BAKI, 11 iyul — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı digər təqsirləndirilən şəxslər Mansur Zeynalovun 8 il, Rauf Əliyevin 4 il, Fərhad Əmiraslanov 7 il, Ruslan Əsgərov 4 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.
Proses iyulun 13-də davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.
BAKI, 26 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. Qeyd edək ki, yanvarın 25-də bir sutkada yoluxanların sayı 57 idi.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 229 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib, aktiv xəstə sayı 5 142 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 807, ötən müddət ərzində isə ümumilikdə 2 372 616 test aparılıb.
BAKI, 26 yanvar — Sputnik. "İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook"da yazıb.
O qeyd edib ki, Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır, müəllimlərin vaksinasiyasında heç bir məcburetmə halı olmayacaq.
Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 yanvar — Sputnik. "Biz Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Biz yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın Baş nazirinin görüşündə əldə olunan razılaşmalar barədə (qonağı) məlumatlandırdıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Bu görüşdə region ölkələrinin də iştirakı ilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və digər əlaqələrin bərpası üçün əməkdaşlığa dair qərar qəbul edilib. Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək", - deyə Lavrov qeyd edib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.