Baş prokurorluq

AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Baş Prokurorluqda olub

19
(Yenilənib 21:50 10.02.2017)
Alan Desteks Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu bildirib

BAKI, 10 fev — Sputnik. Fevralın 10-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşdə baş prokuror AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verib. 

Baş prokuror Ermənistan silahlı qüvvələri tərəfindən 25 ildən artıq müddət ərzində beynəlxalq hüququn normalarının pozularaq Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsinin bu günədək icra edilməməsini diqqətə çatdırıb.

Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Alan Desteks ətraflı məlumata görə təşəkkürünü bildirərək ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edərək məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu bildirib.

Görüş zamanı insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” kitabı təqdim edilib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib.

19
Teqlər:
beynəlxalq hüququn normaları, Xocalıya ədalət” kitabı, nümayəndə heyəti, BMT Təhlükəsizlik Şurası, Milli Məclis, Avropa Şurası, Heydər Əliyev Fondu, AŞPA, Səməd Seyidov, Alan Desteks, Prezident İlham Əliyev, Zakir Qaralov, Ermənistan