Özbək limonu

Astarada yetişən nəhəng limon: Çəkisi də, qiyməti fərqlidir

555
(Yenilənib 13:37 14.01.2018)
"Bunu ilk dəfə Özbəkistana səfər edəndə gördüm"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Cənub zonası, xüsusən də Lənkəran-Astara bölgəsi öz zəngin süfrəsi ilə yanaşı, sitrus meyvələri ilə də tanınır. Özü də təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də məşhurdur. Astarada sitrusçuluq digər rayonlara nisbətən daha çox inkişaf edib. Astaranın Şiyəkəran kənd sakini Zəbiəli Əliyev uzun illərdir sitrus meyvələrinin əkini ilə məşğuldur. Zəbiəli kişi hələ sovetlər dövründə, sürücü işlədiyi vaxtlar öz həyətyanı sahəsində sitrus meyvələri əkib-becərməklə məşğul olub.

Zəbiəli Əliyevin həyətində ölçüsü və dadı ilə digərlərindən fərqlənən limon sortu da var. O, həmin limon sortunu başqa ölkədən gətirdiyini bildirir: "1994-cü ildə Özbəkistana naringi, portağal və limon satışı üçün getmişdim. Orada əsgərlik dostumu gördüm və onun qonağı oldum. Özbək dostum mənə onun həmyerlisi və dostu olan bir şəxsin sitrus meyvələri ilə məşğul olduğunu dedi. Dostumdan xahiş etdim ki, məni onunla tanış etsin. O da sağ olsun, xahişimi yerə salmadı və məni dostunun evinə apardı. Dostumla həmyerlisinin həyətinə girəndə orada eni 5-6 metr, uzunluğu isə 10 metr olan istixana gördüm. İstixananın içərisində müxtəlif növ ağaclar və limonlar var idi. Limon ağaclarında olan meyvəni gördükdə heyrətləndim. Bizim limonlardan ölçüsünə görə dəfələrlə böyük idi".

  • Özbək limonu
    Özbək limonu
    © Sputnik / Rahim Murad
  • Yunus Qulamov
    Yunus Qulamov
    © Sputnik / Rahim Murad
  • Özbək limonu
    Özbək limonu
    © Sputnik / Rahim Murad
  • Zəbiəli Əliyev
    Zəbiəli Əliyev
    © Sputnik / Rahim Murad
  • Zəbiəli Əliyev
    Zəbiəli Əliyev
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Özbək limonu

"Mən əvvəlcə inanmadım ki, bu meyvə limondur. Lakin bağın sahibi dedi ki, bu limondur və birini də kəsib dadına baxdım. Meyvənin dadına baxandan sonra limon olduğuna dəqiq əmin oldum. Həmin özbək təsərrüfatçıdan limon ağacının tingindən 1-2-ni istədim. O isə səxavətli davranaraq mənə 10 ədəd ting hədiyyə etdi. Kəndə qayıdan kimi o tingləri əkdim və təxminən bir ildən bir az artıq müddətdən sonra ağaclar artıq bar verməyə başladı. Amma 1996-cı ilin əvvəlində güclü şaxtalar oldu və bu 10 tingdən 9-u yandı. Gördüyünüz kimi indi də həmin bir ağac qalıb. Yaxşı da bar verir. Bu bir ağacdan 693 ting əldə etmişəm. Bu tinglərin bir hissəsini həyətin müxtəlif yerlərində əkmişəm, bir hissəsini isə satmışam" — deyə Z.Əliyev əlavə edir.

Zəbiəli kişi özbək limonunun yerli limonlardan fərqli olaraq ilboyu bar verdiyini deyir: "Yerli Astara və ya Lənkəran limonu ildə 1 dəfə bar verir ki, bu da payız aylarının axırı, qışda olur. Bu ağacda isə limonu dərdinsə, bir müddət sonra yenidən çiçəkləyir və meyvə yetişir. Həm də yerli limon ağacını əkdikdən 3 il sonra meyvə verməyə başlayır, bu ağac isə 1-1,5 il sonra bar verir. Yerli limonlarımızın ən ağırı 150 qram olur, özbək limonunun isə ən balacası 500, ən böyü isə 900 qramdır. Qiyməti də ölçüsünə görə dəyişir. Çox sərfəli ağacdır. Yerli limonların birinin qiyməti 35-50 qəpik arası dəyişirsə, bu limon 2-3 manatdır. Bəslənməsində və qulluğunda isə qəti fərq yoxdur. Bizim limona necə qulluq edilirsə, bu ağac da elədir".

Zəbiəli Əliyevlə eyni kənddə yaşayan bioloq Yunus Qulamov isə Özbəkistandan gətirilən "nəhəng limon"ların yerli limonlarla dadında və tərkibində də fərq olduğunu deyir: "Zəbiəli kişinin o vaxt Özbəkistandan gətirdiyi bu limon sortu yerli limonlardan daha da turşdur və tərkibində qiymətli maddələr daha çoxdur. Yəni bu limon qan təzyiqi olan insanlara daha tez təsir edir. Ümumiyyətlə, qalın qabıqlı limonlar digər limonlardan daha çox vitaminlərə sahib olmaları ilə fərqlənirlər. Onu da deyim ki, bir çox ölkələrdə insanlar içdikləri suyun tərkibinə limon şirəsi əlavə edirlər. Bu da bir çox xəstəliklərin, xüsusən də xərçəngin qarşısının alınmasında kömək edir. Buna görə də mən tövsiyə edərdim ki, vətəndaşlarımız limondan daha çox istifadə etsinlər".

Z.Əliyev vurğulayır ki, özbək limonunun tingləri üçün bütün rayonlardan, xüsusən də Aran rayonları və Gəncədən sifarişlər çox olur. Satışında isə problem yoxdur.

555
Teqlər:
özbək sortu, sitrus, limon, Astara, meyvə, vitamin
Əlaqədar
Astarada ağır qəza: İçində 9 nəfər olan avtomobil dərəyə aşdı
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn il başlanılacaq
Astarada beynəlxalq turnir keçirilib
Astara sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq öldü
Astarada 20-yə yaxın qəbirin başdaşı sındırılıb

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

11
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

11
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

57
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

57
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA