İlham Əliyev

Azərbaycanda konstitusiya dəyişiklikləri hansı zərurətdən meydana çıxdı?

105
(Yenilənib 17:03 19.07.2016)
Millət vəkili: "Türkiyə və Qazaxıstanda müəyyən strukturların səhlənkarlığı nələrə səbəb oldu, hamımız gördük"

BAKI, 19 iyul — Sputnik. "İdarəetməni çevik təmin etmək üçün mütləq islahatlar həyata keçirmək lazımdır. Bunun üçün də rəhbərlik gücləndirilməlidir. Prezidentin Konstitusiyada dəyişikliklər edilməsi haqqında verdiyi sərəncam da bununla əlaqəlidir".

Bunu Sputnik-ə millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, bütün yükün bir nəfərin çiyninə düşməsi çətindir: "Fiziki imkanlar da buna yol verməz. Ona görə də, ölkə məsələlərinin həlli üçün əlavə kadrların yerləşdirilməsi, idarəetməyə cəlb olunması çox önəmlidir".

Millət vəkili Tahir Rzayev
Millət vəkili Tahir Rzayev

"Türkiyə və Qazaxıstanda müəyyən strukturların səhlənkarlığı nələrə səbəb oldu, hamımız gördük. Fikir verin, nə qədər hərbçilər tutulub. Əgər orduya nəzarət güclü olsaydı, belə hallar baş verərdimi?", — millət vəkili qeyd edib.

O, oxşar prosesin Ermənistanda getdiyini də xatırladıb: "Bunlar problemli strukturlara nəzarətin çevik həyata keçirilməməsinə görədir. Mən hesab edirəm ki, cənab Prezidentin Konstitusiyada dəyişikliklər edilməsi haqqında verdiyi sərəncam çox düzgün və əhəmiyyətlidir. Və ölkənin gələcək inkişafına hesablanıb".

T. Rzayevin sözlərinə görə, dövlət başçısının son sərəncamı ilə birlikdə Azərbaycanın beynəlxalq arenada tanınma prosesi də güclənəcək: "İlham Əliyevin sərəncamı, eyni zamanda ona xidmət edir ki, həm regionlarımız inkişaf etsin, həm də beynəlxalq arenada tanınma prosesi daha da sürətlənsin. Bu addım xarici əlaqələrin güclənməsi, aparılan danışıqların daha sanballı və çevik həyata keçməsi üçündür".

Xatırladaq ki, prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə sərəncam imzalayıb. Təklif edilən dəyişikliklərdə bir neçə önəmli məsələ yer alıb.

Burada qeyd olunub ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.

58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilib: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır".

Burada göstərilib ki, Konstitusiyanın 85-ci maddəsinin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilsin. Konstitusiyanın 100-cü maddəsindən "Yaşı otuz beşdən aşağı olmayan" sözləri çıxarılır.

101-ci maddənin I hissəsində "5" rəqəmi "7" rəqəmi ilə əvəz ediləcək. Yeni Konstitusiya Aktına Azərbaycan Respublikasının vitse-prezidentləri haqqında maddə salınıb. Bu maddəyə əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. AR-in vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

AR Prezidentinin səlahiyyətlərini AR-nin Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Prezidentin səlahiyyətlərini Baş nazir icra edəcək. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmaz elan ediləcək.

Burada həmçinin göstəilir ki, Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Vitse-prezidentin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

126-cı maddənin I hissəsində "Yaşı 30-dan aşağı olmayan, seçkilərdə" sözləri "Seçkilərdə" sözü ilə əvəz ediləcək.

105
Teqlər:
Tahir Rzayev, Konstitusiyada dəyişiklik, islahat, idarəetmə, Prezident, İlham Əliyev, millət vəkili
Əlaqədar
Ağdaş seçki dairəsinin nəticələri Konstitusiya Məhkəməsinə göndərildi
Atatürk Türkiyə konstitusiyasından çıxarılır
"Qorbaçov Dağlıq Qarabağda fövqəladə vəziyyət elan etməklə SSRİ konstitusiyasını pozub"
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiq edib
MHP: Yeni Konstitusiyada “türk milləti” ifadəsi qalsın