İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

İlham Əliyev: "Ordumuz düşmənə sarsıdıcı zərbələr vurub"

253
(Yenilənib 16:47 10.01.2017)
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

BAKI, 10 yan — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını deyib.

İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

"Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir" — deyən dövlət başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını bildirib.

2016-cı ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan Prezident İlham Əliyev qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd edib: "Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub".

Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu deyən ölkə başçısının sözlərinə görə, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olunub: "Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycanda Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi. Azərbaycanda görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırıb".

"Böhranlı ildə belə, ölkədə 100 mindən çox daimi iş yeri açıldı. Ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində oldu, maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bundan əlavə, "ASAN xidmət" mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. "ASAN Viza"nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb" — dövlət başçısı vurğulayıb.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Ötən il beynəlxalq əlaqələrimizin daha da genişləndiyini deyən Prezident 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfər etdiyini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini bildirib, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan İlham Əliyev əks-hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirib.

2016-cı ilin vacib hadisələrindən danışarkən Prezident "Cənub" qaz dəhlizinin və "Şahdəniz-2" layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü bildirib. Ötən il idmançılarımızın Rio Olimpiadasında tarixi nailiyyətə imza atdığını deyən dövlət başçısı sentyabrda baş tutan referendumun nəticələrindən də danışıb, onun xalqımızın iradəsini əks etdirdiyini diqqətə çatdırıb.

Ötən ilin ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini deyən ölkə rəhbəri bu il çərçivəsində Bakıda bir neçə mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Roma Papasının ölkəmizə səfəri zamanı verdiyi bəyanatların bir daha Azərbaycanın önəmini təsdiqlədiyini qeyd edib.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

Prezident İlham Əliyev yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini deyib, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlətimizin başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, "Ağ şəhər" layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzə Pir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını, ictimai yerlərin yaradılacağını bildirib.

2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini deyib. Dövlət başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışdı, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğulayıb.

Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev hərbi potensialın gücləndirilməsinə dair əlavə tədbirlərin görüləcəyini bildirdi, ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, "ASAN xidmət"in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını əlavə edib.

Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini deyib. Nəhayət, dövlət başçısı 2017-ci ili Azərbaycanda "İslam həmrəyliyi ili" elan edib.

253
Teqlər:
ötən il, 2016, inkişaf, İlham Əliyev, ordu, iclas, prezident
Əlaqədar
İlham Əliyev İran səfirliyinə baş çəkib
Prezident İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib
İlham Əliyev Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib
İlham Əliyev 1 saylı "ASAN Kommunal" Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ramazan Abdulatipovu qəbul edib
İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
İlham Əliyev: İkinci layihənin icrası üçün hazırlıq işləri gedir
Patriarx: İlham Əliyevi ən çətin məsələləri həll edə bilən siyasi xadim kimi tanıyırlar
Vladimir Putin İlham Əliyevə zəng edib
Prezident İlham Əliyev MİDA-nın ilk binasının təməlini qoyub

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

8
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

8
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

51
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

51
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA