Polad Bülbüloğlu, arxiv şəkli

Polad Bülbüloğlu Sputnik-ə mühüm mətləblər açıqladı

469
(Yenilənib 18:41 26.04.2017)
Azərbaycanın Rusiyadakı səfiri YUNESKO-nun baş direktoru olacağı təqdirdə görəcəyi işlərdən danışıb

BAKI, 26 aprel — Sputnik. 2017-ci ilin oktyabrında YUNESKO yeni Baş direktorunu seçəcək. Bu posta Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, məşhur müğənni və bəstəkar Polad Bülbüloğlunun namizədliyi irəli sürülüb. O, Sputnik Fransa-ya müsahibəsində öz proqramından danışıb.

— Sizi Rusiyada və bütün sabiq Sovetlər Birliyində məşhur müğənni və Azərbaycanın Moskvadakı səfiri kimi tanıyırlar. Siz 2006-cı ildən səfirsiniz. Rus olmayan oxucularınıza deyə bilərsinizmi ki, siz indi niyə Parisdəsiniz?

— Parisdə olmaq həmişə xoşdur, çünki Paris elə Parisdir. İndi isə mən çox konkret məsələ ilə bağlı buradayam. Yəqin dinləyicilərimiz də bilirlər ki, bu il YUNESKO-nun Baş direktorunun seçkiləri keçiriləcək. Bu, çox ciddi hadisədir və bütün dünyanı həyəcanlandıran məsələdir. Çünki YUNESKO-nun üzvü olan bütün dövlətlər üçün bu qurumun Baş direktorunun kim olması önəmlidir. Bu, humanitar planda fəaliyyət göstərən ən böyük beynəlxalq təşkilatdır. Ölkələrin və bəşəriyyətin inkişafı üçün mümkün olan hər şeyi edir.

Mən dinləyicilərə xatırlatmaq istəyirəm ki, YUNESKO milyonlarla insanın həyatını itirməsinə səbəb olan qanlı İkinci Dünya Müharibəsindən sonra BMT-yə üzv dövlətlər tərəfindən yaradılıb. İnsanlar o qərara gəliblər ki, beynəlxalq həyatı tənzimləmək üçün böyük bir təşkilat yaratmaq lazımdır. Onda BMT, Baş Assambleya, Təhlükəsizlik Şurası yaradıldı və hesab edildi ki, eyni işləri humanitar sahədə görəcək qurumun da yaradılmasına ehtiyac var. Beləcə YUNESKO meydana gəldi. Və mövcud olduğu dövr ərzində bütün dünyada böyük işlər gördü. Dünyanın 200 ölkəsi YUNESKO-nun üzvüdür. Gördüyü işlərin həcminə, əhatə dairəsinə görə dünyanın ikinci ən böyük təşkilatıdır.

Siz məni müğənni kimi təqdim etdiniz. Amma mən təkcə müğənni deyiləm. Həm də bəstəkaram, bəstəkarlıq təhsilim var, öz mahnılarımı oxuyuram. Mən uşaqlıqdan oxuyuram, mənim atam da müğənni olub. Mən musiqi mühitində doğulub böyümüşəm. Klassik musiqi təhsilim var. Qara Qarayev kimi dahi şəxsiyyət mənim müəllimim olub. Mən öz mahnılarımı oxuyaraq məşhur olmuşam. Sonra hər şey birdən-birə dəyişdi.

Mən dolça bürcündənəm. Mənim bürcümdə də fəaliyyətimi, peşəmi dəyişmək yazılıb. Və elə alınıb ki, 1987-ci ildə mənə Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik etməyi təklif etdilər. Burada Azərbaycanın əsas musiqi ictimaiyyəti toplaşmışdı: simfonik orkestri, xor kapellası, kamera orkestri, rəqs ansamblı və digərləri. Filarmoniya çox vacib təşkilatdır. Orada uğurla çalışandan sonra mən Azərbaycanın mədəniyyət naziri təyin olundum. Mənim vəzifəyə gəldiyim dövr SSRİ-nin dağılmaqda olduğu ən ağır dövr idi. Çünki biz eyni ölkədə yaşamışdıq, o ölkədə ki, mədəniyyət az da olsa, dövlət büdcəsindən maliyyələşirdi. Mədəniyyət Nazirliyi kitabxanalar, klublar, muzeylər, musiqi məktəbləri, sərgi salonları, nəhəng özfəaliyyət dərnəkləri olan mədəniyyət evləri və sairi birləşdirən nəhəng qurum idi. Bir sıra respublikalarda hətta kino da MN-in nəzdində idi. Bir sözlə, öz problemləri ilə birlikdə nəhəng olan bir nazirlik idi. 1991-ci ilin sonlarında nazirlik ümumiyyətlə maliyyələşmədən kənarda qaldı. Biz büdcə təşkilatı olaraq bir neçə il büdcədən vəsait almadan özümüzü saxlamalı olduq. Mən niyə bunları deyirəm? Çünki bu illər mənim üçün müasir terminlə desək, bir böhran meneceri kimi yaxşı təcrübə oldu. Sadəcə yaşamaq lazım idi. Bu ağır illərdə, baxmayaraq ki, Dağlıq Qarabağ problemi də mövcud problemlərə əlavə olunmuşdu, biz heç bir kitabxananı, muzeyi, teatrı və s. bağlamadıq. Biz onları yaşatdıq. Biz o vaxta qədər dözdük ki, artıq böyük neft gəlirləri axmağa, pul gəlməyə başladı və mədəniyyətə daha çox vəsaitlər ayıra bildik. Yəni mənim bu çətin böhran şəraitində, ağır şərtlər altında işləmək təcrübəm var.

