Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı keçirilir

Əfqanıstan prezidenti Azərbaycan sülhməramlılarının fəaliyyətindən məmnundur

13
(Yenilənib 13:14 01.12.2017)
Bakıda "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində 7-ci nazirlər konfransı keçirilir

BAKI, 1 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Bakıda "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda 7-ci nazirlər konfransı keçirilir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani konfransda iştirak edirlər.

Bakıda Azərbaycan və Əfqanıstan prezidentlərinin iştirakı ilə beynəlxalq konfrans başlayıb
© Official website of President of Azerbaijan Republic

Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani konfransı açıq elan edib. O, Azərbaycana qonaqpərvərliyinə görə minnətdarlığını bildirib. Dövlət başçısı konfransda nitq söyləyib.

Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf proseslərindən, ölkəmizin beynəlxalq əməkdaşlığından, iqtisadi sahədə həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən, respublikamızın sülhməramlı əməliyyatlarda iştirakından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açıb.

Dövlət başçısı Azərbaycanda, həmçinin korrupsiyaya qarşı görülən tədbirlərdən, "ASAN xidmət" mərkəzlərinin yaradılmasından, burada əhaliyə şəffaf xidmətin göstərilməsindən danışıb.

Sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani çıxış edib. Əfqanıstan prezidenti Azərbaycan sülhməramlılarının ölkəsinin təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycanın iqtisadi inkişafını, ümumi daxili məhsulun artmasını, davamlı islahatların həyata keçirilməsini yüksək dəyərləndirib.

Prezident Məhəmməd Əşrəf Qani, həmçinin "Asiyanın Qəlbi – İstanbul Prosesi"nə dəstək verən ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlığını bildirib. Dövlət başçısı Əfqanıstanın terrorizmlə mübarizə sahəsində gördüyü işlərə, ölkənin inkişafı istiqamətində atılan addımlara toxunub. Bildirib ki, terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir.

"Təəssüf ki, bəzi ölkələr terrorizmə dəstək verir. Terrorizmə qarşı mübarizə həm də regionda olan problemlərin həllinə töhfə verir" — Əşrəf Qəni vurğulayıb.

Xatırladaq ki, "Asiyanın Qəlbi — İstanbul Prosesi" Asiyanın Qərb regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

"Asiyanın Qəlbi — İstanbul Prosesi"ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə "Asiyanın Qəlbi — İstanbul Prosesi"nə qoşulub.

13
Teqlər:
Məhəmməd Əşrəf Qani, Əfqanıstan İslam Respublikası, "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar", "Asiyanın Qəlbi – İstanbul Prosesi", Azərbaycan Respublikası, Bakı, İlham Əliyev, terrorizm, prezident
Əlaqədar
"Dağlıq Qarabağ üçün sülhməramlılar" geri qayıdır
Azərbaycan sülhməramlıları vətənə qayıtdılar
Azərbaycan sülhməramlıları Əfqanıstana yola düşdülər
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb