Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev

Nazir müavini BMT institutlarını səylərini artırmağa çağırdı

17
(Yenilənib 17:18 02.03.2017)
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Cenevrəyə səfər edib

BAKI, 2 mart — Sputnik. 27 fevral 2017-ci il tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyası keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, sessiyanın 27 fevral — 1 mart tarixlərində keçirilmiş Yüksək Səviyyəli Seqmentində BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Piter Tomson və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn ilə yanaşı BMT üzv-dövlətlərinin və beynəlxalq təşkilatların yüzdən artıq yüksək səviyyəli nümayəndəsi çıxış edib. 

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 28 fevral tarixində Yüksək Səviyyəli Seqmentdə çıxış edib. Öz çıxışında nazir müavini M.Məmməd-Quliyev ölkəmizdə son zamanlar insan hüquqları və əsas azadlıqlarının, demokratiya və qanunun aliliyinin müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verib. Bu xüsusda, o, ölkəmizdə vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək məqsədilə cari ilin yanvar ayında tətbiqinə başlanmış xarici donorlar tərəfindən Azərbaycanda qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını qeyd edib, ölkəmizdə penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı haqqında sessiya iştirakçılarına məlumat verib. 

Nazir müavini ölkəmizin BMT-nin İHŞ və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb, İHŞ-nin xüsusi nümayəndələri və məruzəçilərinə Azərbaycana səfər etmək məqsədilə daimi dəvətnamənin verilməsinin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizin BMT qurumları ilə konstruktiv əməkdaşlıq etdiyinin bariz nümunəsi olduğunu bildirib. Eyni zamanda, o, 2016-cı ilin sentyabrında ölkəmizə səfər etmiş BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin hesabatına toxunaraq, həmin hesabatın Azərbaycan və BMT-nin insan hüquqları qurumları arasında mövcud olan əməkdaşlıq ruhunu əks etdirmədiyini, tarazsız və birtərəfli olduğunu təəssüflə vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuş nazir müavini M.Məmməd-Quliyev, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyünü və onların əsas insan hüquqlarının Ermənistan tərəfindən kütləvi şəkildə pozulduğunu bildirib. Nazir müavini həmçinin, iki gün öncə Azərbaycanda 25-ci ildönümü dərin hüznlə qeyd olunmuş Xocalı Soyqırımının 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı törədildiyini və bu vəhşiliyi törədən cinayətkarların hələ də cinayət məsuliyyətinə cəlb olunmadığını sessiya iştirakçılarının nəzərinə çatdırıb. Bununla bağlı M.Məmməd-Quliyev BMT-nin İHŞ-ni və BMT-nin insan hüquqları üzrə alı komissarını azərbaycanlı məcburi köçkün və qaçqınların pozulmuş hüquqlarının bərpa olunmasında səylərini artırmağa çağırıb.

Səfər çərçivəsində nazir müavini M.Məmməd-Quliyev Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib. Nazir müavini M.Məmməd-Quliyev BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşı olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini P.Maurerin diqqətinə çatdırıb, bu xüsusda Ermənistan tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında BQXK-nın vasitəçiliyi xüsusi ilə qeyd olunub. BQXK-nın prezidenti P.Maurer təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirərək, əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb. 

Səfər zamanı nazir müavini M.Məmməd-Quliyev Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının (BQXQAF) baş katibinin müavini Cemila Mahmud ilə görüşüb. Görüşdə Azərbaycan və BQXQAF arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri və mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb, Ermənistanın hərbi təcavüzü nəticəsində öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş azərbaycanlıların vəziyyəti, onların öz doğma torpaqlarına qayıtması məsələsinin beynəlxalq təşkilatların gündəmində saxlanılmasının vacibliyi vurğulanıb.

Səfər müddətində nazir müavini M.Məmməd-Quliyev həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri ilə görüşüb. Görüşdə ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Hökuməti ilə ÜƏMT arasındakı Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun uğurla həyata keçirildiyini qeyd edən nazir müavini ölkəmizdə müasir patent sisteminin inkişafına ÜƏMT-in töhfələrinə görə təşkilatın rəhbərinə minnətdarlığını bildirib. F.Qarri Azərbaycanın ÜƏMT-in işində fəal iştirakını məmnunluq hissi ilə qeyd edib və qarşılıqlı əməkdaşlığın daha da geniş şəkildə davam edəcəyinə ümidvar olduğunu bildirib.

17
Teqlər:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, BMT-nin İnsan Hüquqları Şurasının sessiyası, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, BMT, Peter Maurer, Cemila Mahmud, Frensis Qarri, Mahmud Məmməd-Quliyev, Cenevrə şəhəri, Azərbaycan
Əlaqədar
Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri ölüb
BMT-nin baş katibi Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb
Cəbiş müəllim Qarabağın son şahzadəsi barədə
Fransadan mesaj: Dağlıq Qarabağla bağlı bu status-kvo qəbuledilməzdir
Millət vəkili Fazil Mustafa, arxiv şəkli

"Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" Millət vəkili

3
(Yenilənib 20:37 23.04.2021)
"Biz dəmir yumruğu işğalçı, faşist erməni başına endirərək onları az da olsa reallığa qaytardıq, indi bu yumruğu uzaqdan da olsa başqa bədniyyətlilərin də görə biləcəyi məsafədən vaxtaşırı yuxarı qaldırmamız artıq zərurətə çevrilməkdədir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə "erməni əsirlərinin qaytarılması" formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyinin ifadə etmişlər. 

Burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz "Facebook" hesabında yazıb.

"Buna bir həftə öncə Gürcüstan Prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır. Adam özünü anlamaz yerinə qoyub qosqoca Türkiyəyə qarşı ermənilərin ərazi iddialarını dəstəklədiyini nümayiş etdirməkdən çəkinməmişdir. Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı, heç şübhəsiz ki, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir və dərindən təhlil edərsək, heç bu davranışın həmin dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görərik. Çünki Gürcüstanın illərdir həyat yolu kimi baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməyin hansı nəticələr doğuracağını ayrıca izah etməyə zərurət yoxdur.

İlk olaraq Gürcüstanın xəyanətinə qarşı nədən başlamalıyıq? Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik. Beynəlxalq platformada Gürcüstanın "işğal olunmuş əraziləri" ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik. İqtisadi sahədə Gürcüstana qarşı Türkiyə ilə birlikdə müəyyən islahedici addımlar barədə düşünməliyik. Ağrı dağında Türkiyə və Azərbaycan bayraqlarının işıqlandırılmasını bir an öncə gerçəkləşdirməliyik ki, Salome də ermənilər kimi bu möhtəşəm tablonu seyr edib ürək ağrısı ilə paylaşa bilsin", - deyə Fazil Mustafa qeyd edib.

O vurğulayıb ki, rəsmi Gürcüstan xəyanətkar davranış sərgiləyib, Azərbaycana qarşı AŞPA-dakı təmsilçiləri ermənilərlə birlikdə xüsusi canfəşanlıq göstərib, habelə qardaş Türkiyə üçün həssas mövzu olan Ağrı dağı məsələsində sayğısızlıq nümayiş etdirib: "Həm də dəfələrlə bu cür davranışlara rəvac verib. Bunun mütləq cavabı olmalıdır. Təbii ki, qonşuluq münasibətlərini pozmadan, beynəlxalq hüquqa zidd davranmadan bunları etməliyik. Biz dəmir yumruğu işğalçı, faşist erməni başına endirərək onları az da olsa reallığa qaytardıq, indi bu yumruğu uzaqdan da olsa başqa bədniyyətlilərin də görə biləcəyi məsafədən vaxtaşırı yuxarı qaldırmamız artıq zərurətə çevrilməkdədir. Bizim dəmir yumruğumuz Osmanlı tokatı ilə birlikdə ayrı bir islahedici vasitədir".

