Hikmət Hacıyev

"Azərbaycanda müsəlman kimliyi ilə dünyəvilik arasında heç bir ziddiyyət yoxdur"

37
(Yenilənib 14:32 17.05.2017)
Hikmət Hacıyev: "Dünyəvi təfəkkürlü müsəlman kimi İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirak edərək ölkəm Azərbaycanla bir daha fəxr duydum"

BAKI, 17 may — Sputnik. Soros Fondu tərəfindən maliyyələşdirilən "eurasianet.org" portalında 15 may tarixində, Joşua Kuçeranın müəllifi olduğu "İslam Oyunlarının açılışı oldu, Azərbaycan müsəlman kimliyi ilə mübarizədə" adlı məqalə dərc edilib. Məqalədə Azərbaycanda mövcud olan dini vəziyyət, ölkəmizin dünyəvilik ənənələri və İslam Oyunları ilə əlaqədar məsələlər təhrif olunub və müəllif guya ölkəmizdə məscidlərin dağıdıldığını iddia edib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 17 may tarixində eurasianet.org – da cavab məqaləsi ilə çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, cavab məqaləsində XİN rəsmisi Joşua Küçeranın məqaləsində ölkəmizdə dini vəziyyətin düzgün əks olunmadığını bildirib və müəllifin yanlış olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkəmizdəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə zidd kontekstdə təqdim etdiyini qeyd edib.

H.Hacıyev bildirib ki, əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində və şərəflə yanaşı yaşayıblar və bu Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti və xalqımızın həyat tərzidir. Müəllifin Azərbaycanda məscidlərin dağıdılması ilə əlaqədar iddiasına cavab olaraq H.Hacıyev Sovet İttifaqı zamanı ölkəmizdə 17 məscid olduğu halda, 2017-ci ilin əvvəlində ölkədə olan məscidlərin sayının 2166 çatdığını, Cənubi Qafqazın ən böyük Sinaqoqunun Azərbaycanda tikildiyini deyib. Roma Papası Fransisin Azərbaycana səfəri zamanı ölkəmizi dinlər və sivilizasiyalar arasında körpü adlandırdığını qeyd edib.

Müəllifin əsassız iddiasına cavab olaraq, H.Hacıyev Azərbaycanda müsəlman kimliyi və dünyəvilik arasında heç bir ziddiyyətin olmadığını yazaraq, dünyəviliyin Azərbaycanda yalnız konstitusional norma deyil, həyat tərzi olduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, Azərbaycanda dünyəvilik dini dəyərlərə dərin hörmətlə müşayiət olunur və Azərbaycanda dünyəviliyi başa düşmək üçün XİX əsrin sonu — XX əsrin əvvəli Azərbaycan mütəfəkkirləri və yazıçılarının əsərlərini oxumaq lazımdır.

Radikalizm və ekstremizin bütün dünya, o cümlədən İslam ölkələri üçün ciddi narahatlıq doğuran məsələ olduğunu yazan H.Hacıyev, bu kimi ideologiyaların Azərbaycandan da uzaq olmadığını qeyd edib. O, bu qəbildən olan ideologiyaların diqqətdən kənar saxlandığı halda terrorizm üçün münbit şərait yaratdığını yazaraq müəllifin yanlış şəkildə Azərbaycanın radikalizm və terrorizmə qarşı mübarizəsini dini azadlıqların pozulması kimi təqdim etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda tam şəkildə bütün dini azadlıqlar təmin olunub.

XİN rəsmisi Azərbaycanın uğurlu milli təcrübəsindən çıxış edərək İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməklə radikal ideologiyaların kənarlaşdırılması, məzhəb ayrı-seçkiliyinə son qoyulması və İslam ölkələri gəncləri arasında idmanın kütləviləşdirilməsinə töhfə verdiyini yazıb. Bunun həmçinin artmaqda olan İslamafobiya meyllərinə qarşı effektiv vasitə olduğunu bildirərək İslam Oyunlarının təntənəli açılış mərasiminin İslamın sülh, anlaşma, mədəniyyət, elm, bilik dini olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Çox qısa zaman kəsiyində Azərbaycanın Avropa Oyunları və onun ardınca İslam Oyunlarına ev sahibliyi etməsinin rəmzi məna da daşıdığını yazan XİN rəsmisi bunun Azərbaycanın sivilizasiyalar və dinlərin dialoq mərkəzinə çevrilməsinin daha bir nümunəsi olduğunu vurğulayıb. H.Hacıyev cavab məqaləsini bu sözlərlə bitirib: "Dünyəvi təfəkkürlü müsəlman kimi İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirak edərək ölkəm Azərbaycanla bir daha fəxr duydum".

37
Teqlər:
dünyəvilik, müəllif, Joşua Kuçera, eurasianet.org, Soros Fondu, İslam Oyunları, məqalə, portal, müsəlman, Hikmət Hacıyev, XİN, Azərbaycan
Əlaqədar
Cəbiş müəllim IV İslam Oyunları barədə danışır
IV İslam Həmrəyliyi Oyunlarının açılışından möhtəşəm şounun görüntüləri
Bu komanda İslam Oyunlarında adını tarixə yazmaq istəyir
İslam Oyunları 2017-nin yeni tərəfdaşı məlum oldu
Ehtiyatda olan hərbiçilərin cəbhəyə yolanması, arxiv şəkli

İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzalayıb

7
(Yenilənib 18:37 02.03.2021)
Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalanıb.

BAKI, 2 mart - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

7
Teqlər:
Prezident İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev
Şəhidin dəfni

Müharibədə şəhid olmuş itkin düşmüş hərbi qulluqçuların son siyahısı açıqlandı

8
(Yenilənib 18:37 02.03.2021)
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilənlər və itkin düşmüş hesab olunanlar haqqında məlumatı dərc edib.

BAKI, 2 mart - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bu keçiddən tanış ola bilərsiz. 

 

 

8