Fətullah Gülən. Arxiv şəkli

FETÖ-dən Azərbaycana hansı təhlükə gözlənilir?

216
(Yenilənib 09:48 17.08.2016)
Gülən şəbəkəsinin ölkəmizdə müəyyən nüfuz əldə etdiyi bildirilsə də, hər hansı çevriliş cəhdinə əl atılması qeyri-mümkün hesab edilir

BAKI, 17 avq — Sputnik. Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sputnik-in sualına cavab olaraq məsələ barədə hələlik ətraflı məlumat verə bilməyəcəyini söyləyib.

"Təfərrüatlarla bağlı məlumatlar istintaq sirri təşkil etdiyi üçün bu informasiyaların açıqlanması yolverilməzdir. Gələcəkdə istintaqın gedişatı ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", — deyə E. Sultanov bildirib.

Onun sözlərinə görə, hazırda bu cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

FETÖ-nün Azərbaycanda "əkdiyi toxumlar"

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Sputnik-ə açıqlamasında, kənardan ixrac olunan tendensiyaların, xüsusən dini cərəyanların milli təhlükəsizlik üçün təhlükə törətdiyini deyib: "Ölkəmiz və xalqımız üçün ənənəvi olmayan bütün dini cərəyanları, xüsusən radikal cərəyanları milli-dövlət təhlükəsizliyimiz üçün təhdid hesab edirəm. Onlara qarşı qanunun sərt tələbləri ilə mübarizə aparmaq lazımdır".

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin canlı şahidlərindən olan, mərkəzi ofisi Ankarada yerləşən "Yerli Düşüncə Dərnəyi"nin Azərbaycan təmsilçisi Barış Cavid də FETÖ ("Fətullahçı Terror Örgütü" — təşkilat Türkiyədə belə adlandırılır — red.) şəbəkəsinin Azərbaycan üçün ciddi təhlükə törətdiyi qənaətindədir. O, bu baxımdan Baş Prokurorluğun cinayət işi başlamasını düzgün addım kimi dəyərləndirir.

"Mən 15 iyul hadisələrinin canlı şahidi kimi Gülən tərəfdarlarına qarşı Azərbaycanda cinayət işi açılmasını dəstəkləyirəm. Türkiyədə qardaş qırğını başlamışdı. Belə bir halın vətənim Azərbaycanda yaşanmasını istəməzdim. Ümumən, istər Türkiyədən, istərsə də başqa ölkələrdən Azərbaycana idxal edilən dini qruplaşmaların hər hansısa fəaliyyətini durdurmaq lazımdır. Elm, təhsil, yardım, mədəniyyət, humanizm adıyla gələn bu qruplaşmalar zamanla ölkədə kök saldıqdan sonra, haqqı olmayan millət üzərində hakimiyyətə iddia etməyə başlayırlar", — deyə Barış Cavid bildirib.

Onun fikrincə, "Gülən şəbəkəsi" Azərbaycana geniş miqyasda nüfuz edib və hətta dövlət strukturlarına qədər gedib çıxa biliblər.

"Terrorun Gülən üzü" kitabının müəllifi, Azərbaycanda və Türkiyədə FETÖ şəbəkəsini ifşa edən silsilə araşdırmalar aparmış jurnalist Aqil Ələsgər də bu fikri bölüşür və "fətullahçılar"ın Azərbaycana gəlişinin 1990-cı illərə gedib çıxdığını əlavə edir. O, təəssüflə bildirir ki, bu gün Azərbaycanda Gülənə bağlı qrup dövlət qurumlarından biznes strukturlarına qədər, əksər sahələrə nüfuz edib.

"Gülənin 1990-cı ildə ölkəmizə ilk gələn "fətullahçılara" dediyi söz var: "Siz Azərbaycandan 25 il meyvə gözləməyəcək və səbr edəcəksiniz ki, əkdiyimiz toxumlar yetişsin". Ancaq hazırda Kanadada yaşayan, "Zaman" qəzetinin ilk təmsilçisi Faruk Arslan yazır ki, "torpaq xam olduğundan biz daha tez nəticə əldə etdik"",- Aqil Ələsgər bildirir.

"Fətullahçı"ların SOCAR-dakı izləri

Hələ 2011-ci ildən Fətullah Gülənlə Ərdoğan hakimiyyəti arasında ilkin ziddiyyətlər başlayanda, bu şəbəkənin Azərbaycanda da özünə ciddi yer eləməsi barədə fikirlər mətbuatın gündəmində olmuşdu. Gülənçi və ya "nurçu" olduğu iddia olunan şəxslərin təhsil, media, biznes və dövlət idarəetmə sistemində movcudluğu barədə mülahizələr səslənirdi. Türkiyə ilə "bir millət — iki dövlət" kimi dəyərləndirilən Azərbaycanda da Gülən şəbəkəsinə qarşı münasibət birmənalı formada pisləşdi. Həmin ərəfədə adı bu şəbəkəni Azərbaycanda himayə edənlərdən biri kimi hallanan, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsininin müdiri Elnur Aslanov 2014-cü ildə vəzifəsindən uzaqlaşdırıldı. Bunun ardınca Gülənə yaxınlığı ilə tanınan "Çağ Öyrətim" liseylərinin və Qafqaz universitetinin idarə edilməsi dəyişdirildi.

15 iyul dövlət çevrilişinə cəhddən sonra isə Azərbaycan Türkiyə ilə strateji münasibətlərinə sadiq qalaraq Gülən şəbəkəsinə qarşı daha kəskin addımlar atmağa başladı. Fətullah Güləndən müsahibə yayımlamaq istəyən yerli ANS telekanalı bağlandı, Qafqaz Universiteti ləğv edildi, bunun ardınca isə Baş Prokurorluq cinayət işinə başladı.

Amma Türkiyə mətbuatı FETÖ qruplaşmasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki biznes lahiyələrində üstün mövqeyə malik olduğunu yazır. İyul ayında saxlanılan Türkiyə "Petkim" neft-kimya kompleksinin keçmiş baş direktoru Sadəddin Qorqud barəsində həbs qərarı verilib. Ümumiyyətlə, Türkiyədə həbs edilənlər arasında "SOCAR Türkiyə"nin baş direktor müavini İlqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovun da adı var. Onlar "terrora dəstək verməkdə" ittiham olunurlar.

"Böyük qardaş"a açılan qapılar

Ankaradakı "Yerli Düşüncə Dərnəyi"nin Azərbaycan təmsilçisi Barış Cavid Gülən təhlükəsinin Türkiyədən hələ də sovuşmadığı qənaətindədir. Onun fikrincə, Gülən camaatı, Türkiyənin adından faydalanaraq digər türkdilli dövlətlərə də nüfuz edib.

"Çünki Sovet İttifaqı dağıldıqdan sonra bu dövlətlərin gözü qardaş ölkə olan Türkiyədə idi. Biz qapılarımızı böyük qardaşa inanaraq açdıq, amma unutmuşduq ki, bu qapıdan yaxşısı olduğu kimi, pisi də keçə biləcək. "Gülənçi"lər və ya "nurçu"lar Azərbaycanda 20 ildən çoxdur ki, əsasən təhsil və iqtisadiyyata güclü nüfuz etmişdilər. Amma onlar Türkiyədəki qədər Azərbaycanda təsir imkanlarına malik deyillər",- deyə Barış Cavid əlavə edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Fətullah Gülənin terror təşkilatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə toxunub. Bu çıxışdan sonra Türkiyə KİV-ləri FETÖ-nün daha hansı ölkələrdə nüfuz sahibi olmasından yazır. Və bu kontekstdə Azərbaycanın da adı tez-tez çəkilir.

Türkiyənin "Star" qəzeti FETÖ-nün 80-ə qədər ölkədə nüfuz sahibi olduğunu deyib. Lakin qəzetin fikrincə, 15 iyul hərbi çevriliş cəhdi hər şeyi dəyişdirib. Ərdoğana görə, Türkiyəni ələ keçirmək istəyən FETÖ-nün məktəblər açdığı başqa ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsi istisna deyil.

Azərbaycan şantaj olunur?

