Qobustandakı palçıq vulkanı

Abşeronda vulkan püskürməsi nəticəsində 6 çoban yanıb, 2 min qoyun tələf olub

5828
(Yenilənib 18:15 14.04.2017)
Bakı ətrafında vəhşi atların yaşaması inanılmaz bir mənzərə idi. Təəssüf ki, vəhşi atlar ani olaraq peyda olduqları kimi, eyni sürətlə də bizdən uzaqlaşdı.

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 apr — Sputnik. Azərbaycan təbii sərvətləri ilə zəngin ölkədir. Amma ölkəmiz təkcə təbii sərvətləri ilə məşhur deyil, həm də dünyadakı 11 iqlim tipindən 9-nun mövcud olduğu unikal yer kimi tanınır.

Abşeron ərazisində palçıq vulkanı
© Sputnik / Murad Orujov
Dünyadakı palçıq vulkanlarının 45 faizindən çoxu Azərbaycanda, əsasən də Abşeron yarımadasında yerləşir

Bundan əlavə, dünyada keyfiyyətinə və unikallığına görə fərqlənən palçıq vulkanlarının çoxu da məhz bizim ölkədədir. Belə ki, dünya palçıq vulkanlarının 45 faizindən çoxu ölkəmizdə, xüsusən də Abşeronda qeydə alınıb.

Palçıq vulkanının krateri
© Sputnik / Murad Orujov
Palçıq vulkanının krateri

Bu ilin fevralında Bakıdan, təxminəm 60 kilometr aralıdakı Səngəçal qəsəbəsi ilə Qobustan arasında yerləşən "Otman bozdağ" vulkanının 50 illik "yuxudan" sonra püskürməsi (bu vulkanda sonuncu püskürmə 1965-ci ildə qeydə alınıb — red.) palçıq vulkanları mövzusunu gündəmə gətirib. Mövzunun marağa səbəb olmasını nəzərə alan Sputnik Azərbaycan-ın əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi ilə Abşeron Palçıq Vulkanları Qoruğunda olub və qoruğun direktoru Ceyhun Paşayevin müşayiəti ilə bir neçə palçıq vulkanına baş çəkiblər.

115 il öncə…

Öncəliklə qeyd edək ki, palçıq vulkanları yaşayış zonalarından xeyli aralıda yerləşir. Bu ərazilərin əksəriyyəti xüsusi olaraq qorunur və insanların həmin əraziyə icazəsiz daxil olması qəti qadağandır. Palçıq vulkanlarının yerləşdiyi əraziyə icazəsiz daxil olanlar isə böyük məbləğdə cərimələnirlər. Bu cərimə fiziki şəxslər üçün 400-600 manat, vəzifəli şəxslər üçün isə 2000-4000 manat məbləğindədir.

Abşeron Palçıq Vulkanları Qoruğunun direktoru Ceyhun Paşayev əraziyə insanların buraxılmaması və cərimələrin tətbiq edilməsinə toxunaraq bildirib ki, vulkanların əksəriyyəti fəaliyyətdə olan vulkanlardır: "Qadağaların bir neçə əsas səbəbi var. Birincisi, palçıq vulkanları ərazisinin insanlar tərəfindən çirkləndirilməsinin, ikincisi, palçıq vulkanından axmış palçığın əhali tərəfindən daşınmasının qarşısını almaq üçün qadağa tətbiq olunub. Nəhayət, əsas səbəb vulkanların hər an püskürmə təhlükəsi ilə bağlıdır".

Abşeron ərazisində palçıq vulkanı
© Sputnik / Murad Orujov
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır

Söhbət zamanı qoruğun müdirindən indiyə kimi hansısa bədbəxt hadisənin qeydə alınıb-alınmadığını soruşduq. C. Paşayev bildirdi ki, belə bir hadisə baş verib: "1902-ci ildə palçıq vulkanının püskürməsi zamani altı çoban həyatını itirib və iki min qoyun məhv olub. Çünki palçıq vulkanlarının nə zaman püskürəcəyi öncədən məlum olmur. Ona görə də, bu ərazilərdə gəzmək və yaşamaq çox təhlükəlidir".

