İkinci Dünya Müharibəsi iştirakçısı Nazim Ramazanov

"Yadıma gəlmir ki, hansısa əsgər kiminləsə sevgi yaşasın"

1022
Müharibəyə getmək üçün hərbi komissarlığı aldadan azərbaycanlı: "Hələ də qəlpə qalıb ayağımda. Aradan 70 il keçib, ayağım indi başlayıb ağrımağa"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. İkinci Dünya Müharibəsi bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.

Azərbaycan xalqı da həm ön, həm də arxa cəbhədə faşist Almaniyasına qarşı mübarizədə böyük qəhrəmanlıq göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı bu müharibədə iştirak edib.

Müharibəyə getmək üçün…

İkinci Dünya Müharibəsindən 70 ildən çox vaxt keçsə də, iştirakçılarından bu gün də aramızda olanlar var. Onlardan biri də Nazim Ramazanovdur. Onunla öz evində görüşdük. Zəngin kitabxanasında Sovet dövrünə aid 2000-dən çox kitab olan müsahibim, otağına dünyasını dəyişmiş valideynlərinin, həyat yoldaşının və oğlunun şəkillərini asmışdı. Otağa daxil olanda, sanki 50-60 il əvvələ qayıdırdın.

Nazim Ramazanov
© Sputnik / Irade JELIL
Nazim Ramazanov gənclik illərində

Nazim Ramazanov 1923-cü il iyun ayının 1-də Bakıda dünyaya gəlib. "1931-ci ildə indiki "İçərişəhər" metrosu ilə üzbəüz orta məktəb açıldı. 7-ci sinifədək orada Azərbaycan sektorunda oxumuşam. 7-ci sinifdən sonra qardaşım məni o məktəbdən çıxardı. Yay tətili olduğu üçün mənə rus dili müəllimi tutdu. Mən bütün tətili rus dilini öyrəndim. Sonra qardaşım məni axşam məktəbinə yazdırdı. Bu dəfə rus bölməsində oxuyacaqdım. Mən yenidən 7-ci sinifi rus bölməsində oxudum. Sonralar müharibə başladı və mən də müharibəyə getdim" – deyir müsahibim.

N. Ramazanov müharibəyə könüllü şəkildə gedib: "Hərbi komissarlığa müraciət etdim. Mənə çağırış vərəqi gəlmədiyi üçün dedilər ki, "get, gözlə". Amma mən gözləyə bilməzdim. Bütün yaşıdlarım müharibədə idi. Komissarlıqda bir erməni qadın var idi. Dedi sabah gəl, mən səni göndərəcəyəm. O qadın məni "Ağayev" soyadlı birinin yerinə göndərdi. Başa saldı ki, birinci çağırışda "Ağayev" deyildiyi zaman mən cavab verim, sərhədi keçdikdən sonra isə səsimi çıxarmayım. Mən də onun dediyi kimi etdim".

Nazim Ramazanov və anası
© Sputnik / Irade JELIL
Nazim Ramazanov və anası

"Hərbi xidmətə gedənlər arasında mənim adım və sənədlərim yox idi. Məhəmmədqala şəhərində (Dərbənd – red.) bizi yenidən saydılar. Bu dəfə "Ağayev" deyə çağıranda səs vermədim. Əsgərləri sayırdılar, say düz idi. Amma Ağayev yox idi. Sonra kapitan bir-bir adları çağırdı, hamı getdi, mən isə yerimdə dayandım. Dedi "Ağayev, sən niyə gəlmirsən?", dedim "mən Ağayev deyiləm". Kapitan mənim ad-soyadımı qeyd etdi, Ramazanov kimi düşdüm ordu sıralarına" – danışır Nazim baba.

"Hələ də qəlpə ayağımdadır"

N. Ramazanov döyüş yolunu belə anladır: "Bizi Dağıstanın Buynaksk şəhərinə gətirdilər, hərbi geyim verdilər. Almanlar Terek çayına gəlib çıxmışdılar. Nəsə əmr gəldi. Rus dilini bildiyim üçün zabitlərdən biri məni özünə köməkçi götürdü. Elə bilirdilər ki, mən iranlıyam. Azərbaycanlı olduğumu dedim. Həmin vaxt rus zabitləri Azərbaycanı yaxşı tanımırdılar".

"Hər gün səhər 4-5 arası biz yerdəyişmə edirdik. Artıq geri çəkilmə yox idi. Sonra Krasnodar, Anapa, Novorossiysk döyüşlərində qələbə çalaraq irəlilədik. Döyüşlərdə bir neçə dəfə yaralandım. Amma ordu sıralarından çıxmırdım. Bir dəfə Krasnodarda yaralandım, sonra ayağımdan və qolumdan təkrar yaralandım. Mənə həkimlər deyirdilər ki, "sən köynəkdə doğulmusan". 3 dəfə yaralandım, amma 4-cü dəfə yaralananda məni ordu sıralarından çıxardılar" – Ramazanov qeyd edir.

O, Nalçikdə hospitalda uzun müddət müalicə alır və ona deyirlər ki, artıq ordu sıralarına uyğun deyil: "Nalçikdən məni Bakıya hospitala yazdılar. Hələ də qəlpə qalıb ayağımda. Həkimlər deyirlər ki, "çıxarsaq, ayağın düz qalar, qatlanmaz". Aradan 70 il keçib, ayağım indi başlayıb ağrımağa".

"Cəbhədə sevgi olmur"

Həmsöhbətimizin dediyinə görə, hərbi xidmətdə olanda hər gün yatmamışdan əvvəl rus mahnıları oxuyardılar: "Hər axşam "Katyuşa" mahnısı oxunulmasa, yatmağa icazə verilmirdi. Bir dəfə bizə döyüşdən öncə araq verdilər ki, içək. Amma mən atama söz vermişdim ki, siqaret və içkidən uzaq olacağam, içmədim".

Nazim Ramazanov
© Sputnik / Irade JELIL
Nazim Ramazanov: Xruşşov mənə medal verəndə üstündə 200 qram da buğda vermişdi

Veteran müharibə illərindən danışanda maraqlı bir məqama da toxunur. Deyir ki, "cəbhədə sevgi olmur". Hamı öz canını düşündüyü üçün sevgi yada da düşmür: "Yadıma gəlir, 10-15 nəfərlik qruplarda gedib kəndlərdə qalırdıq. "Starşina" idim, o zamanlar bizə "mat soldata" (əsgərlərin anası), komandirlərə isə "otets soldata" (əsgərlərin atası) deyirdilər. Əsgərlərə nəzarət məndə idi. Amma yadıma gəlmir ki, hansısa əsgər kiminləsə görüşsün, sevgi yaşasın. Mənim qarşıma belə bir hadisə çıxmadı".

Nazim Ramazanov prezident İlham Əliyevlə
© Photo : N.Ramazanovun arxivi
Nazim Ramazanov prezident İlham Əliyevlə

Nazim Ramazanovun onlarla orden və medalları var. Onlar arasında ən çox sevdiyi isə, 1964-cü ildə Xruşşov tərəfindən əmək fəaliyyətinə görə verilən medaldır: "Bu medalı Xruşşov mənə verəndə üstündə 200 qram buğda da vermişdi".

"Allah əvvəlcə verir, sonra bir-bir geri alır"

N. Ramazanov hərbi xidmətdən sonrakı həyatını da nağıl edir: "Mən ordudan 85 kilo çəki ilə qayıtmışdım. Anam və bacılarım isə şam kimi ərimişdilər. Cəmi 400 qram çörək alırdılar gün ərzində. Başladım işləməyə, çox iş yerləri dəyişdim. Amma qarşımda bir məqsədim var idi. Atama söz vermişdim ki, hər zaman hər yerdə birinci olacağam".

Nazim Ramazanovun həyat yoldaşı
© Photo : N.Ramazanovun arxivi
Nazim Ramazanovun həyat yoldaşı

O, başına gələnləri danışdıqca, ara-sıra gözlərindən süzülən yaşı silir və söhbətinə davam edir. Bizə göstərdiyi fotolardan göründüyü kimi, cavanlıqda çox yaraşıqlı kişi olub. İndi o illərdən qalan şəkillərinə baxanda köks ötürür və deyir ki, "Həyat belədir, Allah əvvəlcə verir, sonra bir-bir geri alır".

