BAKI, 5 noy-Sputnik. Sputnik Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 4-də saat 12:10 radələrində naməlum şəxs metronun "20 Yanvar" stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat verib.
Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilib.
Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.