Mixail Zabelin

Zabelin azərbaycanlıların sualını ruslara ünvanladı: "Niyə bizi yox, erməniləri...?"

235
(Yenilənib 14:30 11.12.2017)
Azərbaycanın rus icmasının rəhbəri: "Burada ruslara qarşı heç bir təzyiq yoxdur"

BAKI, 11 dekabr — Sputnik. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər ildən-ilə möhkəmlənir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelin deyib.

Bu gün Azərbaycan parlamentində millət vəkilləri ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. Orada danışan Zabelinin sözlərinə görə, ölkələrimiz arasındakı bu cür əlaqə təkcə Azərbaycan xalqını deyil, həmçinin burada yaşayan 120 minlik rus diasporunun üzvlərini də sevindirir.

"Bu, Cənubi Qafqazda və MDB ölkələri içərisində ən böyük icmalardan biridir" — deyən deputatın sözlərinə görə, Azərbaycan xalqı indiyə qədər yaşayan müharibə veteranlarına dərin səmimi münasibət bəsləyir, onları dəstəkləyir. Həyatda olmayanların da xatirəsini əziz tutur.

"Azərbaycanda, həmçinin rus dili də qorunub saxlanılır. Bu, ona görə edilmir ki, Rusiyanın xoşuna gəlsin. Bütün bunlar ürəkdən gəlir və səmimi olaraq edilir. Burada ruslara qarşı heç bir təzyiq yoxdur. Rus tələbələr və məzunlar üçün işə qəbul zamanı heç bir məhdudiyyət qoyulmur" — deyə millət vəkili bildirib.

Zabelin Kalaşnikova müraciətlə deyib ki, gənclər, jurnalistlər və digər şəxslər tez-tez ona niyə Rusiyanın azərbaycanlıları deyil, erməniləri dəstəklədiyi barədə sual verirlər. O, dediklərini sübut etmək üçün Garegin Njdenin Yerevanda ucaldılan abidəsini də misal gətirib.

Xatırladaq ki, Milli Məclisdə keçirilən görüşdən əvvəl rusiyalı parlamentarilər prezident İlham Əliyevin qəbulunda olublar.

Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr 1992-ci ilin 4 aprelində qurulub. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilədir.

235
Teqlər:
Leonid Kalaşnikov, millət vəki, rus icması, münasibət, Mixail Zabelin, Rusiya, deputat, Azərbaycan
Əlaqədar
Doroxin: “Rusiya cənub sərhədində stabil Azərbaycan görmək istəyir”
Azərbaycan-Rusiya sərhədindəki insident araşdırılır
"Rusiya ilə Azərbaycan arasında həllini tələb edən heç bir məsələ yoxdur"
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
Bakıda hərbi parad, arxiv şəkli

Komissiya: Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbərləri əsassızdır

6
Təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilib, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:

"Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilmişdir.

Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim etmiş, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaratmış, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil etmişdir.

Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır. Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil.

Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.

Eyni zamanda erməni hərbçilərinin əsir düşmələrinin əsas səbəbinin Ermənistanın yeritdiyi təcavüz və işğalçılıq siyasəti olduğunu bir daha vurğulamaqla erməni analarına müraciət edərək, övladlarının qaytarılması ilə bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olduğunu bildiririk.

Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

Vətəndaşların müraciət etmələri üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının "www.human.gov.az" rəsmi internet səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir".

6
Teqlər:
Azərbaycan Ordusu, beynəlxalq hüquq, BQXK, əsir
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Auditoriyada tələbə, arxiv şəkli

BDU Pərviz Məhəmmədov ilə bağlı məsələyə aydınlıq gətirdi

3
(Yenilənib 17:45 01.12.2020)
BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb

BAKI, 1 dekabr — Sputnik. 30 noyabr 2020-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. BDU-dan Sputik Azərbayan-a verilən məlumata görə, iclasda yer alan cari məsələlər sırasında Bakı Dövlət Universitetindən xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilib. Komissiya öz qərarında bildiribki, BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olmuş, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar edib. Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozmuş, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər edib. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunub.

Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirmiş və bağışlanmasını xahiş edib. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib. O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş edib.

Komissiya  məsələni yenidən araşdırmış, tələbənin Azərbaycan bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılmışdır. Şura üzvləri məsələni geniş müzakirə etmiş və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib.

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb. 

Həmçinin iclasda Elmi Şurada BDU-nun elmi işçilərinin növbəti attestasiyadan keçirilmələri üçün mövcud qayda və meyarlar şərh edilmiş və attestasiyanın keçirilməsi barədə qərar qəbul edilib.

3