3
Teqlər:
Fazil Mustafa, Azərbaycan, AŞPA, Gürcüstan, Ermənistan
Qubada Faithful friend - Sadiq dost adlanan heyvan sığınacağı

Daha qorxulu deyil: Quba şəhərində aktual problemi belə həll etdilər - FOTO

6
(Yenilənib 20:20 23.04.2021)
"Rayonda sahibsiz itlər çoxalmışdı, küçələrdə gəzmək insanlar üçün təhlükəli idi" - Ziyəddin Əliyev.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Respublikamızda sahibsiz itlər məsələsi hər zaman gündəmdə olub və böyük problemlərdən sayılır. Paytaxtda və bölgələrdə addımbaşı sahibsiz itlərə rast gəlmək mümkündür. Şimal bölgəsində ilk dəfə olaraq rayon rəhbərliyi tərəfindən bu cür heyvanlar üçün sığnacaq yaradılıb. 

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu gün Qubada "Faithful friend"- "Sadiq dost" adlanan heyvan sığınacağı istifadəyə verilib. Quba İH başçısı Ziyəddin Əliyev, İsrail dövlətinin missiya rəhbərinin müavini, müvəqqəti işlər vəkili Doron Peer, Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov, mətbuat nümayəndələri tədbirdə iştirak ediblər.

  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
1 / 4
© Sputnik / Leyla Abdullayeva
Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı

İsrailli qonaq Doron Peer çıxışında Azərbaycanın bölgəsində belə bir heyvan yuvasının açılmasını çox təqdirəlayiq hal hesab edib, hətta təəccübləndiyini də gizlətməyib.

"Rayonda sahibsiz itlər çoxalmışdı, küçələrdə gəzmək insanlar üçün təhlükəli idi. Quba şəhər bələdiyyəsinin sədri Humay Məmmədova bu təklifi verəndə dərhal razılaşdım. Tezliklə işə başlanıldı, hazırda iyirmi sahibsiz it bu sığınacaqda yerləşdirilib", - Z.Əliyev bildirib.

© Sputnik / Leyla Abdullayeva
Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı

Fərid Mansurov da Qubada sahibsiz heyvanların sığınacağının açılmasını yüksək dəyərləndirib və Qubanın bu təcrübəsinin bütün rayonlarda yayılaraq həyata keçirilməsini məqsədəuyğun sayıb.

Ümidvarıq ki, bu gündən Qubada küçələrdə sahibsiz itlərə rast gəlinməyəcək və insanlar qorxusuz hərəkət edə biləcəklər. Həm itlərin həyati təhlükəsi aradan qalxacaq, həm də insanların.

6
Teqlər:
sığınacaq, sahibsiz it, Quba
Ofisdə iş, arxiv şəkli

İşsizlər üçün gözlənilən sistem yaxın vaxtlarda istifadəyə veriləcək

0
(Yenilənib 20:50 23.04.2021)
Yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir "ERP" formatını ehtiva edəcək.

BAKI, 23 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində mühüm layihələrdən olan əmək münasibətləri və məşğulluq altsistemi (ƏMAS) yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Agentliyin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi aktiv məşğuluq proqramları barədə məlumat verib. O, rəqəmsal məşğulluğa keçid və xidmətlərin elektronlaşdırılması istiqamətində icra olunan 8 layihəni qeyd edib. Bildirib ki, bunlar ƏMAS, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, həmçinin ictimai işlər portalıdır (works.gov.az).

Qeyd olunub ki, yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir "ERP" formatını ehtiva edəcək. Əmək müqaviləsinin e-formada bağlanması, rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində ƏMAS önəmli rol oynayacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlər vasitəsilə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək.

Daha sonra insan resursları üzrə məsul şəxslərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

0