 Və siz YUNESKO-nun Baş direktoru postuna namizədliyinizi irəli sürmüsünüz…

— Bəli, mənim ölkəm mənim bu vəzifəyə namizədliyimi irəli sürüb.

 Sizin proqramınız nədən ibarətdir?

— Bu proqram dərc olunub, YUNESKO-nun saytında yer alıb. İndi dinləyiciləri rəqəmlərlə və s. yükləmək istəmirəm. Ümumilikdə demək istəyirəm ki, hazırda YUNESKO-nun bütün dünyada müəyyən çətinlikləri var. Böhran sözünü işlətmək istəməzdim, amma çətinliklər var. Bütün dünyada boşluq var, maliyyələşmə ixtisar olunur, hərbi münaqişələr mövcuddur, böyük dövlətlərin maraqlarının toqquşması baş verir. Əlbəttə, bütün bunlar YUNESKO-nun fəaliyyətinə təsir edir. Belə bir dövrdə təbii ki, böyük proqramlar nəzərdə tutulub. Məsələn 2023-cü il proqramı var, yoxsulluqla mübarizə proqramı var, ekologiya, təhsil və digər çox sayda proqramlar var. Hazırda bu proqramları yerinə yetirmək üçün praktiki olaraq pul çatışmır. Bir çox ölkələr öz xərclərini azaldır, bir sıra ölkələr obyektiv səbəblərdən bu haqları ödəyə bilmir. Hazırda proqramlarla onların həyata keçirilməsi üçün lazım olan maliyyə və mövcud pullar arasında ciddi uçurum var. Belə bir yaxşı rus deyimi var ki, "ayağını yorğanına görə uzat". Həm də yaxşı bir Qafqaz sağlığı var: "İçək o sağlığa ki, bizim arzularımız imkanlarımızla üst-üstə düşsün". Düşünürəm ki, YUNESKO-da da hər şey bu deyimlərdə olduğu kimi olmalıdır. Əlbəttə, orada çox ciddi işlər görmək lazımdır. Bu proqramlar arasında elələrini prioritet olaraq götürmək lazımdır ki, onlar daha çox zəruridir, daha mühümdür, insanlar üçün daha önəmlidir. Afrika ölkələri ilə bağlı xüsusi proqramlar var, gender bərabərliyi ilə bağlı proqramlar var. Bir sözlə, prioritetləri çox qəti şəkildə müəyyən etmək lazımdır ki, bugünkü YUNESKO-nun maliyyəsi onları həyata keçirməyə imkan versin. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi tələb olunan vəsaitləri necə gətirməkdir: qeyri-büdcə vəsaitlərini necə cəlb etmək, ölkələrlə necə danışmaq ki, büdcəni artırsınlar və s. Odur ki, iş o qədər də sadə deyil. İş çox çətindir, çox ciddidir. Amma hiss edəndə ki, bu,  çox məsuliyyətli və insanlar üçün vacib olan işlərdir, bizi irəliyə doğru hərəkət etməyə itələyir.

— Siz düşünürsünüz ki, YUNESKO çox siyasiləşmiş qurumdur. Bu qurumun siyasiləşməməsi üçün qarşıda hansı məsələlər dayanır?

— Bilirsiniz ki, bir çox yerinə yetirilməmiş qətnamələrlə bağlı problemlər var. Bir sıra ölkələr onların əleyhinə çıxırlar, yerinə yetirə bilmirlər, hər bir ölkə qətiyyətlə bunlara qarşı çıxır və s. Mənə elə gəlir ki, siyasi problemlərdən ümumiyyətlə çıxmaq lazımdır. Çünki bunun üçün BMT, Təhlükəsizlik Şurası var və məhz onlar, siyasi məsələləri, münaqişələri, ərazi bütövlüyünü və s. həll etməlidir. YUNESKO hələ də humanitar təşkilatdır. Mənim təcrübəm var. Mən 14 il dil məsələləri ilə məşğul olan beynəlxalq təşkilat — TÜRKSOY-a rəhbərlik eləmişəm. Biz həmişə siyasi mövzulardan qaçmağa çalışmışıq. Baxmayaraq ki, orada bu var idi. Mən bu gün MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədriyəm. Bilirsiniz ki, MDB ölkələrində də, öz növbəsində Azərbaycanla Ermənistan arasında problemlər var. Buna baxmayaraq, biz Fondun idarəetməsi zamanı siyasiləşmədən qaçırıq, hətta elə olur ki, iki ölkə arasındakı münaqişəyə görə, biz Fondun tədbirlərini üçüncü ölkədə qeyd etməli oluruq. Yəni bu siyasiləşmədən çıxırıq və təmiz humanitar məsələlərlə məşğul oluruq.

