Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyevin referendumla bağlı mətbuat konfransı

Prezident Administrasiyası: "Venesiya Komissiyası bizi fakt qarşısında qoyub"

885
(Yenilənib 19:56 21.09.2016)
Şahin Əliyev prezidentlik müddətinin 7 ilə qaldırılmasını əsaslandırdı: "Azərbaycan prezidenti hər 5 ilin 3 ilini seçki qızdırması şəraitində yaşayır"

BAKI, 21 sen — Sputnik. "Avropa Şurası Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı açıqladığı ilkin rəy bizi xeyli dərəcədə təəccübləndirib".

Bu fikri Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının (VK) Referendum Aktına dair rəyi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. "Biz Venesiya Komissiyası ilə həmişə bir-birimizə hörmətlə yanaşmışıq. Təcrübədə belə olub ki, VK heç bir qanun layihəsinə 3 aydan tez rəy vermir. Adətən layihələri Azərbaycan hökuməti VK-nın elektron poçtuna göndərirdi və onların rəyini öyrənirdi. Lakin naməlum səbəblərdən bu dəfə Referendum Aktına rəy hazırlanarkən, Azərbaycan hökumətinin fikri nəzərə alınmayıb. Bu prosedur pozulub. VK-nın məktubu AŞPA-nın sorğusu əsasında hazırlanıb. AŞPA bu sorğunu VK-ya sentyabrın 6-da göndərib. VK isə Azərbaycan tərəfinin rəyini dinləmədən, tələm-tələsik 2 həftə ərzində öz rəyini verib. Beləliklə də, Azərbaycan tərəfinin dinlənilmək hüququ əlindən alınıb" — deyə Əliyev bildirib.

O, qeyd edib ki, beynəlxalq qanunvericiliyə görə, məhkəmədə qarş tərəfin dinlənilməsi hüququ var. VK isə bu hüququ Azərbaycan hökumətinin əlindən alıb: "Komissiya bildirib ki, 2 ay Konstitusiyaya düzəlişlərlə başlı təkliflərin müzakirəsi üçün çox az müddətdir. Belə çıxır ki, 60 gün müzakirə üçün azdır, amma 14 günə rəyin hazırlanması mümkündür?".

PA yetkinlisinin sözlərinə görə, VK-nın məktubunda qeyri-dəqiqlik və kobud səhvlər var: "Orada AR Konstitusiyasının 159-cu maddəsinə istinad edilir. Halbuki AR Konstitusiyası 158 maddədən ibarətdir, orada 159-cu maddə yoxdur".

Əliyev deyib ki, VK-nın əsas narazılığı icra hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlıdır: "Söhbət Referendum Aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir. Əsas arqumentləri budur ki, təyinatlı vitse-prezidentlər institutu demokratik standartlara uyğun deyil. Normal müzakirələr keçirilsəydi, bizim rəyimiz soruşulsaydı, onlara sual vermək olardı ki, bu demokratik standart hansı beynəlxalq sənəddə, hansı aktda yazılıb. Biz araşdırmışıq, dünyada belə bir demokratik standart yoxdur. Onu heç kim tapıb qarşımıza qoya bilməz. Seçilmədiyi üçün vitse-prezidentin ölkə prezidentini əvəz etməsi qeyri-demokratik sayılır. Hesab edirlər ki, təyinatlı vitse-prezident seçkili prezidenti əvəz edə bilməz. Halbuki, hamının demokratik ölkə kimi qəbul etdiyi ABŞ-da prezident öz səlahiyyətini icra edə bilmədikdə, onun səlahiyyəti vitse-prezidentə keçir. Vitse-prezident də icra edə bilmədikdə, onun səlahiyyətlərini təyin olunmuş, seçilməmiş nazirlər icra edir. Və heç kim bu proseduru qeyri-demokratik adlandırmır".

Əliyevin sözlərinə görə, Konstitusiya islahatları ölkədə aparılan iqtisadi islahatların tələbindən doğub: "Çünki prezidentin iqtisadi məsələlər üzrə 2 köməkçisi, cənab prezidentin iqtisadi islahatlar siyasətini həyata keçirmək üçün kifayət deyil. Bu çox mürəkkəb və məsuliyyətli prosesdir. Bu prosesdə sahə-sahə siyasətin həyata keçirilməsi tələb olunur. Mətbuatda dəfələrlə vurğulanmışdı ki, Nazirlər Kabineti ölkədə gedən islahatların lokomotivinə çevrilə bilməyib. Bu fikirlə razılaşmaq olar, ona görə ki, NK uzunmüddətli proseslərdə özünü çox perspektivli orqan kimi göstərib və kifayət qədər də səmərəli fəaliyyət göstərib. Lakin hər ay dəyişən iqtisadi vəziyyətdə, maliyyə siyasətində NK aparıcı rol oynaya bilmirdi. Ona görə ki, NK-nin institusional mahiyyəti, onun quruluşu, iş tərzi bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institut bugünkü vəziyyətin tələbidir."

