Göyçay Nar bayramı

Əvvəlkilərdən fərqlənən Nar bayramı

312
(Yenilənib 15:02 04.11.2017)
Festival çərçivəsində “Nar” abidəsinin açılış mərasimi olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyilə keçirilən XII Nar festivalı rəngarəngliyi və tədbirlərin zənginliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə,  Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, ümumilikdə, 30 minə yaxın insanın iştirak etdiyi möhtəşəm Nar festivalı, həmçinin milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Nar festivalının iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydanda qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb. Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar. İki gün davam edəcək festivalın rəsmi açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış ediblər. Qeyd olunub ki, artıq 12-ci dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.

  • Göyçay Nar bayramı
    Göyçay Nar bayramı
    © Sputnik / Ilham Ahmadov
  • Göyçay Nar bayramı
    Göyçay Nar bayramı
    © Sputnik / Ilham Ahmadov
  • Göyçay Nar bayramı
    Göyçay Nar bayramı
    © Sputnik / Ilham Ahmadov
  • Göyçay Nar bayramı
    Göyçay Nar bayramı
    © Sputnik / Ilham Ahmadov
  • Göyçay Nar bayramı
    Göyçay Nar bayramı
    © Sputnik / Ilham Ahmadov
  • Göyçay Nar bayramı
    Göyçay Nar bayramı
    © Sputnik / Ilham Ahmadov
1 / 6
© Sputnik / Ilham Ahmadov
Göyçay Nar bayramı

Çıxışlarda narçılığın iqtisadi cəhətdən gəlirli sahə olduğu vurğulanıb, narın insan sağlamlığı üçün böyük əhəmiyyətindən söz açılıb. Qeyd edilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayın nar bağlarında bol məhsul yetişdirilib. İlkin hesablamalara görə, 50 min tona yaxın nar istehsal olunacaq. Keçənilki məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb. Rayonda yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür. Son 4 ildə 250 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal müəssisələri də imkanlarını ilbəil genişləndirirlər.Meydanda təşkil olunan kitab sərgisi, nümayiş etdirilən əl işləri, qədim sənət nümunələri maraqla izlənilib, idmançıların, rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları alqışlarla qarşılanıb.

Festival çərçivəsində “Nar” abidəsinin açılış mərasimi olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib. Podiuma milli geyimdə çıxan qızlar arasında birinci yeri Şövkət Əsədullayeva tutub. Ona 5000 manat mükafat verilib. Müsabiqədə ikinci və üçüncü yeri tutan iştirakçılara da pul mükafatları təqdim olunub.

Bayram tədbirində qonaqlar sərgi masalarına yaxınlaşaraq nardan hazırlanan məhsulların, o cümlədən nardançanın, nar şərabın, nar şirəsinin, nar mürəbbəsinin, həmçinin milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plovun, təndir çörəyinin, yuxanın, kətənin, motal pendirin və müxtəlif şirniyyatların dadına baxıblar. Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib, rayon bədii özfəaliyyət kollektivlərinin, aşıqların, meyxanaçıların, kəndirbazların, musiqi məktəbi şagirdlərinin çıxışları alqışlarla qarşılanıb. Heydər Əliyev prospektində idmançıların, mahnı-rəqs qruplarının çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib. Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib, atəşfəşanlıq olub.

Qeyd edək ki, festival noyabrın 4-dək davam edəcək. Həmin gün Heydər Əliyev parkında nar və nar məhsullarının satış yarmarkaları təşkil olunacaq, nar dənələrindən hazırlanan müxtəlif fiqurlar nümayiş etdiriləcək, eləcə də Göyçay şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar kuboku” uğrunda oyun keçiriləcək.

312
Teqlər:
Nar bayramı, AzNar” QSC, Göyçay Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Nazim Səmədov, Mehdi Səlimzadə
Əlaqədar
Nar dənəsinin möcüzəvi faydalarını mütləq oxuyun
Molekulyar kulinariya: nar jelesi
"Nar Nağılı" sərgisi ziyarətçilərin böyük marağına səbəb olub
20 Yanvar faciəsinin ildönümü, arxiv şəkli

Müşkül məsələ: emosiyalar sənədli filmlərin "vicdanına" qalıb

8
(Yenilənib 17:01 20.01.2021)
Yaradıcı insanlar deyirlər ki, faciə ilə bağlı kifayət qədər əsərlər yazılsa da, bu mövzu həmişə aktual olaraq qalacaqdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. 20 Yanvar mövzusu Azərbaycan ədəbiyyatında və incəsənətində necə əks olunub? Biz də elə bu sualla bir sıra ədəbiyyat və incəsənət adamlarına müraciət etdik.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bəstəkar, professor Firəngiz Əlizadə mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: “Azərbaycan bəstəkarları “Yanvar hadisələri” ilə bağlı irihəcmli əsərlərdən tutmuş mahnıya qədər onlarla əsərlər yaradıblar. Həmin əsərlər dəfələrlə Filarmoniyada, dövlət əhəmiyyətli tədbirlərdə ifa olunub. Bunlardan ən məşhuru Cövdət Hacıyevin "Şəhidlər" simfoniyasıdır. Rauf Abdullayevin dirijorluğu ilə səsləndirilən əsər o qədər möhtəşəmdir ki, insanlar sanki bir anlıq həmin gecəyə qayıdırlar”.