 Suriyada mədəni irsin qorunması və sülhün bərqərar olmasında YUNESKO-nun rolu necə olmalıdır?

— Böyük, çox böyük. YUNESKO-nun orada fəaliyyət göstərməsi üçün əvvəlcə hərbi əməliyyatların dayanmasına ehtiyac var. Hərbi əməliyyatlar başa çatandan sonra bu əməliyyatları doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Bu gün, bu, elə də sadə məsələ deyil. Özü də təkcə Suriya deyil, bütün Yaxın Şərqdə. Haşiyə çıxım ki, mən mədəniyyət naziri kimi bir neçə il İraqda keçirilən Babil Festivalında iştirak etmişəm. Son hadisələri televiziyadan izləyərkən, ürək ağrısı ilə baxdım ki, bəşəriyyətin qədim abidələri olan bu yerləri necə bombalayıblar. Mən nazir olanda da fikirləşirdim, indi — YUNESKO rəhbərliyinə namizəd olaraq da fikirləşirəm ki, Babili qorumaq lazımdır. Eyni zamanda Əfqanıstanda da qədim qiymətli tarixi abidələr var. Bu gün Suriyada bəşəriyyətin daha unikal abidələri var, onları da mütləq qorumaq lazımdır. Milli kimliyindən asılı olmayaraq, dünyadakı bütün tarixi, qədim abidələr bəşəriyyətə məxsusdur və onlar qorunmalıdır. Fərqi yoxdur, o, çox qiymətlidir, ya az, çox əhəmiyyətlidir, ya az, o, ümumilikdə tarixi abidədir, bu və ya digər ölkənin, xalqın mədəniyyət abidəsidir, insanlıq onu qorumağa borcludur.

 Sizin namizədliyinizi hansı ölkələr dəstəkləyir?

— Bunu indidən demək çətindir. Səsvermə oktyabrda olacaq. İndi disputlar, çıxışlar, suallar olacaq. YUNESKO-da saat yarımlıq görüş olacaq, orada namizədlərə müxtəlif suallar veriləcək və onlar bu suallara cavab verməlidirlər. Sonra məsləhətləşmələr üçün vaxt veriləcək. Hər bir namizəd, hər bir missiya ölkələrlə məsləhətləşəcək. Siyasi Şuranın 58 üzvü var. Oktyabrda onlar yenidən toplaşacaqlar, namizədləri irəli sürəcəklər, gizli səsvermə olacaq və bu namizəd baş konfransa gedəcək. Baş konfransda 4 illiyə YUNESKO-nun baş direktoru seçilir.

469
Teqlər:
Sputnik Fransa, fövqəladə və səlahiyyətli səfir, Baş direktor, YUNESKO, dünya, bəstəkar, müğənni, Polad Bülbüloğlu, proqram, Paris, BMT, insan, Rusiya, Azərbaycan
Əlaqədar
Videokörpü: Minskdə Polad Bülbüloğlunun baletinin təqdimatı keçiriləcək
Polad Bülbüloğlu: Təəccüblənməyin, Yeni ildən xoşum gəlmir
Polad Bülbüloğlu Moskvadakı Türkiyə səfirliyində olub
Polad Bülbüloğlu: Sterliqov cinayət məsuliyyətinə cəlb olunmalıdır
İş adamı, arxiv şəkli

Sahibkarlara koronavirusla bağlı xəbərdarlıq

2
(Yenilənib 21:38 26.01.2021)
Sahibkarlara koronavirusa görə xəbərdarlıq edən agentlik sıravi vətəndaşları da sayıq olmağa səsləyib. Onlar 1003 çağrı mərkəzinə şikayət edə bilrlər

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı sahibkarlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

İctimai iaşə müəssisələrində virusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır.

Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. İctimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması əsas şərtlərdəndir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onlar dəyişəkli, təmiz iş geyimi, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin kafe və restoranlarda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

2
Teqlər:
AQTA, xəbərdarlıq, Koronavirus, epidemiya, COVID-19, sahibkar
Kişi kabab bişirir, arxiv şəkli

İki manatından keç, piknikini elə

10
(Yenilənib 20:44 26.01.2021)
Piknik etmək üçün yer axtarmaq indən belə çətin olmamalıdır. Nazirlik rəsmisinin sözlərinə görə, milli parklarda piknikə icazə var

BAKI, 26 yanvar — Sputnik. "Milli parklarda piknik etmək olar, bunun üçün parklarda turist marşrutları üzrə piknik nöqtələri də yaradılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, piknik nöqtələrinin sayı milli parklarda keçən ilə nisbətən daha da artırılıb: "Nazirlər Kabineti tərəfindən milli parklara giriş qiyməti 2 manat müəyyən edilib. Bu vəsait hər bir mili parkın xüsusi fondunda toplanır və parkın imkanlarının yaxşılaşdırılmasına sərf edilir".

10
Teqlər:
icazə, milli park, piknik