O, VK-nın parlamentin prezident tərəfindən buraxılmasına iradını belə şərh edib: "Bu maddənin Referendum Aktı layihəsinə salınması kiminsə istəyi olmayıb. Bu həyatın tələbatıdır. Ona görə ki, hər bir kollegial orqanın fəaliyyətində olduğu kimi, parlamentin fəaliyyətində də şahmatçıların dili ilə danışsaq, mat situasiyası mövcuddur. Ona görə ki, bu orqanda qərarlar səsvermə ilə qəbul olunur. Mətbuatda vurğulanırdı ki, bir sıra hallarda Azərbaycanın prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş qanun layihələri Konstitusiyanın 97-ci maddəsində nəzərdə tutulmuş müddətdə səsverməyə çıxarılmır. Orada yazılıb ki, prezidentin təqdim etdiyi layihə 2 ay müddətinə səsverməyə çıxarılmalıdır, ya qəbul edilməlidir və ya rədd edilməlidir. Buna misal olaraq mətbuatda "Məhkəmə qərarlarının ləğvi haqqında" qanunun 2009-cu ildən indiyə kimi parlament tərəfindən qəbul olunmaması göstərilir. Prezident belə hallarda parlamenti buraxmaq səlahiyyətinə malik olmalıdır".

Əliyev VK-nı rəy verərkən başqa ölkələrin praktikasına istinad etməməkdə də günahlandırıb: "Fransada prezident Milli Assambleyanı buraxa bilər. Bu zaman prezident Senat və Milli Assamleyanın sədri ilə məsləhətləşmələr aparır. Lakin nəticə necə olmalıdır, bu barədə Fransa Konstitusiyasında heç nə yazılmayıb".

PA yetkilisi deyib ki, VK-nın rəyi verilərkən prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılmasına irad bildirilib, amma burada da başqa ölkələrin təcrübəsinə istinad edilməyib: "Hazırda İsraildə, İslandiyada, Kiprdə prezidentlər 7 il müddətinə, Finlandiyada, Avstriyada 6 il müddətinə seçilirlər. 2002-ci ilə qədər Fransada prezidentin səlahiyyət müddəti 7 il idi. Sonra bu dəyişdirildi. O zamankı Fransa prezidenti Jak Şirak demişdi ki, 7 il çoxdur, 5 il məqbuldur. Amma bunu heç nə ilə əsaslandırmamışdı".

Əliyev Azərbaycanda prezidentlik müddətinin 7 ilə qaldırılması zərurətini belə əsaslandırıb: "Burada məqsəd odur ki, parlamentlə icra hakimiyyətinin başçısının mandat müddəti üst-üstə düşməsin. Azərbaycan prezidenti hər 5 ilin 3 ilini seçki qızdırması şəraitində yaşayır. Hər 5 ildən bir parlament seçkiləri, sonra bələdiyyə seçkiləri, sonra prezident seçkiləri. Prezidentin normal fəaliyyət göstərə bilməsi üçün səlahiyyət müddətinin 7 ilə qaldırılması təklif olunub".

"Prezidentin növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyətinə də VK irad bildirir. Prezidentlik müddəti 7 il olduğuna görə, cənab prezidentin xalqın ona olan inamını müəyyənləşdirmək üçün xalqa müraciət etməyə imkanı olmalıdır. Bu da çox məntiqi haldır." — deyə Əliyev bildirib.

PA yetkilisi VK-nın 2 həftə müddətində rəy verməsini siyasi sifariş adlandırıb: "Konstitusiya Aktı ilə bağlı prosesə iyulun 18-dən start verilib və ayın 26-dək hər kəsin o layihəyə irad bildirmək və təklif vermək imkanı olub. Lakin AŞPA sədrinin məktubu nə iyulda, nə avqustda deyil, referenduma cəmi 20 gün qalmış VK-ya göndərilib." — deyən Əliyevin fikrincə AŞPA-da müxtəlif ölkələrin deputatları var və onların da Azərbaycana münasibəti birmənalı deyil.

