Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Min nəfərdən cəmi 200-ü döyüşdən sağ çıxdı"

© Sputnik / Rahim ZakırogluVeteran kəşfiyyatçı
Veteran kəşfiyyatçı - Sputnik Azərbaycan
Abunə olmaq
Veteran kəşfiyyatçı Böyük Vətən Müharibəsinin dəhşətlərini anladır: "Onlar Kerç boğazından keçərkən alman təyyarələrinin bombardmanına məruz qaldılar və gəminin bütün heyəti suya qərq oldu"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. İkinci Dünya Müharibəsi başlayandan bir il sonra faşist Almaniyasının lideri Adolf Hitler SSRİ-yə qarşı müharibənin qaçılmaz olduğunu bəyan etdi. Bundan sonra SSRİ-nin işğal edilməsi üçün hazırlanan "Barbarossa" adlı yeni planda müəyyən dəyişikliklər aparıldı və Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı 22 iyun tarixində müharibəyə başlamaq əmrini verdi. Beləliklə 22 iyun səhər saat 03:15-də "Barbarossa" əməliyyatına uyğun olaraq Alman qoşunları SSRİ ərazisinə soxuldu.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız cəbhəyə yollanmaq üçün hərbi komissarlıqlara könüllü olaraq müraciət etdi. Avqust ayına qədər isə təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.

© Sputnik / Rahim ZakirogluSinəsini bəzəyən orden və medallar Qurban Bağırovun uzun və şərəfli döyüş yolu keçməsindən xəbər verir
Sinəsini bəzəyən orden və medallar Qurban Bağırovun uzun və şərəfli döyüş yolu keçməsindən xəbər verir  - Sputnik Azərbaycan
Sinəsini bəzəyən orden və medallar Qurban Bağırovun uzun və şərəfli döyüş yolu keçməsindən xəbər verir

Həmin vaxt Lənkəran Rayon Hərbi Komissarlığından 3725 nəfər yola salınıb. Qeyd edək ki, həmin dövrdə Lənkəran Hərbi Komissarlığından yola salınanlar Astara, Lerik və Masallı rayonundan olan vətəndaşlar olub.

Lənkərandan müharibəyə gedənlərdən biri də hazırda Lənkəran şəhəri Kələntərlilər küçəsində yaşayan, 93 yaşlı Bağırov Qurban Əliheydər oğlu olub. O, 23 iyun 1923-cü ildə Lənkəran şəhərində anadan olub. Lənkəran Pedaqoji Texnikumunu bitirəndən sonra, 1940-cı ildən Lənkəranın Göyşaban kəndində ibtidai sinif müəllimi işləməyə başlayıb.

"1941-ci il iyunun 22-si idi. Səhər tezdən hamı şəhərin mərkəzi meydanına yığışmışdı. Doğum günümə də bir gün qalmışdı. O vaxt şəhərdə bir radio var idi, ordan bütün xəbərləri eşidirdik. Və hamımız həyacan və hiddətlə faşist qoşunlarının vətənimizə soxulması xəbərini aldıq", — deyir Qurban baba.

Bütün cavanlar kimi, o da hərbi komissarlığa yollanır: "Amma ordan bildirdilər ki, mən müəllim işlədiyim üçün orduya aparmırlar. Nəysə, elə həmin əhval-ruhiyyə ilə qayıtdım işə. Amma 1942-ci ilin oktyabrında məni Hərbi komissarlıqdan çağırdılar. Mən gəlib evdə valideynlərimlə sağollaşıb getdim".

Əvvəlcə onları Biləcəriyə, oradan da Rusiyanın Oryol şəhərinə aparırlar: "Səhəri gün bizi orada qoşunlara böldülər. Mən kəşfiyyat rotasına düşdüm. Düzü əvvəlcə bərk qorxdum, çünki mən ora çatanda bizim qoşunlar Oryol istiqamətində hücuma keçdilər, özü də təxminən mindən yuxarı döyüşçü ilə. Amma faşistlərin möhkəm müqaviməti ilə üzləşdilər. Geri çəkiləndə isə xeyli itki verdilər".