"Gülənçi"lər Azərbaycanda nəyə nail olmaq istəyirlər? Onların məqsədləri və hədəfləri nədir? Araşdırmaçı-jurnalist Aqil Ələsgər hesab edir ki, FETÖ şəbəkəsi Azərbaycanda da siyasi iddialarını yeritmək niyyətindədir.

Onun fikrincə, Fətullah Gülən Azərbaycanı Amerikadakı lobbi qurumları vasitəsi ilə şantaj etməkdən çəkinmir: "Bu gün Azərbaycan onlarla bağlı hər hansı tədbir görmək istədikdə, səsi "Vaşinqton Post"dan, senatorlardan çıxır. Yəni, ölkəmizdə müəyyən mövqeləri işğal etməklə bərabər lobbi vasitəsilə də şantaj edirlər. Real təhlükə ondan ibarətdir ki, xüsusilə, 2000-ci ildən etibarən Gülən Azərbaycanın üst və orta məmur təbəqəsi, ciddi kapital sahibləri ilə çox isti münasibət qurub. Öz kadrları artıq Gülənin ifadəsi ilə desək, dövlətin kapilyarlarına sızıb".

Politoloq Zərdüşt Əlizadə isə Gülən şəbəkəsinin Azərbaycanda çevriliş etmə şanslarının mümkün olmadığını deməklə yanaşı, bu haqda səslənən fikirləri cəfəngiyat hesab edir: "Bu, heç bir əsası olmayan səfeh məlumatdır. Çevriliş üçün hansısa mütəşəkkil qüvvə və bünövrə olmalıdır. Türkiyədə bu, ordu idi. Azərbaycanda isə hökumətdən başqa heç bir mütəşəkkil güc yoxdur. Qaldı ki, ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin Gülən şəbəkəsindən ölkəmizdə istifadə etməsinə, istənilən plan hansısa yerli strukturlara söykənməlidir. Azərbaycanda bu cür yerli qurumlar yoxdur. Gülən şəbəkəsinin nə bizim orduya, nə də dövlət qurumlarına sızma ehtimalı mövcud deyil. Təkrar edirəm, bizim ölkəmizdə hökumətdən savayı ikinci bir qüvvə yoxdur".

Professor Musa Qasımlının fikrincə isə, Azərbaycanın daxili işlərinə müdaxilə və ya dövlət müstəqilliyinə hər hansı təhdid olarsa, bunun qarşısı mütləq alınacaq: "Dövlət orqanlarımızın Azərbaycan əleyhinə daxildən və xaricdən mövcud olan və potensial ola biləcək təhlükələrin qarşısını almağa yönəlik bütün tədbirlərini müsbət qiymətləndirirəm. Dövlətimiz özünün təhlükəsizliyini ən etibarlı şəkildə qorumalıdır. Azərbaycan dövləti o qədər güclüdür ki, heç bir xarici şəbəkə ölkəmizdə əl-qol aça bilməz. Əgər ona cəhd edilərsə, qarşısı dərhal və qanunların bütün gücü tətbiq edilməklə alınar".

Xatırladaq ki, Türkiyədə bu ilin iyulun 15-də uğursuz dövlət çevrilişinə cəhd ediləndən sonra ölkədə kütləvi həbslər aparılıb. Rəsmi Ankara çevrilişin arxasında FETÖ şəbəkəsinin dayandığını iddia edir və onun Amerikaya sığınmış lideri Fətullah Gülənin ölkəyə qaytarılmasını israrla tələb edir.

216
Teqlər:
Musa Qasımlı, Fətullah Gülən, dövlət çevrilişi, Eldar Sultanov, Türkiyə, Azərbaycan, ABŞ
Əlaqədar
Allahşükür Paşazadə də Fətullah Gülənlə mübarizəyə qoşuldu
Barak Obama Fətullah Gülən haqqında danışdı
Fətullah Gülən Qazaxıstanın da düşməni elan olundu
Gülən şəbəkəsi Azərbaycanda çevriliş edə bilər?!
ABŞ Fətullah Gülənin qaçması üçün şərait yaradır?
Bu ölkə Fətullah Güləni qəbul edə biləcəyini açıqladı