Hikmət Hacıyev

"Polad Bülbüloğlunun seçilməsi YUNESKO-nun məramlarının təşviqinə töhfəsini verəcək"

16
Hikmət Hacıyev: "Azərbaycan hökuməti YUNESKO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülbüloğlunun təşkilatın Baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb"

BAKI, 14 mart — Sputnik. 2017-ci ildə Azərbaycan Respublikasının YUNESKO–ya üzvlüyünün 25 illiyi qeyd olunur. Bu illər ərzində Azərbaycan və YUNESKO arasında sıx əməkdaşlıq qurulub, YUNESKO ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verib.

Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə namizədliyinə dair şərhində belə deyilir.

"Mültikulturalizm dövlət siyasətinin prioriteti olan Azərbaycan zəngin tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə YUNESKO-nun dəyərlərinə və ideallarına sadiq olaraq onların təşviq edilməsinə ardıcıl surətdə öz töhfəsini verməkdədir. 

Qeyd olunanları və hal-hazırda YUNESKO-nun Baş direktoru olan İrina Bokovanın fəaliyyət müddətinin başa çatmasını nəzərə alaraq, Azərbaycan hökuməti YUNESKO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülbüloğlunun təşkilatın Baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb.

Təbiətən mədəniyyətə, incəsənətə və elmə bağlı olan, bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, uzun müddət nazir vəzifəsində çalışan, TÜRKSOY-un qurucularından biri olan və 14 il bu beynəlxalq təşkilata rəhbərlik edən, Azərbaycanın YUNESKO ilə əməkdaşlığının qurulmasında və inkişafında bilavasitə iştirak edən, zəngin diplomatik təcrübəyə malik olan bir şəxs kimi Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə seçildiyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və YUNESKO-nun məqsəd və məramlarının təşviqinə öz töhfəsini verəcəyinə inanırıq.

YUNESKO-nun Baş direktorunun üzv dövlətlər tərəfindən irəli sürülmüş namizədlər sırasından İcraiyyə Şurasının tövsiyəsi əsasında YUNESKO-nun Baş Assambleyası 2017-ci ilin oktyabr-noyabr aylarında seçilməsini həyata keçirəcək" — şərhdə bildirilir.

16
Teqlər:
Mültikulturalizm, YUNESKO-nun Baş Assambleyası, YUNESKO, TÜRKSOY, XİN, İrina Bokova, Polad Bülbüloğlu, Hikmət Hacıyev, Azərbaycan
Əlaqədar
Polad Bülbüloğlunun yüksək vəzifəyə namizədliyi irəli sürüldü
Polad Bülbüloğlu Rusiya DİN rəhbəri ilə miqrasiya məsələlərini müzakirə edib

Politoloq XİN rəhbərlərinin Ankara görüşü haqqında: Böyük perspektiv mövcuddur

5
(Yenilənib 00:32 26.02.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi
Elxan Şahinoğlu: “Türkiyə də münasibətlərin inkişafında maraqlıdır”

Ankarada keçirilən Azərbaycan, Türkiyə, Türkmənistan Xarici İşlər Nazirlərinin toplantısında bundan əvvəlki görüşlərdə qəbul edilmiş bəyanatlar təsdiqlənib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkənin əməkdaşlığının böyük perspektivi mövcuddur:

“SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi. Xəzərin statusu, mübahisəli yataq kimi məsələlər münasibətlərə təsir edirdi. Ancaq nəhayət ki, iki ölkə arasında soyuqluq yaradan bu məsələlər həllini tapdı. Türkiyə də münasibətlərin inkişafında maraqlıdır. Hətta Xəzərin dibi ilə boru xəttinin çəkilməsi hər kəsin xeyrinədir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Teqlər:
ekspert, görüş, XİN rəhbərləri, Ankara, Xəzər dənizi, yataq, Azərbaycan, Türkmənistan, Türkiyә

"Lazım olsa, yenə gedərəm". Qazilərimizin yaraları necə sağalır - REPORTAJ

11
(Yenilənib 00:08 26.02.2021)
"Təxminən 10 gündür ki, protezlərim gətirilib. Düzü, protezlərim düşündüyümdən rahatdır. Sadəcə olaraq tez yeriyə biləcəyimi düşünürdüm, amma baxıram ki, bunun üçün zaman lazımdır, öyrəşməliyəm" - Qazi.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Protez-Ortopedik Bərpa Mərkəzində əlilliyi olan digər şəxslərlə yanaşı, II Qarabağ müharibəsində yaralanan şəxslər də müalicə alırlar. II Qarabağ müharibəsi qazilərinin protezlə təmin olunması burada həyata keçirilir.

Sputnik Azərbaycan mərkəzə üz tutaraq qazilərdən burada göstərilən xidmətdən razı qalıb-qalmadıqlarını öyrənib, giley-güzarlarını, həm də müharibə ilə bağlı xatirələrini dinləyib.

Öncə təlim mərkəzi ilə tanış oluruq. Təlimçilər Qarabağ qazilərinə protezlə yeriməkdə yardımçı olur, onlara təlimlər keçirlər.

