Qəbələ beynəlxalq aeroportunun ərazisində arxeoloji qazıntı işləri

Azərbaycanda 6 min illik axtarış: mühüm faktlar ortaya çıxdı

711
(Yenilənib 11:17 14.07.2017)
Bütün Qafqaz ərazisində hələ belə tapıntı aşkara çıxmamışdı

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya, bu ilin may-iyun aylarında, Qəbələ beynəlxalq aeroportunun ərazisində arxeoloji qazıntı işləri aparıb. Proses xalkolit dövrünə — eradan əvvəl IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində həyata keçirilib.

Ekspedisiyadan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, tədqiqatlar, Leylatəpə arxeoloji mədəniyyətinə aid bu yaşayış yerinin Ön Asiyanın, xüsusilə də Şərqi Anadolunun qədim sivilizasiyaları ilə sıx əlaqələrinin mövcudluğunu, e.ə. IV minilliyin birinci yarısında həmin bölgələrdən Azərbaycan ərazisinə kütləvi miqrasiyanın baş verdiyini sübut edən abidələrdən biri olduğunu göstərib.

Qəbələ beynəlxalq aeroportunun ərazisində arxeoloji qazıntı işləri
© Sputnik / Ilham Ahmadov
Qəbələ beynəlxalq aeroportunun ərazisində arxeoloji qazıntı işləri

Son qazıntılar zamanı Qalayerində ilk dəfə olaraq iri ölçülü yarımqazma və onun içərisində qazılmış ikinci dayaz quyu aşkarlanıb. Yarımqazmadan xalkolit dövrü üçün nadir tapıntılardan olan çıraq qalığı da aşkarlanıb. Yarımqazmanın strukturu və oradan çırağın aşkar edilməsi bu yerin abidənin qədim sakinlərinin ibadətgahı olmasını ehtimal etməyə əsas verir.

"Maraqlı tapıntılardan biri kimi, qədim metallurgiyada istifadə edilən gildən hazırlanmış qəlibin aşkarlanmasını xüsusilə qeyd etmək lazımdır. Metal külçələr üçün nəzərdə tutulmuş bu qəlib bütün Qafqazda bu qəbildən olan ən qədim tapıntıdır və bu regionda xalkolit dövrünə aid ikinci belə bir tapıntı hələlik məlum deyil" – tədqiqat qrupundan bildirilir.

Qeyd olunub ki, bu qəlibin aşkarlanması hələ 6 min il əvvəl Qalayerinin sakinlərinin metallurgiyanı inkişaf etdirdiklərini, külçələri uzaq məsafələrə, çox ehtimal ki, Yaxın Şərqə apararaq metal ticarəti ilə məşğul olduqlarını göstərir: "Qalayeridə qazıntı zamanı küp tipli saxsı qablarda körpə uşaq qəbirləri, dulus kürəsi, minlərlə saxsı qab fraqmentləri, müxtəlif növ daşlardan və sümükdən hazırlanmış alətlər və s. tapılıb. Bütün bunlar xalkolit dövrü əhalisinin həyat tərzi, təsərrüfat fəaliyyəti barədə məlumat verir. Ümumiyyətlə, bu abidə Azərbaycanda erkən idarəçilik ənənələrinin, dövlətin rüşeymlərinin bir sıra xüsusiyyətlərini özündə əks etdirir".

711
Teqlər:
xalkolit dövrü, Qalayeri yaşayış məskəni, ekspedisiya, Nəcəf Müseyibli, Arxeologiya və Etnoqrafiya İnstitutu, arxeoloji qazıntı, AMEA, Qəbələ, Azərbaycan Milli Elmlər Akademiyası, tapıntı
Əlaqədar
Azərbaycanda nəhəng qəbir aşkarlanıb: sinə daşını 5-6 nəfər yerindən tərpədə bilmir
Azərbaycanda arxeoloqlar növbəti “ilk”ə imza atdı
Azərbaycanda qədim nekropol aşkarlanıb
"Hökmdar məzarlığı”nın bərpaya ehtiyacı var…
Arxeoloqların Qobustanda sensasiyalı tapıntısı