Bakıda qar

Təbiət bizimlə oynayır: Əgər qar yağmasa...

1091
(Yenilənib 10:11 06.02.2018)
Havalar anormal keçdiyi üçün insanlar xəstəliklərdən qorunmaq məqsədilə təbii antibiotiklərə üstünlük verməlidirlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Artıq fevral ayı olsa da, kiçik çillə girsə də, paytaxtda stabil “yaz havası” müşahidə olunur, hava soyumur. Mütəxəssislərə görə, qış aylarında havaların soyumaması, xüsusilə qarın yağmaması bir sıra xəstəliklərin artmasına səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əslində, fevral ayı qışın ən soyuq ayı kimi xarakterizə edilir: “Amma hazırda mülayim cənub-qərb küləkləri əsir. Proqnozlara görə, bu gün cənub-qərb küləkləri öz yerini şimal-qərb küləklərinə verəcək. Gecə saatlarında arabir güclənən şimal qərb küləkləri müşahidə ediləcək".

Saxarada qar, 9 yanvar 2018-ci il
© Photo : Hamouda Ben Jerad via REUTERS

G.Məmmədova bildirir ki, bu ilin fevral ayını əvvəlki illərlə müqayisə etsək, əvvəlki illərdə də mülayim hava müşahidə edilib: “Havanın temperaturu iqlim normasına yaxın olub, bəzi illərdə isə iqlim normasından yuxarı olub.  Əvvəlki illər havanın temperaturu günorta 10-14, bəzi günlərdə isə 18-20 C olub. Bölgələrdə qeyri-sabit hava temperaturu müşahidə edilib, qar yağıb və qar örtüyü əmələ gəlib. Fevralın birinci ongünlüyündə isə küləklər əsəcək və havanın temperaturunun 7-12 C arasında dəyişəcəyi gözlənilir”.

Həkim terapevt Məlahət Abbasova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, havanın temperaturu qışa uyğun olmasa da, artıq insanlar arasında qrip infeksiyası yayılmağa başlayıb.

Yayılan qrip isə ağır keçməsi ilə fərqlənir: "Yeni qriplər daha ağır keçir. Bu zaman hərarət 3-4 gün yüksək olur. Xəstəlik özünü halsızlıq, baş ağrıları ilə göstərir. Xəstəliyin 3-4-cü günü boğaz ağrıları, mədə-bağırsaq sancıları, ishal, qusma müşahidə edilir. Və bu xəstəliyin fəsadları daha ağır olur. Vaxtında müdaxilə edilməzsə, sətəlcəm, orta qulağın iltihabı və digər orqanların ağırlaşmış xəstəlikləri yarana bilər. Xəstəlik 7 — 10 günə sağalmağa başlayır".

Müsahibimiz xəstəlikdən qorunmağın yollarını da sadalayır: “Bu xəstəlik ağır keçdiyi üçün xəstələr digərlərini yoluxdurmamaq məqsədilə diqqətli olmalı və gigiyenik qaydalara əməl etməlidirlər. Uşaqlar qripi daha ağır keçirir. Buna görə də, qrip olan evdə uşaq varsa, xəstəyə yaxın buraxılmamalıdır. Körpələr və 5 yaşına qədər uşaqlar qripdən, soyuqdəymədən qorunmalıdırlar. Çünki tez-tez xəstələnmək uşaqlarda immunitet zəifliyi yaradır”.

"Uşaq qidalanmadan qalır, zəifləyir və başqa ağır xəstəliklərin yoluxma ehtimalı da artır. Bu səbəbdən də uşaqları xəstə ilə eyni otaqda saxlamayın. Bol maye verin və uşağı qidalandırarkən, geyimini dəyişərkən əllərinizi sabunla yuyun. Əgər özünüz xəstəsinizsə, ağzınıza maska taxın. Çalışın, qida rasionunuzda, qırmızı ət, balıq, yumurta, mövsümü meyvələri daha çox edəsiniz. Bol-bol su için" – deyə Abbasova bildirir.

Həkim əlavə edir ki, havalar anormal keçdiyi üçün insanlar xəstələliklərdən qorunmaq məqsədilə təbii antibiotiklərə üstünlük verməlidirlər. Soğan, sarımsaq yeməli və xörəklərdə istifadə etməlidirlər.

Abbasova vurğulayır ki, özünü xəstəlikdən qorumaq istəyən hər kəs havaya uyğun geyinməlidir: "İnsanın bioloji saatı var. O saat fəsillərə, günlərə, hava şəraitinə uyğun olaraq formalaşıb. Anormal hava şəraiti hökm sürdükdə insanın bioloji saatı pozulur və orqanizm müqavimətini itirir, xəstəliklərə açıq olur. Bu səbəbdən də yay yay kimi, qış isə qış kimi keçməyəndə immunitet sistemi zəif olanlar xəstələnir".

1091
Teqlər:
təbiət, qrip, qar, xəstəlik
Əlaqədar
Qar uçqunu təhlükəsinə görə on mindən artıq turist təxliyyə edildi
Cənub bölgəsində temperatur kəskin düşüb, güclü qar yağıb
Yağış, qar, külək - Hava xəbərdarlığı
Şaxta Baba və Qar Qızsız qalacaq Bakı yolkaları...
Azərbaycana yağan qəfil qar turistləri çətin vəziyyətə saldı