BAKI, 23 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu Sazişin məqsədi tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirərək müdafiə sənayesi sahəsində əməkdaşlığı təmin etməkdir.
Bu Saziş tərəflərin səlahiyyətli orqanları və/və ya müdafiə sənayesi müəssisə və təşkilatları arasında müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin əsaslarını əhatə edir.
Bu Sazişi icra edəcək səlahiyyətli orqanlar Azərbaycan Hökuməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Türkiyə Hökuməti tərəfindən isə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Müşavirliyidir.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Saziş parlamentdə səsə qoyularaq təsdiq edilib.
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.
BAKI, 23 yanvar — Sputnik. Yanvarın 22-də saat 14 radələrində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini 1967-ci il təvəllüdlü Mirzəyeva Yemən Əlisahib qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəlilabad rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Qədirağa Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".