Firəngiz xanım deyir ki, Azər Rzayevin “Bakı 90” əsəri də həmin silsilədəndir. Həmin əsəri də sakit dinləmək qeyri-mümkündür.

“Əsəri dinləyəndə o gecə insanın gözünün önündən lent kimi keçir. Orada düşmənlərimizin şəhərə necə daxil olmasını, insanlarımızı amansızca qətlə yetirməsini aydın hiss edə bilərik. Bundan başqa, Azər Dadaşovun, Tofiq Bakıxanovun, Nəriman Məmmədovun, Məmməd Quliyevin adlarını çəkə bilərəm ki, həmin bəstəkarların həmin dəhşətli gecə ilə bağlı simfonik əsərləri var. Təəssüflə qeyd edim ki, bu əsərlər çox az səsləndirilib", - deyə F.Əlizadə bildirib.

Kinorejissor Tahir Tahiroviçin sözlərinə görə, 20 Yanvar faciəsi Azərbaycan sənədli kinosunda mükəmməl formada əks olunub: ““Azadlığa gedən yollar” filmi Tofiq Məmmədov və Xamis Muradovun rejissorluğu ilə çəkilib. Həmkarlarının sayəsində 20 Yanvar hadisələri kino lentinə köçürülüb. Həmin kino lentlərini toplayıb “Azadlığa gedən yollar” filmi hazırlanıb”.

Bakıda Şəhidlər Xiyabanı, arxiv şəkli
© Sputnik / Мурад Оруджев

Amma bədii filmdə vəziyyət bir o qədər də yaxşı deyil. Rejissorun fikrincə, 20 Yanvar haqqında bədii film müşkül məsələdir.

Bəs bədii ədəbiyyatda 20 Yanvar faciəsi necə əks olunub? Gənc yazar Ayxan Ayvaz deyir ki, 20 Yanvar faciəsi Azərbaycan poeziyasında kifayət qədər işıqlanıb:

“Məsələn, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Məmməd Aslanın "Ağla, qərənfil ağla", Qabilin "Mərsiyə" şeirləri, Sabir Rüstəmxanlının və digər şairlərin həmin faciə ilə bağlı şeirləri, poemaları var. Amma nəsr barədə eyni sözləri deyə bilmərəm".

"Təəssüf ki, nəsr əsərləri çox az saydadır. 20 Yanvar faciəsinin reallığı ilə bağlı yazılan əsərlər, demək olar ki, yoxdur. Amma bu faciə ilə bağlı publisistik əsərlər var, kitablar dərc olunub. Sırf bədii olaraq, Sabir Əhmədlinin "20 Yanvar" hekayələri adlı kitabı dərc olunub. Bundan əlavə, Səfər Alışarlı "Maestro" romanında 90-cı illərdə Azərbaycanın vəziyyətini bədii şəkildə təsvir edib. Ümumi götürdükdə, həqiqəti bütün reallıqları ilə çatdıran əsəri xatırlamıram".

8
Reza Deqati, arxiv şəkli

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim" - FOTO

9
(Yenilənib 17:01 20.01.2021)
"Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli  şahidlik edə bildim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, dünyaca məşhur fotoqraf qanlı gecə haqqında özünün "Facebook" səhifəsində yazıb: "Əfqan sərkərdələri ilə dağlarda döyüşdükdən sonra dünyanın ən böyük ordularından biri təslim oldu. Şərq Blokunun parçalanması başladı - Berlin divarından yıxılacaq ilk beton parçasının simvolizə etdiyi bir proses. 19-cu əsrdən bəri Rusiyanın nəzarətində olan bir ölkədə - Azərbaycanda siyasi ixtişaşlar Kremlə qarşı üsyana çevrildi. Bu cəsarəti cəzalandırmaq üçün rus tankları 19 yanvar 1990-cı ildə gecə Azərbaycanın paytaxtı Bakıya girdi və insanları qətlə yetirdilər".

Məşhur fotoqraf həmin faciə vaxtı Bakıya gəldiyi haqqında da danışıb: "Qırğın yüzlərlə ölü və yaralıya səbəb oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli şahidlik edə bildim".

Deqati qanlı günlərin simvolu olan qərənfil haqqında da danışıb: "Milli çiçək artıq ölkəni təmsil etmək üçün deyil, o lənətə gəlmiş gecə istifadə edildi. Qırmızı qərənfillər indi yalnız cənazə üçün istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini yad etmək üçün məzar daşlarının üzərinə qoyulur. Ağrılı keçmişin əbədi qalıqları, yerdəki çiçəklər insanları öz tarixi ilə barışığa, nəhayət azadlığa qovuşmağa dəvət edir".

Məşhur fotoqraf həmin gecə ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib. R.Deqati izləyicilərini həmin kitabı oxumağa dəvət edib.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. O, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

9
Teqlər:
fotoqraf, tarix, 20 Yanvar