Assurların qalıqları Ağstafanın Vurğun qəsəbəsində bu gün də var

Azərbaycanda etnik azlıq: xristiandırlar, amma oruc tutub, namaz qılırlar

1432
(Yenilənib 11:16 07.06.2016)
1949-cu ildə Rusiyaya sürgün olunurlar. Köç üçün cəmi 15 dəqiqə vaxt qoyulubmuş. Ağsaqqallar hadisə haqqında danışanda dəhşəti ifadə eləmək üçün deyirlər ki, həmin gün yeməkləri ocaqda qalıb.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Tarixdən azacıq biliyi olanlara məlumdur ki, Azərbaycan tarixinin ən qədim dövrlərinə aid məlumatlar assur qaynaqlarından götürülüb. Həmin assurların qalıqları Ağstafanın Vurğun qəsəbəsində bu gün də var.

Ağstafa rayonunun Vurğun qəsəbəsi
© Sputnik / HIKMET ORHUN

Yerli əhali onları «aysor» adlandırır. Aysorlarla bağlı yazı yazmaq fikrimi bildirəndə Şamon dayıdan bəhs edən məlumatlı adamlar dedi ki, bu barədə ən dolğun məlumat ala biləcəyim yeganə insan odur. Onların sözünü rəhbər tutub, Vurğun qəsəbəsinə yollandım.

Məni onun qızı Leya xanım qarşıladı. Gəlişimin məqsədini söyləyəndən sonra bildirdi ki, atası dörd il bundan qabaq dünyasını dəyişib, anası Lelli xanım xəstədir. Özü isə bu mövzuda danışmaq istəmir.

Təkid edəndə göz yaşları içində bildirdi ki, ömrü boyu zülm, əziyyət görüblər. Atası müharibə iştirakçısı olsa da, ölənə kimi təqaüd ala bilməyib: "Hazırda anam xəstədir, xahiş edirəm, istəmirəm narahat olsun, ona görə də, müsahibə verə bilməyəcəm".

Anasına şəfa diləyib, çox narahat etmədən atası Şamon kişinin qəsəbədə yerləşən xristian qəbiristanlığındakı məzarını ziyarət edib, qəbrinin şəklini çəkib, kənddən ayrıldım. Əvvəllər bu mövzunu araşdırmış qazaxlı şair, eyni zamanda tarix müəllimi olan Bəxtiyar Hidayətlə ordan-burdan danışırdıq ki, söz açıldı. Mövzunu yarıda qoymamaq üçün, həm də daha çox adam bilsin deyə, onunla söhbətləşmək qərarına gəldik.

Ermənilərin zülm elədiyi etnik azlıq

Aysorlar Türkiyənin Rum vilayətinin Bitlis ərazisindən 500 ailə olaraq köçürülüb. 1915-ci ildə 1-ci dünya müharibəsi zamanı köç edəndə onları qarışıq salıb, erməni köçünə qoşublar.

Köç sonra ermənilərdən ayrılıb. Ayrılanda ermənilər onları türk bilib, köçlərinə hücum edib. Sonra isə türklər elə biliblər ki, ermənidirlər, bir də onlar zülm ediblər. İndi qəsəbədəki qəbiristanlıqda sakitcə uyumalarına baxmayın, ermənilərin ucbatından başlarına gəlməyən oyun qalmayıb.

Nəhayət, 30-40 ailə çox çətinliklərdən keçib, Həsənsuya yerləşir. 1905-ci ildə isə bu qəsəbəyə almanlar köçürülmüşdü. Qəsəbənin adını öz dillərində Qrünfüld (Yaşıl bağ) qoymuşdular.

Qəsəbədə almanlarla aysorlar mehriban dolanıblar. 1941-ci ildə "nemis"ləri sürgün edirlər, 1948-ci ildə Ermənistandan bura köç başlayır. Aysorların xaçpərəst olmaları problemlər yaradır.

1949-cu ildə isə onlar özləri də Tomsk vilayətinə sürgün olunurlar. Köç üçün cəmi 15 dəqiqə vaxt qoyulubmuş. Ağsaqqallar hadisə haqqında danışanda dəhşəti ifadə eləmək üçün deyirlər ki, həmin gün yeməkləri ocaqda qalıb.

Xristiandırlar, amma…

İxtisasca tarix müəllimi olan Bəxtiyar deyir ki, onlar xristiandırlar. Xristianlığa qədər Günəşə sitayiş edirmişlər, artıq o dini unudublar. Özlərini ilk xristian sayırlar.

