Azərbaycan ordusunun əsgərlərinin təlimi, arxiv şəkli

Bu da Azərbaycan Silahlı Qüvvələrinin yeni vəzifələri

1213
(Yenilənib 16:33 15.12.2017)
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib

BAKI, 15 dekabr — Sputnik. Milli Məclisdə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Layihənin 1-ci maddəsi "Əsas anlayışlar" adlanır. Burada göstərilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra — Silahlı Qüvvələr) — Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat;

Azərbaycan Ordusu — Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə;

Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra — başqa silahlı birləşmələr) — Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları və ya onların strukturuna daxil olan qurumlar. Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanun layihəsində deyilir ki, Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, xarici təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, dövlət quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır.

Dinc dövrdə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.1.1. Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısını almağa və onu dəf etməyə hazır olmaq;

4.1.2. əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı silahlı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq;

4.1.3. hərbi idarəetmə orqanlarının, qoşunların (qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığını təcavüzün qarşısının alınmasını təmin edəcək səviyyədə saxlamaq;

4.1.4. daxili siyasi sabitliyin, konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;

4.1.5. Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək;

4.1.6. əhalinin və ərazinin (Azərbaycan Respmublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək;

4.1.7. fövqəladə halların aradan qaldırılmasında iştirak etmək;

4.1.8. Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini, enerji və nəqliyyat infraksturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət obyektlərini mühafizə etmək;

4.1.9. azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayiət olunmasını, həmçinin penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək;

4.1.10. öz fəaliyyətinin informasiya təhlükəsizliyini təmin etmək;

4.1.11. hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək;

4.1.12. hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək;

4.1.13. səfərbərlik və hərbi xidmətə çağırış üzrə tədbirlər kompleksini təkmilləşdirmək;

4.1.14. peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi-elmi potensialı artırmaq;

4.1.15. beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq;

4.1.16. beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək;

4.1.17. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin dəstəklənməsi (bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək;

4.1.18. ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək.

4.2. Dinc dövrdə yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, real təhdid dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.2.1. döyüşə və səfərbərliyə hazırlığın səviyyəsini artırmaq, bununla bağlı əlavə tədbirlər kompleksini həyata keçirmək;

4.2.2. fövqəladə və hərbi vəziyyət rejimlərinin təmin edilməsi, ərazi müdafiəsi üzrə hazırlıq tədbirlərinin yerinə yetirilməsində iştirak etmək.

4.3. Dinc və real təhdid dövrlərində yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.3.1. tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək;

4.3.2. ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək;

4.3.3. Azərbaycan Respublikasına qarşı xarici hərbi təcavüzü dəf etmək, ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyatlar aparmaq, düşmən qüvvələrini məğlubiyyətə uğratmaq, onları Azərbaycan Respublikasının maraqlarına uyğun şərtlərlə hərbi əməliyyatları dayandırmağa (sülh danışıqları aparmağa və sülh sazişi bağlamağa) məcbur etmək.

Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı həyata keçirir.

Silahlı Qüvvələrin fəaliyyətinə idarədaxili nəzarəti Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların komandanlığı və həmin qurumların daxil olduğu dövlət orqanlarının rəhbərləri həyata keçirir.

Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli Qanunu ləğv edilir.

Qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

1213
Teqlər:
silahlı birləşmələr, qanun layihəsi, Silahlı Qüvvələr, Azərbaycan Respublikası, Milli Məclis
Əlaqədar
Silahlı Qüvvələrimiz haqqında yeni qanun ilk oxunuşda qəbul edildi
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
"Əhalinin təhlükəsizliyi üçün Silahlı Qüvvələrimiz lazımı tədbirlər görəcək"
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur