Yasmin Marinenko, arxiv şəkli

Azərbaycanın dövlət qurumundan xarici vətəndaşa qeyri-adi jest

252
(Yenilənib 23:09 21.04.2017)
Azərbaycan Dövlət Miqrasiya Xidməti Bakıda məskunlaşmış Rusiya ailəsinin cəriməsini sıfırlayıb və uşaqlarına vətəndaşlıq söz verib

BAKI, 21 aprel — Sputnik. Azərbaycan Dövlət Miqrasiya Xidməti Bakıda məskunlaşmış Rusiya ailəsinin cəriməsini sıfırlayıb və uşaqlarına vətəndaşlıq söz verib

Azərbaycanda vətəninə qayıtmaq üçün vəsait tapa bilməyən Rusiya vətəndaşı ölkəmizin ən yaxşı tibb müəssisələrindən biri olan Respublika Perinatal Mərkəzində üçüncü oğlunu dünyaya gətirib.

Bu barədə Sputnik Azərbaycan-a Yasmin Marinenko özü məlumat verib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda çətin vəziyyətə düşmüş hamilə rus qadın Rusiya səfirliyindən onun ailəsinə öz vətəninə qayıtmağa köməklik göstərməyi xahiş etmişdi. 

Yasmin Marinenkonun verdiyi məlumata görə, artıq ikinci ildir ki, paytaxtın Buzovna qəsəbəsində əri, onun valideynləri və üç yaşlı oğlu ilə yaşayır. Gənc ailə valideynlərin evində yeni həyata başlamaq üçün Bakıya gəlib. Marinenkonun sözlərinə görə, o, əvvəllər həyat yoldaşı və böyük oğlu ilə birlikdə Pyatiqorsk yaxınlığında, Stavropol vilayətində yaşayıb. Marinenko 8 il yerli məktəblərdən birində müdir müavini işləyib. Ailə başçısı isə tikinti sahəsində çalışıb. İkinci uşaqları anadan olandan sonra onlara ev xərclərinin öhdəsindən gəlmək çətin olub. Ailə kirayə evdə yaşayırmış. Bununla yanaşı, həyat yoldaşı da xəstələnib. Həkimlər onda ürək çatışmazlığı aşkarlayıblar.

Kişi bu xəstəliklə işləyə bilməyib. Onlar yaşamaq üçün Azərbaycana gəlməli olublar. Çünki qayınatası burada oğlunu müalicə etdirməyə söz verib. Cütlük bütün əşyalarını toplayaraq Azərbaycana gəlmək və burada yeni həyata başlamaq qərarına gəliblər. Onlar böyük oğlanlarını arvadın valideynlərinin yanında qoyublar ki, Azərbaycanda öz ayaqları üstündə durandan sonra onu da yanlarına apararlar. 

Bakının Buzovna qəsəbəsində 3 ay yaşayandan sonra cütlük sərhəddə gələrək miqrasiya qanunlarının tələbinə uyğun şəkildə qeydiyyata düşmək istəyib. Lakin onlara Azərbaycanın sərhədlərini tərk etmək qadağan edilib, çünki onlar cəmi bir gün qeydiyyat vaxtını gecikdiriblər. Burada onlara izah ediblər ki, respublika ərazisini tərk etmək üçün onlar cərimə ödəməlidirlər. Bu qədər pulları olmadığından, Marinenko və yoldaşı ərin doğmalarının yanına qayıdıblar. Bir ildən sonra, qadın üçüncü uşağa hamilə qaldığını bilib. Eyni zamanda, qadın Rusiyaya da qayıda bilməyib, çünki cəriməni ödəmək və bilet almaq üçün pulu olmayıb. Yeddi aylıq hamilə olarkən Marinenko başa düşüb ki, yaxın aylarda vətəninə qayıda bilməyəcək. Çünki onu bu vəziyyətdə heç bir təyyarə götürməyəcək. Üstəlik onun dövlətə ödəmək üçün pulu da yoxdur. Amma 33 yaşlı ananın ürəyi parçalanır. Çünki o, 12 yaşlı oğlunu 2 ildir ki, görə bilmir. Bundan sonra Azərbaycanda yaşaya bilməyəcəklərini anlayıb. Marinenko Azərbaycan dilini bilmir, onun hüquq təhsili isə məktəbdə işləməyə imkan vermir. Əri də fiziki əməklə məşğul ola bilmir. Onun başqa layiqli iş yeri tapmaq imkanı yoxdur. Bu hal gənc ailənin gələcəyinə ümid vermir. Yeganə çıxış yolu Rusiyaya qayıtmaqdır.

Ailə Rusiyada ikinci uşağın uşaqpulundan istifadə etməyi və Nijni Novqorod yaxınlığındakı kəndlərdən birində ev tutmağı planlaşdırırdı. Orada öz təsərrüfatlarını qurmağı düşünür, qoca qaynana və qaynatanın pensiyası ilə yaşamağı özlərinə sığışdırmırdılar. 

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndələri Marinenko ilə görüş keçirərək ona söz vermişdilər ki, respublikadakı xəstəxanalardan birində onun uşağı dünyaya gətirməsinə şərait yaradacaqlar.

Bu ailənin vəziyyəti diqqətdən kənarda qalmayıb. AR Səhiyyə Nazirliyinin mətbuat xidmətinin dəstəyi ilə Marinenkonu Bakıda yerləşən Mərkəzi Perinatal Mərkəzə qəbul ediblər.

O, artıq aprelin 20-də çəkisi 3 kiloqram 600 qram olan sağlam oğlan uşağını dünyaya gətirib. Həkimlər söz veriblər ki, aprelin 24-də qadını evə buraxacaqlar.

Bununla yanaşı, Azərbaycan Dövlət Miqrasiya Xidməti sözügedən cütlüyün cərimələrini sıfırlayıb. Uşağa Azərbaycan vətəndaşlığı verəcəklərinə söz veriblər. Bu səbəbdən də anaya burada yaşamaq hüququ veriləcək. Ailənin başçısının isə onsuz da ikili vətəndaşlığı var idi və o Azərbaycanda yaşamaq hüququndan məhrum edilməyəcək. 

"Biz artıq Azərbaycanda qalmağı düşünürük. Allaha şükür ki, ərim tədricən işlərini qurmağa başlayıb. Biz istəyirik ki, böyük oğlumuzu da bura gətirək" — deyə hazırda doğum evində olan Marinenko bildirib.

O, ailəsinə verdiyi dəstəyə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

252
Əlaqədar
Hamilə rus qadın ailəsini vətəninə qaytarmağı xahiş edir