BAKI, 7 may — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
DİM-dən APA-ya verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində — Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu gün "Space" telekanalında canlı yayımlanacaq "Abituriyent" verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə DİM-in internet saytında və "Facebook" səhifəsində yerləşdiriləcək.
Mayın 8-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.
BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.
Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti video-çarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub.#QarabağAzərbaycandır #KarabakhisAzerbaijan pic.twitter.com/cWBOQaLK6P
— Fuad Naghiyev (@fuad_naghiyev) January 18, 2021
Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.
BAKI, 18 yanvar - Sputnik. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
BAKI, 18 yanvar — Sputnik. Klassik hind musiqisinin görkəmli nümayəndəsi Qulam Mustafa Xan vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı Qulam Mustafa Xan ötən gün Mumbayda dünyasını dəyişib.
Qulam Mustafa Xan sənətkarlar ailəsində dünyaya gəlib. Onun ailə üzvləri musiqiçilərdən ibarət olub. Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.
Qulam Mustafa Xanı Hind kinosunun kadrarxası səsi adlandırıblar. Belə ki, sevərək tamaşa etdiyimiz hind filmlərinin əksəriyyətində onun məlahətli səsi eşidilir.
Qeyd edək ki, 2019-cu ildə insult keçirən sənətkarın bədəninin bir hissəsi iflic olub. Mərhum Qulam Mustafa Xanın martın 3-də 90 yaşı tamam olacaqdı.