Tağı Ramazanov
© Photo : N.Ramazanovun arxivi
Tağı Ramazanov

33 yaşında ailə həyatı qurur. Bu nikahdan bir oğlu və iki qızı dünyaya gəlir. Deyir ki, ailə həyatını vasitəçilərin köməyi ilə qurub: "Qızanana adlı bir qadın var idi. Hər zaman ailə həyatı qurmaq istəyənlər ona müraciət edərdilər. Mənim də anam ona deyib ki, "Nazim evlənmək istəyir". Bir qız tapdılar, toyumuz, nişanımız, hamısı bir ayın içində oldu".

"Müharibədə generallar da qorxurlar"

Oğlu 1963-cü ildə dünyaya gəlir. Nazim kişi, atasının adını yaşatmaq üçün oğluna onun adını verir — Tağı. Amma oğlu 1992-ci ildə dünyasını dəyişir. Oğlu ilə bağlı danışanda müsahibimizin gözləri dolur. Hiss olunur ki, həyatının ən yaralı yeri oğlu ilə bağlı olan xatirələridir.

"Hərbi xidmətdə olanda onu döymüşdülər. Deməmişdi mənə. Qayıdandan sonra başında xərçəng xəstəliyi yarandı. İki oğlu var idi. Amma çox tez itirdim onu. Mənə deməmişdi döyüldüyünü…" – gözüyaşlı ata danışır.

İndi Nazim Ramazanov qızları və nəvəsi ilə birlikdə yaşayır. Ara-sıra tədbirlərə dəvət alır, gənclərlə görüşür, keçdiyi şərəfli döyüş yolundan danışır: "Bir gün məndən soruşdular ki, "müharibədə, döyüşlərdə heç qorxduğunuz anlar olubmu?" Qaldım belə, necə cavab verim… Dedim, müharibədə generallar da qorxurlar".

Nazim Ramazanov
© Sputnik / Irade JELIL
"Həyat belədir, Allah əvvəlcə verir, sonra bir-bir geri alır"

"Gərək qorxularına qalib gəlməyi bacarasan. Çünki sən vurmasan, səni vuracaqlar. Sən öldürməsən, səni öldürəcəklər. Müharibə — yaşamaq uğrunda mübarizədir həm də…" – deyir həmsöhbətimiz.

1022
Teqlər:
Nazim Ramazanov, faşist, veteran, bəşəriyyət, İkinci Dünya Müharibəsi, Bakı, döyüş, rus dili, cəbhə, düşmən
Əlaqədar
Müharibə veteranı faşistlərin Lvov və Bresti necə bombaladıqlarını xatırlayır
Böyük Vətən Müharibəsi veteranlarının həyat hekayələri işıqlandırılacaq
Azərbaycanlı veteran Varşava səmasında necə vurulmasında danışdı
Veteran döyüşçülər silaha sarılmaq istəyirlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Daha bir dövlət qurumu vətəndaş qəbulunu dayandırıb

0
(Yenilənib 12:22 02.06.2020)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.

BAKI, 2 iyun — Sputnik. Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.

Bu barədə İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir. Xəbərə görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi  (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin, idarənin rəsmi info@baku.edu.gov.az, mailform@baku.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər. Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

 

0
Ofis işçiləri, arxiv şəkli

Karantin dövründə işdən çıxartma ilə bağlı 50 müraciət araşdırılır

3
(Yenilənib 11:49 02.06.2020)
Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək

BAKI, 2 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən verilən məlumatda bildirilir.

Xidmət tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb. Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.

3
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Nazirliyin təklifinə əhəmiyyət vermədilər: 190 manat daha "şirin" gəldi
Müqaviləsiz işləyən 351 nəfər aşkar edilib
Qədir ağacları və zorən dəyərli kadrlar - "öz istəyimlə gedirəm" bundan belə qiymətə minir
Koronavirusa görə işəgötürənlərə xəbərdarlıq
Böyük amnistiya nə verəcək? Hamı çıxış yolu axtarır, atılacaq addım isə bəlli deyil