Ильхам Алиев принял участие в церемонии закладки фундамента Мингячевирского промпарка

İlham Əliyev: Mingəçevir Sənaye Parkı böyük həcmdə xarici valyuta gətirəcək

348
(Yenilənib 23:18 21.09.2016)
Dövlət başçısı qeyd edib ki, Mingəçevir Sənaye Parkında 9 fabrik yaradılacaq.

BAkI, 21 sen — Sputnik. "Bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək".

Sputnik-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Sənaye Parkında 9 fabrik yaradılacaq: “Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq. Bundan sonra Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək".

Prezident İlham Əliyev deyib ki, Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir: “Son illərdə gördüyümüz işlər bu məqsədi güdür ki, Azərbaycanın qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal edək. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq”.

Dövlət başçısı qeyd edib ki, Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq: “Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına da çox güclü dəstək olacaq. Bizim əsas məqsədimiz bu gün kənd təsərrüfatının, sənayenin inkişafına nail olmaq və bu inkişafı daha da sürətləndirməkdir. Ona görə, bu Sənaye Parkında görüləcək işlər həm kənd təsərrüfatı sahəsini, həm də sənaye istehsalı sahəsini birləşdirir. Əslində, bu park bizim siyasətimizi özündə əks etdirir. Çünki bizim siyasətimiz qeyri-neft sektorunun inkişafıdır. Mənə verilən məlumata görə, avadanlığın alınmasına 150 milyon və inşaat işlərinə 60 milyon dollar sərmayə qoyulacaq. Yəni, bu, onu göstərir ki, — mən bunu həmişə demişəm, — ölkəmiz investisiyalar üçün çox cəlbedici ölkədir. Bu, onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyulur. Ən sevindirici hal ondan ibarətdir ki, bu, qeyri-neft sektoruna qoyulur”.

Prezident İlham Əliyev bildirib ki, Mingəçevirdə  Sənaye Parkının təməlinin məhz bu il qoyulması təsadüfi deyil: “Çünki bu il bütün dünya üçün bəlkə də son onilliklər ərzində iqtisadi cəhətdən ən gərgin illərdən biridir. Biz isə öz yolumuzla gedirik. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişafdadır, bölgələrimiz inkişaf edir, ölkəmiz uğurla irəliyə gedir və inkişaf dayanıqlı olmalıdır. Bu parkın özəlliyi ondan ibarətdir ki, bundan sonra onilliklər ərzində bu, həm insanlara, həm Mingəçevir şəhərinə, həm ölkəmizə böyük xeyir gətirəcək”. 

348
XİN-nin binası, arxiv şəkli

XİN: Azərbaycanla UNESCO arasındakı dialoqa üçüncü tərəf müdaxilə edə bilməz

8
(Yenilənib 23:46 15.01.2021)
XİN: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib

BAKI, 15 yanvar - Sputnik. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin ICESCO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, Leyla Abdullayeva şərhində bildirib: “Azərbaycan Respublikasının Prezidenti bu il yanvarın 13-də ICESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı çıxışında ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa etdi.

Bu ərazilərdə Azərbaycan xalqına məxsus hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.

Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə XIX əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.

O ki, qaldı Ermənistan XİN-in guya Azərbaycanın beynəlxalq təşkilatların, xüsusilə də UNESCO-nun əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız ittihamlarına, Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt hətta UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı göstərilir.

Azərbaycan tərəfi UNESCO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla UNESCO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.

Əminik ki, UNESCO/ICESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əlverişli imkan olacaqdır.

Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.

8

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

5
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

5
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0