26 yaşlı Vasif Əliyev artıq bir neçə gündür ki, burada təlimlərə başlayıb. Təlimçilər ona protezin idarə olunmasını öyrədirlər. Beş gündür ki, protezlə gəzdiyini deyən V.Əliyev özünü rahat hiss etdiyini deyir. II Qarabağ müharibəsinə könüllü olaraq qoşulub. Heç bir psixoloji travması olmasa da, müharibədən danışmaq onun üçün çətindir: "Oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qarın boşluğundan qəlpə yarası aldım, minaatan zərbəsindən isə bir ayağımı itirdim. O hadisələri danışmaq, göz önünə gətirmək mümkün deyil... Döyüş yoldaşlarım şəhid oldular, aramızda çox sayda yaralananlar da oldu".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Vasif Əliyev

"Yaralanandan sonra Mərkəzi Hərbi Hospitalda müalicəmi davam etdirdim, noyabrda isə bu mərkəzə gəldim", - deyə V.Əliyev əlavə edir.

O burada yaradılan şəraitdən razı olduğunu deyir. Qeyd edək ki, ailənin tək övladı olan Vasif Əliyev müharibəyə gedənədək Biləsuvar Gömrük postunda inspektor kimi çalışıb.

Qazi Abdulla Abdullayevin otağının qapısı üzərində "Qarabağ Azərbaycandır!" yazılan bayrağımızla bəzədilib.  Vətən müharibəsi iştirakçısı olan 29 yaşlı Abdulla döyüşlərdə hər iki ayağını itirib. O, sentyabrın 21-də könüllü kimi yazılaraq 27-də döyüşə yollanıb: "Ön cəbhədə Ağdam və Ağdərə istiqamətində müdafiə mövqeyində idim. Oktyabrın 5-dəki döyüşlərdə, minaatan mərmisi düşəndə yaralandım, ayaqlarımı itirdim. Əsgər yoldaşlarımın da vəziyyəti ağır idi, komandirimiz də yaralanmışdı. Aramızda şəhid olan da oldu. Bir saat o vəziyyətdə qaldıqdan sonra bizə köməyə gəldilər. Bizi Sarıcallıdakı xəstəxanaya apardılar, sonradan Bakıya göndərildik. İki ay xəstəxanada qaldıqdan sonra bu mərkəzə yerləşdirildim".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Abdulla Abdullayev

Buradakı şəraitdən razılığını dilə gətirən həmsöhbətimiz ilk günlərdə ağrılarının çox olduğunu, hazırda isə özünü yaxşı hiss etdiyini deyir. O, nə zaman müharibə olarsa, yenə də gedəcəyini deyir: "Heç bir qorxum yoxdur. Nə zaman lazım olsa, gedərəm. İnsan öz evini qorumazmı?! Mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin?! Biz getməsək, erməni gəlib evimizin içinə kimi girər. Hər zaman bu düşüncə ilə böyümüşəm. Elə qohumlarım, mən də bu düşüncə ilə gedib səfərbərlik xidmətində qeydiyyatdan keçmişik".

Anasının isə hələ də oğlunun iki ayağını itirməsindən xəbəri yoxdur: "Ailəm Mingəçevirdə yaşayır. Ailəmdə anamdan başqa hər kəsin durumumdan xəbəri var. Anam şəkər xəstəsidir, mənə baş çəkməsin deyə xəstəxanadayam, görüşə icazə yoxdur deyirəm. Ona görə də anam ayaqlarımın dizdən yuxarı kəsilməsindən xəbərsizdir, sadəcə elə bilir ki, bir ayağım qanqrena edib deyə topuqdan bir qədər yuxarı hissədən kəsiblər. Bu xəbəri öyrənəndə anamın vəziyyəti pisləşdi, koma vəziyyətinə düşdü, xəstəxanaya yerləşdirildi. Ayağı çirk vermişdi, ayağının çirkini, dırnağını çıxartdılar. Qorxuram ki, desəm, başqa bir şey olar, ona görə də ürək etmirəm".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi iştirakçıları Protez-Ortopedik Bərpa Mərkəzində

"Təxminən 10 gündür ki, protezlərim gətirilib. Düzü, protezlərim düşündüyümdən rahatdır. Sadəcə olaraq tez yeriyə biləcəyimi düşünürdüm, amma baxıram ki, bunun üçün zaman lazımdır, öyrəşməliyəm. Həm də, hələlik yaram tam sağalmadığı üçün protezlə çox gəzib məşq edə bilmirəm", - deyə qazimiz əlavə edir. 