"Bizi fakt qarşısında qoyublar. Biz onlarla heç vaxt belə şəraitdə işləməmişik" — deyə Əliyev bildirib.

"VK kifayət qədər vaxtının olmadığını bildirib. AŞPA-nın məktubunun daxil olduğu 2 həftə müddətində VK bir dəfə də olsun Azərbaycanla əlaqə saxlamağa cəhd etməyib" — deyə Əliyev bildirib.

"Dediniz ki, Azərbaycan həmişə qanunvericilik məsələləri ilə bağlı VK ilə əməkdaşlıq edib. Bəs bu dəfə niyə VK-ya müraciət edilməyib?" — sualına cavabında isə Əliyev deyib: "Biz hesab etmədik ki, bu dəyişiklər o dərəcədə mühümdür ki, ona görə VK-ya müraciət edək. Burada prezidentin səlahiyyətləri artırılmır, sadəcə vitse-prezidentlik institutu yaradılır. Bu isə ölkədəki vəziyyətlə əlaqədardır".

885
Teqlər:
Şahin Əliyev, Avropa Şurası Venesiya Komissiyası, Referendum Aktı, Prezident Administrasiyası, Konstitusiya
Əlaqədar
MDB PA Azərbaycandakı referendumu izləyəcək
Referendumla bağlı işçi qrupu yaradılıb
Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun vaxtı bəlli oldu
Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

35
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

35
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Poz verən qadınlar, arxiv şəkli

Əvvəldən idi hüsnü-camalı... ya ucuz iynə ilə burun itirənlər

78
(Yenilənib 21:53 29.11.2020)
"Qan burun damarında dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Son vaxtlar sosial şəbəkələrdə burunun formasının əməliyyatsız dəyişdirilməsi ilə bağlı kosmetoloji xidmətlər təklif olunur. Burun korreksiyası adlanan bu xidmətə tələbat, demək olar ki, xeyli yüksəkdir. Rinoplastika əməliyyatı etdirməyə maddi imkanları olmayan və buna risk etməyən şəxslər kosmetoloqlara üz tutaraq burunlarını korreksiya etdirirlər. Bu kosmetoloji xidmətə günü-gündən artan maraq fəsadları ilə bağlı şikayətləri də artırıb. Sosial şəbəkələrdə burun korreksiyasından sonra burun nayihəsi nekrozlasan qadınların çoxsaylı şəkilləri yayılır. Onlar kosmetoloqlar tərəfindən burun korreksiyası etdirdikdən sonra burunlarının çürüdüyündən şikayətlənirlər. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq bu sahədə tanınmış kosmetoloq, Ay VİP Studionun direktoru Aytac Əsədova ilə söhbətləşib.

- Aytac xanım, son vaxtlar burun korreksiyası bir növ dəbə düşüb. Bu kosmetoloji xidmətdən yararlananlar arasında burnunun çürüməsindən şikayətlənənlər də az deyil. Bu kosmetoloji xidmət və onun fəsadları haqqında oxucularımıza məlumat verərdiniz...

- Bu aktual mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Öncə qeyd edim ki, burun korreksiyası adlandırdığımız kosmetoloji xidmətə tələbat, doğrudan da çoxdur. Gün ərzində biz bəzən 20 belə şəxs qəbul edirik. Onlar arasında təkcə burnunun görünüşündə dəyişiklik etmək istəyənlər yox, rinoplastik əməliyyata müraciət edənlər də var. Bəzən rinoplastik əməliyyat etdirəndən sonra burnun ucunda sallanma olur. Ona görə də, xüsusilə xanımlar kosmetoloqlara müraciət edib burunlarında yaranmış bu qüsurları aradan qaldırmaq üçün burun korreksiyası etdirirlər. Amma qeyd etdiyiniz kimi, bu heç də hər kəsdə uğurlu alınmır. Hətta deyərdim ki, bəzən çox böyük fəsadlara, burnun nekrozlaşmasına gətirib çıxardır.

- Burun korreksiyası zamanı nekrozlaşmaya səbəb olan amil nədir?

