki, Rusiya xalqı öz düzgün seçimini edəcək.

— Bu gün Qarabağ məsələsinin nizamlanmasında Rusiya tərəfinin ATƏT-in Minsk Qrupu çərçivəsində işini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, problemin həlli üçün indiyə qədər Rusiya tərəfindən daha hansı addımlar atılmalıydı?

— ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi təbii ki, bütün ölkələr münaqişənin həlli üçün müəyyən aktivlik, cəhdlər göstərməlidirlər. Amma son dövrlər Rusiyanın daha ciddi aktivliyi müşahidə olunur. Yəqin bu, onunla bağlıdır ki, Azərbaycan, ümumiyyətlə, konflikt zonası Rusiyanın sərhəddinə çox yaxın bir yerdədir, cənub sərhəddindədir. Və bu konfliktin həlli bəlkə də postsovet məkanında yeganə həll oluna biləcək bir konflikt kimi tarixə düşə bilər. Əlbəttə, Rusiyanın Azərbaycanın torpaqlarını işğal edən bir ölkəyə — Ermənistana daha çox təsir imkanları var.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
© Sputnik / Talekh Makhmudov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

Rusiya ilə Ermənistan faktiki olaraq bir neçə beynəlxalq qurumda birlikdə təmsil olunurlar, həmçinin Ermənistanın iqtisadiyyatı Rusiya ilə sıx bağlıdır. Və Rusiya əlbəttə ki, Azərbaycanı özünün təkcə strateji müttəfiqi kimi yox, həm də hazırda regionun, Cənubi Qafqazın aparıcı bir ölkəsi kimi dəyərləndirməlidir və əslində belə də dəyərləndirir. O baxımdan konfliktin həlli ilə bağlı cəhdlər daha da artırılmalı, onun həllinə nail olunmalıdır. Bu sahədə müəyyən işlər gedir, bəyanatları, fikirləri eşidirsiniz, görürsünüz. Və Azərbaycan tərəfi də Rusiyanın bu məsələdə ədalətli mövqe tutacağına ümidvardır.

Narahatçılıq isə ondan ibarətdir ki, bəzən Rusiya mediasında daha çox ermənipərəst mövqe tutulur. Bunun isə səbəbi ondan ibarətdir ki, Rusiya mediasında ermənilər daha çox təmsil olunublar, onların mediada gündəmin formalaşdırlımasına təsir imkanları çoxdur. Hesab edirəm ki, həm Rusiyada müvəqqəti yaşayan azərbaycanlılar, həm də Rusiya vətəndaşı olan azərbaycanlılar ictimai fikirdə Azərbaycanın ədalətli olduğunu sübut etmək üçün daha çox cəhdlər göstərməlidirlər. Bir sözlə, bu məsələdə aktiv olmaq lazımdır.

— ABŞ və Avropanın sanksiyaları bu gün təkcə Rusiyaya deyil, dolayısı ilə bizə də təsir göstərir. Əgər Azərbaycan Rusiya ilə ticarət əlaqələrini dəstəkləyən ölkə olaraq sanksiyalar siyahısına daxil edilsəydi, bizim buna reaksiyamız necə olardı?

— Bu məsələ ilə bağlı münasibətimiz belədir: Azərbaycan Rusiyaya qarşı olan sanksiyaları dəstəkləməyib, əksinə Rusiya ilə son dövrlər iqtisadi münasibətlərı daha da intensivləşrir. Hesab edirəm ki, bu, çox düzgün siyasətdir. Rusiyada yüz minlərlə azərbaycanlılar yaşayır və onlar Azərbaycan ilə sıx bağlıdırlar. İndi hər iki ölkə bir-birinə investisiya qoyuluşunu artırmaqdadır. Hesab edirəm ki, Qərbin Rusiya ilə mövcud olan problemi, sanksiyalar Azərbaycan-Rusiya münasibətlərinə təsir etməməlidir və etmir də. Bu seçimdə Azərbaycan hər zaman müstəqil siyasət yürüdür. Təkcə bu halda yox, digər bütün hallarda da Azərbaycan öz siyasətini müstəqil müəyyən edir. Daha ədalətli olardı ki, Qərb ölkələri işğalçı Ermənistana sanksiya tətbiq etsinlər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
© Sputnik / Talekh Makhmudov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

— Necə hesab edirsiniz, Rusiya Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsindən kənarda həllinə təsir göstərə bilərmi və Vladimir Putinin bu vəziyyətə təsiri nə qədərdir?

— Məncə, müəyyənləşdirilmiş bir format var. O formatın dəyişdirilməsi ilə bağlı heç bir müzakirələr yoxdur. Bu, rəsmi mövqedir. Yəni bu dediyiniz məsələ müzakirə predmeti deyil. Nə vaxt müzakirə predmeti olsa, onu cavablandırmaq olar. Hələlik çərçivə budur: ATƏT-in Minsk Qrupu.

— Bugünkü Rusiya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Mövqelərimiz üst-üstə düşən məsələlərlə yanaşı, üzərində daha çox işlənilməsi zəruri olan hansısa məsələlər varmı?

— Hazırda Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini çox yüksək qiymətləndiririk. Bu, strateji müttəfiqlik münasibətləridir. Amma deyərdim ki, öz real tutumuna, çəkisinə görə bu münasibətlər bəlkə də daha dərindir. Həm iqtisadi, həm humanitar, həm siyasi, həm hərbi sahədə əməkdaşlıq hər il artmaqdadır. Son dövrlər turizmin inkişafı xüsusi bir xətt alıb. Çox təqdirəlayiq haldır ki, artıq bir neçə ildir Azərbaycan Rusiyanın ev sahibliyi etdiyi beynəlxalq "ordu oyunları"na qatılır. Və bizim əsgərlərimiz, zabitlərimiz, ordumuzun nümayəndələri orada ən yüksək yerləri tuturlar.

Rusiya və Azərbaycan rəhbərliyinin birgə qərarı ilə Beynəlxalq Humanitar Forum çox yüksək səviyyədə keçirilir. Həm Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, həm də ən mütəşəkkil təşkilat olan Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) dövlətlərarası mədəni əlaqələrin inkişafında çox ciddi işlər görür. Paralel olaraq Azərbaycanda Rusiya Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Yəni bu əlaqələr qarşılıqlıdır və çox müsbət şəkildə inkişaf edir. Rus dilinin tətbiqi ilə bağlı məsələlər həmişə gündəmdədir. Bu, çox təqdirəlayiq haldır.

Bizim üzərində işləməli olduğumuz çox ciddi problem deməsək belə, çatışmazlıq Rusiya mətbuatında, televiziyasında, TV-lərdəki siyasi şoularında azərbaycanlı təmsilçilərin ya olmaması, ya da az olmasıdır. Hesab edirəm ki, bu məsələnin üzərində düşünmək lazımdır. Əlbəttə, bu problemin həlli üçün Azərbaycan diasporunun da fəaliyyəti güclənməlidir. Bizim orada yaşayan soydaşlarımız bu işdə aktiv olmalıdırlar. Amma bu işdə gərək Rusiyadan olan həmkarlarımız da bizə dəstək versinlər. Bu çatışmazlıq aradan qalxmalıdır.

Ayrı-ayrı hallarda Azərbaycanla bağlı Rusiya mediasında müsbət məlumatlar, obyektiv məlumatlar verilir. Demək olmaz ki, obyektivlik tamamilə gözlənilmir. Ölkədə turizmin inkişafı, hansısa hadisələr, Xocalı faciəsi ilə bağlı Rusiya kanallarında məlumat getmişdi. Amma təəssüf olsun ki, Rusiyada bir çox aparıcı xəbər resursları demək olar ki, ermənilərin monopoliyasındadır. Hərdən adamda belə təəssürat yaranır ki, Rusiyanın ideoloji sahəsi tam olaraq, ermənilərin nəzarətindədir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
© Sputnik / Talekh Makhmudov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

Əslində bu, Rusiya rəsmilərini də narahat etməlidir. Rusiya dövlət marağını qoruyan, Rusiyanı vətən olaraq seçən bizim onlarla, yüzlərlə bacarıqlı soydaşlarımız var, azərbaycanlılar var. Onlar Rusiya vətəndaşlarıdırlar, Rusiyanın patriotlarıdırlar, orada çalışırlar, bir çox sahələr üzrə tanınmış ziyalılardırlar, alimlərdirlər, ekspertlərdirlər. Təbii ki, onlara şərait yaradılmalıdır ki, həmin insanlar Rusiyanın televiziya məkanında, xüsusən siyasi-ictimai verilişlərində, şoularında aktiv iştirak edə bilsinlər. Dediyim kimi, bunu mən bir çatışmamazlıq kimi görürəm. Bu məsələdə balans pozulub. Hesab edirəm ki, birgə səylər ilə bu çatışmazlığı aradan qaldırmaq olar.

© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov
"Rusiyanın münaqişənin həllində ciddi aktivliyi müşahidə olunur"
613
Teqlər:
ATƏT-in Minsk Qrupu, Əli Hüseynli, Ermənistan, seçki, mətbuat, Rusiya, Azərbaycan, prezident, Qarabağ
Əlaqədar
Azərbaycan-Rusiya münasibətləri regional təhlükəsizlik kontekstində
Azərbaycan XİN-dən sərt bəyanat: Rusiyanın münasibətini düzgün hesab etmirik
Vəlizadə: “Azərbaycan-Rusiya münasibətləri regionda sabitliyi təmin edir”
Vəlizadə: “Azərbaycan Rusiya və NATO üçün neytral partnyordur”
Yeni güc mərkəzi yaranır: Rusiya-Türkiyə-Azərbaycan ittifaqı