İlham Əliyev V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib

İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

174
Prezident İlham Əliyev Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

BAKI, 25 dek — Sputnik. Prezident İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Sputnik-in məlumatına görə, təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş qeyd olunur. Bu sevimli bayram ərəfəsində sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Qürur hissi ilə qeyd edirəm ki, bu ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beş ili tamam olmuşdur. Ötən dövr ərzində yaradılmış iqtisadi potensial, nail olduğumuz sosial tərəqqi və ictimai-siyasi sabitlik dünyada hələ də davam edən qlobal maliyyə-iqtisadi böhranın təsirlərini azaltmağa, ölkəmizi risklərdən qorumağa imkan verir.

Cəmiyyətimizin inkişaf səviyyəsini bu il sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bir daha bariz şəkildə göstərdi. Azərbaycan vətəndaşları yüksək siyasi yetkinlik nümayiş etdirərək, dövlətimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına yeni imkanlar açan həmin dəyişikliklərə səs verdilər.

İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq. Bu ilin aprel ayında Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi.

Azərbaycanın haqlı mövqeyi getdikcə beynəlxalq ictimaiyyətin daha çox dəstəyini qazanır. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə və qlobal humanitar problemlərin həllinə verdiyi töhfələr, multikultural dəyərlərə hörməti və tolerantlıq ənənələri xalqımıza dünyada dərin rəğbət oyatmışdır.

Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, firavanlıq və bütün işlərinizdə uğurlar diləyirəm".

174
Pirat, arxiv şəkli

Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb

7
(Yenilənib 23:17 25.01.2021)
Cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.

BAKI, 25 yanvar — Sputnik. "Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin "Boden denizcilik" şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib".

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 09.06.1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Hazırda ölkəmizin Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.

"Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılmış və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib", - Mətbuat xidmətindən bildirilib.

7
 Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

ABŞ Azərbaycan Ermənistan arasında sülh quruculuğuna töhfə verə bilər

21
(Yenilənib 23:29 25.01.2021)
İşğaldan azad olunmuş ərazilərdə "smart", yaşıl şəhərlərin qurulacağını qeyd edən H.Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib.

BAKI, 25 yanvar - Sputnik. ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu ilə daha aktiv şəkildə əməkdaşlıq edəcəyinə ümid edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda müzakirəsində çıxışı zamanı deyib.

H.Hacıyev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər. O deyib ki, ABŞ-ın post-konflikt dövründə quruculuqla bağlı zəngin təcrübəsi və təşəbbüsləri olub və bu istiqamətdə Cənubi Qafqaza da töhfə verə bilər.

H.Hacıyev ABŞ-ın həm ölkə olaraq təktərəfli şəkildə, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olaraq sülh quruculuğu, münaqişədən sonra rekonstruksiya, yenidənqurmada aktiv rol oynaya biləcəyini vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə "smart", yaşıl şəhərlərin qurulacağını qeyd edən H.Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib.

21
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0