Vəhşi atların əhatəsində

Ceyhun Paşayev bizə ən gözəl vulkanlardan birini göstərəcəyini demişdi. Direktor bizi insan ayağının çox az-az dəydiyi yollarla "Diləngəz" vulkanına aparırdı. Vulkana tərəf getdiyimiz zaman maraqlı hadisələrlə qarşılaşdıq.

Diləngəz vulkanı
© Sputnik / Murad Orujov
"Diləngəz" vulkanı

Əvvəla qeyd edək ki, şəhərin mərkəzindən kənarda, çöllükdə böyük qoyun sürüsünün otlaması, ətrafda dolaşan qoyun itlərinin sürünü qoruması bizim üçün maraqlı mənzərə idi. Qoyun itlərinin maşınımıza hücumu isə bizi hətta qorxutdu da.

Bu ərazilərin əksəriyyəti xüsusi olaraq qorunur
© Photo : STR
Bu ərazilərin əksəriyyəti xüsusi olaraq qorunur

Təhlükədən yenicə uzaqlaşmışdıq ki, bu dəfə başqa bir gözlənilməz mənzərə ilə qarşılaşdıq. Nə qədər qəribə olsa da, bu dəfə vəhşi atlarla üzləşdik. Bakı ətrafında vəhşi atların yaşaması inana bilməyəcəyimiz bir mənzərə idi. Amma təəssüf ki, vəhşi atlar ani olaraq peyda olduqları kimi, eyni sürətlə də bizdən uzaqlaşdı.

Palçıq vulkanların bu ərazilərin relyefinə də ciddi təsir göstərib
© Sputnik / Murad Orujov
Palçıq vulkanların bu ərazilərin relyefinə də ciddi təsir göstərib

Daha sonra nahamar yollarla "Diləngəz" adlı vulkan olan əraziyə çatdıq. Bu vulkanın gözəlliyinə valeh olmamaq mümkün deyildi. Diləngəz çox böyük ərazini əhatə edir. Direktor qurumuş palçıq qalıqlarını göstərərək, bu vulkanın çox qədim olduğunu bildirdi. Maşından düşüb vulkana doğru getməyə başladıq. Qurumuş palçıq üzərində canavar, tülkü, qaban kimi vəhşi heyvanların çoxsaylı ayaq izlərini görmək mümkün idi. Az sonra uzaqdan bir tülkünün keçməsi vəhşi heyvanların bu ərazinin daimi sakinləri olması ehtimalımızı təsdiqləmklə yanaşı, mənzərəyə xüsusi rəng qatdı.

Ani diqqətsizlik faciəyə səbəb ola bilər

C. Paşayev öncədən bizi məlumatlandırmışdı ki, atdığımız addımlara diqqət edək. Belə ərazilərdə hərəkət etmək çox qorxuludur. Yer yumşaq olduğundan, hər an palçığa batmaq təhlükəsi yaranır. Bu təhlükəni öz üzərimizdə də hiss etdik. Bir az sonra ani diqqətsizlik səbəbindən vulkana yaxın ərazidə ayağımın yumşaq palçıq ərazisinə düşməsi ilə batmağa başladım. Əməkdaşların köməyi ilə palçıqdan çıxsam da, ayağımı təmizləyə-təmizləyə daha diqqətli olacağıma söz verdim.

Abşeron ərazisində palçıq vulkanı
© Sputnik / Murad Orujov
Bu ərazilərdə gərək ehtiyatla gəzəsən – yer yumşaq olduğundan, hər an palçığa batmaq təhlükəsi var

Direktor bizə "Diləngəz" vulkanı haqqında geniş məlumat verdi. Onun sözlərinə görə, "Dilәngәz" Əlәt dәmiryol stansiyasından 4.5 km şimal-qәrbdә yerlәşir vә mütlәq nişanı 216 metr olan, cәnub yamacı dik vә qısa qobularla çox kәsilmiş oval yüksәklikdәn ibarәtdir. Daşgil qırışığının qәrb periklinal hissәsinә aiddir vә eninә pozulma ilә әlaqәdardır. Brekçiyanın sahәsi 350 hektarı əhatə edir. "Dilәngәz" vulkanında 1902, 1912, 1951-ci illərdə üç püskürmə qeydə alınıb. Hələ də fəaliyyətdə olan vulkandır.

