Natəvan İbrahimova

Bütün dünyada ABŞ-ı təmsil edən azərbaycanlı qız

737
(Yenilənib 21:15 26.06.2017)
Azərbaycanlı gimnastika və sirk ustası, eyni zamanda rəssam qız ABŞ-da yaşayır və bütün dünyada müxtəlif proqramlarla çıxış edir

BAKI, 25 iyun – Sputnik. Dünyanın hər yerində azərbaycanlılar yaşayır və onların hər biri peşəsindən asılı olmayaraq, öz ölkəsinin adını ucaltmaq üçün nə isə etməyə çalışır. Öz vətənini Amerikada ləyaqətlə təmsil edən istedadlı gimnastika və sirk ustası, həmçinin rəssam Natəvan İbrahimovadır.

Sputnik Azərbaycan-a müsahibəsində o, ABŞ-dakı həyatından, uğurlarından və bir çox digər məsələlərdən danışıb.

- Natəvan, necə oldu ki, siz yaşamaq üçün Amerikaya getməli olduz?

— Hər şey tamamilə təsadüfən və planlaşdırılmadan oldu. Mənim valideynlərim bir az şanslı idi. Onlar da green-card (yaşıl kart) udan bəxtəvərlərdən oldular. Mən onda hələ uşaq idim. Biz qərara aldıq ki, bütün ailəliklə yaşamaq üçün Amerikaya gedək. Bu şans bizə bir dəfə verilir. 1997-ci ildən biz Nyu-Yorkda yaşayırıq.

- Axırıncı dəfə vətəndə nə vaxt olmusuz?

— Lap çoxdan. Mən axırıncı dəfə Bakıda anamla birlikdə 2012-ci ildə olmuşam. Onda Bakıda mənim 5 rəsmim “Zamanın simaları” Beynəlxalq byennalda nümayiş etdirilirdi. Onda mən demək olar ki, yeni Bakını ilk dəfə gördüm. Çünki uşaqlığımın Bakısı tamam başqa idi. O, tamamilə dəyişmişdi, daha yaxşı və gözəl olmuşdu. Yəqin, indi gəlsəm, heç tanımaram. Bilmirəm, mən bir də nə vaxt Bakıya uçacağam. Çünki ümumiyyətlə boş vaxtım yoxdur. Çox istəyərdim ki, öz sirk şoumla Bakıda çıxış edim.

- Baxmayaraq ki, uzun illərdir Amerikada yaşayırsız, sizin ailə hər hansı Azərbaycan ənənələrini yaşadır?

— Əlbəttə. Harada yaşamağımızdan asılı olmayaraq, öz köklərimizi, ənənələrimizi unutmuruq. Bu, artıq bizim genimizdədir. Mənim valideynlərim evdə yalnız Azərbaycan yeməkləri hazırlayırlar. Çünki onlar bizim üçün dünyanın ən dadlı yeməkləridir. Mənim atam tez-tez kabab bişirir və amerikalılar onun dadından doymurlar. Onlar hər dəfə deyirlər ki, dünyanın heç yerində belə dadlı yemək yeməyiblər. Əlbəttə ki, hər il Azərbaycanın sevimli bayramı olan Novruzu qeyd edirik. Bütün azərbaycanlılar kimi müxtəlif şirniyyatlar, yeməklər hazırlayırıq.

- Niyə öz seçiminizdə məhz çətin peşələrin üzərində dayanmısız?

— Gimnastika ilə erkən yaşlarda, hələ valideynlərimlə Bakıda yaşadığım vaxt məşğul olmağa başlamışam. Hətta Azərbaycanda şəhər turnirində bədii gimnastika üzrə birinci yerə çıxmışdım. Sonra isə biz Amerikaya köçdük. Amerikada da gimnastika ilə məşğul olmağı davam etdirdim. Amerika vətəndaşı olmadığım üçün mənə beynəlxalq yarışlarda iştirak etməyə icazə vermədilər. ABŞ vətəndaşlığını almaq üçün orada beş il yaşamaq lazımdır. Biz vətəndaşlıq alanda artıq mənim 15 yaşım var idi. Bu yaş onlarda gec sayılır. Sirk isə mənim karyeramda növbəti ideal addım oldu. Mən tədricən başa düşdüm ki, bu mənə rahatlıq verir və sirk ustası olmaq üçün doğulmuşam. Baxmayaraq ki, uzun müddət gimnastika ilə məşğul olmuşam, mənə bir peşəni digəri ilə əvəz etmək çətin olmadı. Bir çox sirk bacarıqlarını mən özüm Youtube-dəki müxtəlif çarxlara baxaraq öyrəndim.

- Siz hazırda harada işləyirsiz?

— Mən Amerikanın bütün ştatlarında bazaları olan müxtəlif əyləncə şirkətlərində işləyirəm. Hazırda mən bütün yay mövsümü üçün müqavilə bağlamışam və San-Dieqodan olan həmkarlarımla birlikdə  “Illuminight” şousunda çıxış edirəm. Bundan sonra prestijli işə qayıdacam və müxtəlif ölkələrdə  “Pedalpunk” adlı qastrol şousunda iştirak edəcəm.

- İrəliyə getməyə nail ola bilirsiz?

— Amerikada rəqabət həm var, həm də yoxdur. Burada çox istedadlı uşaqlar var. Bu, sizi digərlərindən daha ürəklə çalışmağa vadar edir. Amerika sizə imkanlar verir və siz bundan düzgün istifadə etməlisiz. Sevdiyiniz işlə məşğul olursuz və bütün həyatınızı təmin edirsiz. Bu çətindir, lakin eyni zamanda xoşdur.

- Bütün bunlarla yanaşı siz həm də rəssamsız. Bir-birindən tamamilə fərqli olan iki peşəni necə uzlaşdıra bilirsiz?

— Mən deyərdim ki, bu peşələr arasında ideal bir nikah var. Sirk mənim daimi ilham mənbəyimdir. İncəsənətsiz sirk yoxdur və əksinə.  Biz bütün dünyanı gəzirik, müxtəlif tədbirlərdə çıxış edirik, tamaşalar göstəririk. Bütün bunlar mənə qeyri-adi şəkillər çəkməyə ilham verir. Onların bəzilərini satıram. Mənim Amerikada kiçik internet-mağazam var. Mənim işlərimi dünyanın hər yerindəki insanlar alırlar. Əsasən peşələrimlə bağlı olan obrazları çəkirəm. Hərdən Salvador Dalinin stilinə bənzər konseptual işlər ortaya çıxır.

- Gələcəyə dair hansı planlarınız var?

— Mənim uzun bir planlar siyahım var. Bunlar əsasən yeni planlardır ki, mən onları inkişaf etdirməyə və onlara həyat verməyə ümid edirəm. Biz incəsənət adamlarıyıq və daim axtarışdayıq.

737

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17
Аллея Шехидов в Баку

20 Yanvar faciəsindən 31 il ötür

9
(Yenilənib 00:10 20.01.2021)
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.

BAKI, 20 yanvar - Sputnik. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

9