Noyabrın 24-də mərkəzə yerləşdirilən qazimiz yaradılan şərait və xidmətdən razılığını dilə gətirir. O, sadəcə olaraq əlilliyə görə vəsaitin az olmasından narazıdır:

"II qrup əlillik təyin edilib, lakin bu məni qane etmir. II qrupa görə əlillik müavinəti çox aşağıdır. Ona görə buradan çıxıb dərhal işləyəcəyəm. Bunadək dərman şirkətləri ilə işləyirdim, yəqin ki, artıq bu və bu tip işlərlə məşğul ola bilməyəcəyəm, oturaq işlə məşğul olacağam. Ayaqlarımın olmaması mənə heç bir kompleks yaşatmır, oturaq da olsa, bir iş tapacağam və çalışacağam ki, cəmiyyətdən uzaqlaşmayım".

Həmsöhbətimiz iki bacının tək qardaşıdır, ailəli deyil.

© Sputnik / Nigar Iskanderova
Protez-Ortopedik Bərpa Mərkəzi

Protez-Ortopedik Bərpa Mərkəzində həmçinin Bakıda evi olmayan qazilər üçün qalmağa hər cür şərait yaradılıb. Bunun üçün onların kirayə evlərdə qalmasına, hər gün xəstəxanaya gəlib-getməsinə ehtiyac qalmır.

Qazilər burada masaja getməklə gündəlik təlimlərə də qatılırlar.

31 yaşlı Ziya Kazımov 2011-ci ildə hərbi xidmətə gedib. O, xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət göstərib. 2015-ci ildə gizir rütbəsi alaraq cəbhəyə yollanıb, Aprel döyüşlərində iştirak edib. II Qarabağ müharibəsi zamanı, sentyabrın 27-də Gülüstan kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Ziya Kazımov 28 sentyabrda minaya düşərək sağ ayağını itirib: "Artıq 15 gündür ki, bu mərkəzə yerləşmişəm. Protezlərim verilib, günün müəyyən saatlarında onu taxıram, çox rahatdır".

© Sputnik / Nigar Iskanderova
İkinci Qarabağ müharibəsi qazisi Ziya Kazımov

"Ya ölməli idim, ya da qazi olmalı idim", - deyə həmsöhbətimiz əlavə edir.

O burada müalicələrinin vaxtı-vaxtında davam etdiyini, lazım olan bütün qayğı və diqqətlə təmin olunduğunu deyir. Z.Kazımov buradan çıxdıqdan sonra öz rayonunda, Biləsuvarda səhhətinə görə yüngül bir işdə çalışmaq istəyir.

Mərkəzin baş həkimi və direktor müavini Şəmsəddin Xudaverdiyev qazilərlə bağlı mərkəzdə görülən işlərdən məlumat verib "Hazırda mərkəzimizdə II Qarabağ müharibəsi qazilərinin müalicəsi həyata keçirilir. Burada 17 qazi müalicə olunur. Bu yaxınlarda 3 qazini protezləşdirib tam həyata qaytardıq. Qazilərin mülaicə prosedurlarına start vermişik".

Ş.Xudaverdiyev lazım olan bütün avadanlıqların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Almaniyadan alındığını deyir: "Mərkəz 2019-cu ilin sonlarından əsaslı təmir olunaraq istifadəyə verilib. Təmirlə əlaqədar olaraq bütün maddi-texniki baza yenilənib və müasir tələblərə cavab verir. Mərkəz tibbi avadanlıqlarla yanaşı, eyni zamanda idman avadanlıqları ilə də tam təmin olunub".

© Sputnik / Nigar Iskanderova
Mərkəzin baş həkimi və direktor müavini Şəmsəddin Xudaverdiyev

Qeyd edək ki, Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Mərkəz müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlillər velo və kreslo arabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər.

Mərkəzdə əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, protez-ortopedik məhsulları ilə təminat, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi, protez-ortopedik məmulatların tibbi-texniki və biomexaniki sınaqlarının keçirilməsi, protezləşdirmənin keyfiyyətini müəyyənləşdirmək üçün müasir metodların işlənib hazırlanması, bu sahələr üzrə mütəxəssislərin hazırlanması, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların, texnologiyaların və elmi nailiyyətlərin geniş tətbiq edilməsi, xəstə və əlilliyi olan şəxslərin məlumat bankının yaradılması istiqamətində işlər görülür.

Müəssisə tərəfindən xəstə və əlilliyi olan şəxslərə ambulator, stasionar və səyyar şəkildə protez-ortopedik xidmət göstərilir, reabilitasiya terapiyası, protezləşdirmə və ortezləşdirmə vasitəsi ilə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası həyata keçirilir. Mərkəzin stasionarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş əlilliyi olan şəxslərə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş, spinal əlilliyi olan şəxslərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə bərpa-müalicə tədbirləri həyata keçirilir.

11
Teqlər:
reportaj, Bakı, Protez-Ortopedik Bərpa Mərkəzi, müharibə, Qarabağ, qazi
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində, arxiv şəkli

Ruhlar ölməz, ədalət itməz - İlham Əliyevdən Xocalı paylaşımı

0
(Yenilənib 10:21 26.02.2021)
Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı rəsmi "Facebook" hesabında paylaşım edib.

BAKI, 26 fevral — Sputnik. Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçısının paylaşımı rəsmi "Facebook" hesabında yayımlanıb.

Qeyd edək ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

0