- Qeyd etdiyim kimi, burnun formasında dəyişiklik üçün müxtəlif nayihələrə gel vurulur. Bəzən insanlar buna adi kosmetoloji xidmət kimi yanaşırlar. Amma əslində bu çox böyük peşəkarlıq tələb edən kosmetik xidmətdir. Mən öz tələbələrimə də deyirəm ki, burun korreksiyası və işıq dolğusu sizin ən sonda edəcəyiniz iş olmalıdır. Çox təəssüf ki, üz anatomiyasından xəbərdar olmayan, iynə vurmağı bacarmayan şəxslər bu gün kosmetoloq həkim kimi fəaliyyət göstərirlər. Əzələyə iynə vurmağı bacarmayan insanın çox sayda damarın keçdiyi burun nayihəsinə iynə vurması çox təhlükəlidir. Onlar iynəni buruna vurarkən müəyyən tibbi prosedurlara əməl etməlidirlər. İynə buruna yeridildikdən sonra geri çəkilməlidir. Biz şprisin burunda damara düşmədiyinə əmin olmalıyıq. Naşı kosmetoloqlar bunu bilmirlər. Onlar şprisin içindəki geli buruna yeridirlər. Bu zaman həmin gel damara daxil olur. Beləcə damarda qanın dövr etməsinin qarşısını alır. Qan həmin nayihədə damarda dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir.

- Dediklərinizdən belə bəlli olur ki, bu əslində çox riskli bir kosmetik xidmətdir. Bəs bunun müalicəsi mümkündürmü?

- Əlbəttə ki, mümkündür. Amma vaxtında müraciət etmədikdə çox böyük fəsadlar verə bilər. Biz öncə müalicə edərək burun damarına vurulmuş o geli əridib damardan kənarlaşdırmalıyıq. Əks halda çürümənin qarşısını almaq çətin olar.

- Bu xidmətdən yararlanan qadınlara bir peşəkar kimi nə tövsiyə edərdiniz?

- İlk tövsiyəm odur ki, burun korreksiyası ilə bağlı müraciət etdikdə kosmetoloqun peşəkarlığına əmin olsunlar. Bu gün müxtəlif kosmetoloqlar öz Instagram səhifələrində qüsursuz burunları fotoşopla düzəldərək öz əl işləri kimi səhifələrdə yayırlar. Bu şəkilləri görən qadınlar hesab edirlər ki, bu qüsursuz burun onların əl işləridir. Beləcə, aldanaraq burun korreksiyası etdirirlər. Bu zaman fəsadlar ortaya çıxır.

- Burun korreksiyası üçün kosmetoloq hansı biliklərə malik olmaldır?

- İlk növbədə kosmetoloqun mütləq şəkildə tibbi təhsili olmalıdır. Dünən dırnaq qaynaq edənlər, lazer edənlər burun korreksiyası xidməti təklif edirlər. Əlbəttə ki, bu yolverilməzdir. Kosmetoloq hansısa sertifikatı alıbsa, bu onun peşəkarlığına dəlalət etmir. Kosmetoloq həkim kimi fəaliyyət göstərənlərin mütləq şəkildə tibbi biliyi olmalıdır. Bu bilikləri olmasa, onlar, əlbəttə ki, iynəni üzün hansı nahiyəsindən vurmağın fəsadlara səbəb olacağını bilməyəcəklər. Çox təəssüf ki, bu gün adi evdar qadınlar da işsizlik problemlərini həll etmək üçün kosmetoloq kimi fəaliyyət göstərirlər. Bu da qeyd etdiyiniz fəsadların yaranmasına gətirib çıxarır.

- Müasir dövrümüzdə xanımlara göstərilən kosmetik xidmətlərin çeşidi günü-gündən artır. Gözəlləşmək üçün bu yenilikləri sınaqdan keçirənlər arasında arzusuna çatanlar da olur, əks effekt görənlər də. Bu gün ən çox fəsadlar hansı kosmetik xidmətlər zamanı baş verir?

- Dolğulardan istifadəyə günümüzdə tələbat yüksəkdir. Amma çalışmalıyıq ki, istifadə edilən kosmetik məhsullar keyfiyyətli olsun. Biz Səhiyyə Nazirliyinin yoxlamasından keçən kosmetik vasitələrdən yararlanırıq. Bəzən bizim mərkəzin qapısını döyüb aşağı qiymətə müxtəlif kosmetoloji məhsullar təklif edənlər olur. Amma biz onları qəbul etmirik. Bu məsələ həm də kosmetoloqun insafına bağlı məsələdir. Çox arzu edərdim ki, bu məsələyə aidiyyatı qurumlar tərəfindən nəzarət artırılsın. Tibbi təhsili olmayanların kosmetoloq kimi fəaliyyətinə icazə verilməməlidir. Bu zaman biz kosmetik xidmətlərlə bağlı fəsadlara, şikayətlərə də az rast gələrik.

78
Teqlər:
dəb, rinoplastika, çürümə, gözəllik salonu, Bakı, kosmetoloq, iynə, gel, burun
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona