Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Allahşükür Paşazadəni qəbul edib

Giorgi Marqvelaşvili: "Azərbaycan Gürcüstanın yaxın dostu strateji tərəfdaşıdır"

5
Giorgi Marqvelaşvili Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını demokratik dövlət quruculuğu istiqamətində mühüm hadisə və çox önəmli addım kimi dəyərləndirib

BAKI, 21 aprel — Sputnik. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili aprelin 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni qəbul edib. Bu barədə Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir.

Prezident deyib ki, Azərbaycan Gürcüstanın yaxın dostu və strateji tərəfdaşıdır. Dövlətlərimiz və xalqlarımız arasında mənəvi sahədə də möhkəm əlaqələr var: "Biz regionda sülhün və əmin-amanlığın möhkəmlənməsində dini liderlərin rolunu yüksək qiymətləndiririk və bu baxımdan sizin Gürcüstana səfəriniz mühüm əhəmiyyət kəsb edir. Gürcüstan tolerant ölkədir və dini radikalizmə, din adından istifadə edərək sabitliyin pozulmasına qarşıdır. Biz bu sahədə də birgə mübarizə aparmalıyıq".

Prezident Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirib.

Giorgi Marqvelaşvili Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə vitse-prezident vəzifəsinin təsis edilməsini, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını demokratik dövlət quruculuğu istiqamətində mühüm hadisə və çox önəmli addım kimi dəyərləndirib.

QMİ sədri deyib ki, Azərbaycan tolerant ölkədir və qonşu dövlətlərlə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu gün hər iki ölkənin dini liderləri arasındakı dostluq və qardaşlıq münasibətləri bizə digər sahələrdə də əməkdaşlığı genişləndirməyə, radikalizmə, terrorizmə, din adından istifadə edənlərə qarşı birgə mübarizəyə geniş imkanlar yaradır. Şeyxülislam dinlərarası dialoqun inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, təşkil olunan beynəlxalq forumlar və konfranslar barədə geniş məlumat verib. Gürcüstanda da dini mövzularda beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı dini liderlər, konfessiya rəhbərləri arasında mütəmadi görüşlərin təşkilinin, gənclər üçün maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə regionda mövcud olan münaqişələr də diqqət mərkəzində olub və bu münaqişələrin həllində dini liderlərin rolunun artırılmasının vacibliyi qeyd olunub.

5