BAKI, 15 sentyabr — Sputnik. Azərbaycanlı iş adamı, milyarder Telman İsmayılovun (AST Telman) oğlu Sərxan İsmayılov avtomobilsiz qalıb. Sputnik Azərbaycan "CNN Türk"-ə istinadən xəbər verir ki, onun avtomobili əlindən alınıb. Belə ki, Sərxan İsmayılovun "Rolls-Royce" markalı avtomobili, borcu olduğu üçün müsadirə edilib.
Xatırladaq ki, Telman İsmayılov 2015-ci ildən etibarən böyük maliyyə itkiləri yaşayır. O, külli miqdarda borcu olduğu üçün müflis elan olunub. Türkiyədə 4 milyard dollara tikdirdiyi "Mardan palace" oteli isə əlindən alınıb.
BAKI, 2 mart — Sputnik. Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında "Mahal" MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.
Binəqədi rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Rəhimov İlqar Vəliyəddin oğlunun "Mahal" MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, "Mahal" MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyələşib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib.
BAKI, 2 mart — Sputnik. Teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq Georgi Tovstonoqovun Azərbaycan dilinə tərcümə edilmiş məqalələrinin toplandığı "Səhnə güzgüsü" kitabı (ADTM) nəşr olunub.
Sputnik Azərbaycan xəbər verir ki, müəllifin "Stanislavski dövrü", "Klassika haqqında düşüncələr", "İdeyanın gerçəkləşdirilməsi", "Yeni fikirlər axtarışında", "İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında" və digər başlıqlı məqalələrinin toplandığı kitabda rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.
Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.