  • Abşeronun palçıq vulkanları
    Abşeronun palçıq vulkanları
    © Sputnik / Murad Orujov
  • Abşeronun palçıq vulkanları
    Abşeronun palçıq vulkanları
    © Sputnik / Murad Orujov
  • Abşeronun palçıq vulkanları
    Abşeronun palçıq vulkanları
    © Sputnik / Murad Orujov
  • Abşeronun palçıq vulkanları
    Abşeronun palçıq vulkanları
    © Sputnik / Murad Orujov
  • Abşeronun palçıq vulkanları
    Abşeronun palçıq vulkanları
    © Sputnik / Murad Orujov
  • Abşeronun palçıq vulkanları
    Abşeronun palçıq vulkanları
    © Sputnik / Murad Orujov
  • Abşeronun palçıq vulkanları
    Abşeronun palçıq vulkanları
    © Sputnik / Murad Orujov
  • Abşeronun palçıq vulkanları
    Abşeronun palçıq vulkanları
    © Sputnik / Murad Orujov
1 / 8
© Sputnik / Murad Orujov
Abşeronun palçıq vulkanları

Təhlükəyə baxmayaraq, vulkanın lap yaxınlığına kimi getmək qərarına gəldik və palçıq vulkanın fəaliyyətinin canlı şahidi olduq. Onun ətrafında yaş palçıq axınının olması ara-sıra kiçik partlamalar olduğunu sübut edirdi. Ətrafda kəskin kükürd iyi vardı. Külək bu kükürd iyini 200 metr məsafəyə qədər yayır. Uzaqdan bu iyi hiss etməklə yaxınlıqda palçıq vulkanının olduğunu ayırd etmək mümkündür.

"Qələndəraxtarma", "Kiçik kənizdağ" və "Torağay"

Baş çəkdiyimiz növbəti zirvə "Qələndəraxtarma" vulkanı oldu. Bu vulkanın da özünəməxsus gözəlliyi var. Ərtafında çıxan suyun qəhvəyi olması vulkan palçığı ərazisində neftin də olduğunu göstərirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir
© Photo : STR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir

Qoruq direktoru söhbət zamanı qeyd etdi ki, palçıq vulkanlarının çoxluğu bu ərazilərdə neftin çox olmasını göstərir. Maraqlı faktlardan biri də o idi ki, vulkanın ərazisində qrifon və salzalara (palçıq vulkanının yaratdığı skulptur formaları — red.) rast gəldik. Həmin qrifon və salzalardan davamlı olaraq qaz qabarcıqları çıxırdı. Hətta alışqanı yandıraraq kiçik ölçülü salzaya yaxınlaşdırdıqda, xaric olan metan qazı qısa müddətli alışırdı.

Təəssüf ki, bütün vulkanları gəzməyimiz mümkün olmadı. Onların hamısını gəzmək üçün ən azı bir neçə gün ərazidə qalmağımız lazım gələcəkdi. Biz ancaq yol boyu "Kiçik kənizdağ", "Torağay" və bir neçə digər vulkanı uzaqdan müşahidə etdik…

5828
Teqlər:
"Diləngəz", Abşeron Palçıq Vulkanları Qoruğu, palçıq vulkanları, təbii sərvət, Ceyhun Paşayev, direktor, iqlim, Qobustan, Bakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan, cərimə
Əlaqədar
Azərbaycanda daha 4 vulkan püskürə bilər
Azərbaycanda vulkan püskürməsi təhlükəli deyil
Azərbaycanda yeni vulkan püskürməsi təhlükəsi var
Vüqar Səfərli, arxiv şəkli

Vüqar Səfərli apelyasiya şikayəti verdi - Ev dustaqlığına çıxmaq üçün

2
(Yenilənib 13:14 23.01.2021)
Qeyd edək ki, Səfərli bir müddət əvvəl də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramin Qaraqurbanlının icraatına verilib.

Məhkəmənin baxış iclası yanvarın 25-nə təyin olunub.

Qeyd edək ki, V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos" MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos" MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol" qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

4
(Yenilənib 13:06 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

4