© Sputnik / Rahim ZakirogluQurban kişi 1942-ci ildən 1944-cü ilin əvvəlinə kimi döyüşlərdə iştirak edib
Qurban kişi 1942-ci ildən 1944-cü ilin əvvəlinə kimi döyüşlərdə iştirak edib - Sputnik Azərbaycan
Qurban kişi 1942-ci ildən 1944-cü ilin əvvəlinə kimi döyüşlərdə iştirak edib

"200 nəfər adam sağ qalmışdı. Mən də bunu görüb qorxdum. Düzü, ölümdən elə də yox, amma döyüşdə özümü necə aparacağımdan qorxurdum. Həm də geri qayıdan yaralılar arasında qonşumuz Orucu da gördüm", — müsahibimiz danışır.

O, 1942-ci ildən 1944-cü ilin əvvəlinə kimi döyüşlərdə iştirak edib: "Biz yenidən toplandıq və faşistlərə qarşı hücuma keçdik. Bizim hissə Oryolu işğaldan azad edib Voronejə qədər irəlilədi və Voroneji də işğaldan azad etdik. Mən 1943-cü ilin sonunda rotamızla bərabər hücuma keçərkən, dekabr ayında bərk xəstələndim. Amma rota komandirimə bildirmək istəmirdim. Çox gizlətsəm də, axırda — 1944-cü ilin əvvəlində məni ciyərlərimdə pnevmaniya xəstəliyi ilə Penza şəhərinə hərbi hospitala müalicə olunmağa göndərdilər".

Penzada 3 ay müalicə olunduqdan sonra oun evə göndərirlər: "3 ay müddətinə istirahət etməyimi məsləhət gördülər. 3 ay bitdikdən dərhal sonra özüm yenidən yollandım Bakıya Respublika Hərbi Komissarlığına. Komissarlıqdan isə məni Bakıda hərbi hissələrdən birinə göndərdilər, orda artilleriya qoşunlarında bir müddət təlim keçəndən sonra məni Gürcüstan SSR-in Suxumi şəhərində yerləşən hərbi hissəyə göndərdilər".

Müharibənin sonuna kimi Suxumidə xidmət edir: "Özüm dəfələrlə cəbhəyə getmək istədiyimi komandirlərimə bildirsəm də, komandanlıq məni oradan heç bir yerə göndərmədi. 1945-ci ilin may ayında məni yenidən Azərbaycana göndərdilər — Ələt qəsəbəsindəki hərbi hissəyə. Üstündən 3-4 gün keçdi və müharibənin bitdiyi xəbərini eşitdik. O vaxtın qanunlarına əsasən, öncə müəllimləri və 50 yaşdan yuxarı döyüşçüləri ordudan tərxis edirdilər. Mən də müəllim olduğum üçün ordudan ilk tərxis olunanlardan oldum".

© Sputnik / Rahım ZakirogluQurban dayının layiq görüldüyü "Vətən müharibəsi" ordeni
Qurban dayının layiq görüldüyü Vətən müharibəsi ordeni - Sputnik Azərbaycan
Qurban dayının layiq görüldüyü "Vətən müharibəsi" ordeni

Qurban dayı özü ilə bərabər orduya gedənləri də xatırlayır: "Mənimlə bərabər dostum Şahverdiyev Abbas və qardaşı Şahverdiyev Cavad da müharibəyə getdi. Onlar Leninqrad cəbhəsinə göndərildilər. Lakin heç biri müharibədən sağ qayıtmadı. Daha sonra İmanqulu var idi. O da gəmi ilə Kerç boğazından keçərkən alman təyyarələrinin bombardmanına məruz qalır və gəminin heyəti ilə birgə batıb. Qonşumuz Səlimov Əliağa və qardaşı Səlimov Yəhya Rostov ətrafında gedən döyüşlərdə həlak olublar".

"Bircə bizim hərbi hissədə avtoqarajın rəisi Kiçikbazarlı Nəcəfqulu sağ qalanlardan oldu. Qalan heç kim yadımda deyil", — deyir…

Qeyd edək ki, 1941-45-ci illər Böyük Vətən Müharibəsində Lənkəran Hərbi Komissarlığından cəbhəyə gedən azərbaycanlılardan 2458 nəfəri həlak olub, 1294 nəfəri isə itkin düşüb.

Xəbər lenti
0