Deputatların etik davranış qaydaları müzakirəyə çıxarıldı

Abunə olmaq
Parlamentdə millət vəkillərinin etik davranış qaydaları müzakirə edilir

BAKI, 20 aprel — Sputnik. Hazırda Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasda bir məsələ — "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirə edilir.

İclası parlament sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açıb. O bildirib ki, bəzi hallarda adekvat olmayan davranış sərgilənə bilir: "Bu da qanunla tənzimlənməlidir. Ona görə də yeni hazırlanan qanun layihəsinin əsas məqsədi şəffaflığın və səmərəliliyin artırılmasıdır. Layihə hazırlanarkən beynəlxalq təcrübə, eləcə də Azərbaycan reallıqları nəzərə alınıb".

Millət vəkili Azay Quliyev isə qanun layihəsinin bir müddətdir ki, ictimaiyyətdə müzakirə edildiyini diqqətə çatdırıb: "Bununla bağlı müxtəlif fikirlər var. Bu, normaldır. Hər kəs öz fikrini bildirə bilər. Qanun layihəsinə ehtiyac var".

Bu qanun deputatın etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Bu qanunun məqsədləri aşağıdakılardan ibarətdir: deputatların fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması, deputatların fəaliyyətində maraqlar toqquşması hallarının qarşısının alınması, deputatın etik davranış qaydalarına əməl olunmasının təmin olunması, deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsidir.

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qadağalara məruz qalma növbəsi deputatlara çatdı

Deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin, işgüzar nüfuzunu alçaldan kobud təhqiramiz sözlərə yol verməməli, bu cür hərəkətlər edilməsinə çağırmamalıdır. Deputat qərəzli olaraq hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməli və bu cür hərəkətlər edilməsinə çağırmamalıdır.

Deputat vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

Deputat başqa deputatın əvəzinə səs verməməlidir.

Deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasını diqqətdə saxlamalı, belə halların iclasın iş qaydasını pozmasına yol verməməlidir.

Qanun layihəsi 13 maddədən ibarətdir. Müzakirələr davam edir.

Xəbər lenti
0