"Onların xristianlıqları tamam fərqlidir. Onlarda da oruc var, namaz var. Orucları tamam fərqlidir, elə namazları da. Gündə iki dəfə namaz qılırlar. Dizlərini yerə qoyub, üzü öz qiblələrinə (günçıxana) sarı dua edirlər", — deyir tarixçi.

B. Hidayətin sözlərinə görə, aysorların orucları ildə iki dəfə olur: "İsanın doğum günündən başlamış (7 yanvar), iyirmi beş gün oruc tuturlar. Bu, bizim dindarların tutduğu oruca bənzəmir, elə bil, iftarda da oruc tuturlar. Həmin ərəfədə ət, yağ, balıq qəbul etmirlər".

Assurların dini terminləri islamla demək olar ki, eynidir. Həmsöhbətimizin təqdim etdiyi siyahını gözdən keçirəndə müəyyən sözlərdəki oxşarlıq adamda belə təəssürat yaradır ki, sən onların dilini bilirsən.

Aşağıdakı sözlərə diqqət:

Şləmolox — salaməleyk
Əlahi — Allah
Niviya — Nəvi (peyğəmbər)
Məlikta — Mələk
Qublət — Qiblə
Qiyuta — yeri su basması (qiyamət)
Prdosa — Firdovs (cənnət)
Qəhənna — Cəhənnəm.
Tovit —Tabut
Kipona — Kəfən
Qobra — Qəbir
Qovrata — Qəbristanlıq
Xrata Dünye — Dünyanın axırı (axirət)

Assurlar özlərini Yusif peyğəmbərin nəslindən sayırlar. Yuxarıda adını çəkdiyimiz Şamon dayının adı da Yusifin böyük qardaşı Şamonun adından götürülüb. Amma həmin hadisələr onlarda bir az fərqlidir: Yusifi Yaqubun deyil, Rahilin övladı sayırlar.

Əlifbaları, dilləri və adları…

Bəxtiyar müəllimin dediyinə görə, onlar əlifbalarının ərəblər tərəfindən mənimsənildiyini iddia edirlər: "Assur əlifbası da 21 hərfdən ibarətdir. Tərkibində 6 sait səs var və nöqtələrlə ifadə olunur. Hərflərin adları da ərəb əlifbasını xarırladır: Ələb, Bes, Gələs, Gəməl və s. Bundan əlavə, assurların iki cür əlifbası olub: birincisi, Stangeri, ikincisi, assurların Ana Əlifbası. Stangeri əlifbasını hal-hazırda oxuya bilən yoxdur. İkinci əlifba ilə yazılan kitablar sağdan sola oxunur".

Dilləri qədim xaldey dilidir. Bu dilin 32 dialekti var. Xırda-xırda qruplarla dünyanın müxtəlif ölkələrinə yayılan assurlar, daha çox Torontoda, İsveçrədə, Avstriyada, Almaniyada, Hollandiyada məskunlaşıblar. Dialektləri bir-birindən o qədər də fərqli deyil. Sadəcə yazı dilləri eyni bizim dilimizdəki kimi danışıq dilindən fərqlənir.

Ərəblər tərəfindən götürülüb, ərəb dilinin lüğət tərkibinə daxil edildiyi iddia olunan sözlərdən bir neçəsi:

Zəyəm qəbiristanlığındakı qədim qəbirlərdən biri
© Sputnik / Shahperi Abbasova

Xlula — Toy
Dalabuta — Nişan
Xatna — Bəy
Kəlta — Gəlin
Yemma — Ana
Bəbi — Ata
Axuna — Qardaş
Xəta — Bacı
Xəlta — Xala
Xola — Dayı
Xmyane — Qaynata
Xmata — Qaynana
Biya — Ev
Kəlbə — İt
Varxa — Yol
Bolta — Balta
Şelpa — Bıçaq
Ketton — Kətan
Ləbba — Ürək

Adları da orijinaldır. Qadınlara verilən Şmoye, Şuşana, kişilərə verilən Muşel, Yuqan, Şamon, Amonuel nadir hallarda rast gəlinən adlardır. "Amenuel" sözü hərfi tərcümədə "Allah bizimlədir" anlamına gəlir.

Adət-ənənələri

Elçilik adətləri eyni bizdəki kimidir. Toyları axşam başlayır, səhərə qədər davam edir. Gəlin mütləq lopa işığında aparılmalıdır. Müsahibimiz deyir ki, Yallı, Şeyxana, Köçəri kimi rəqsləri var.

"Əri ölmüş və yaxud ərdən boşanmış qadına "bəxti dəyişmiş" deyirlər. Evdə bir cavan ölərsə, 7 il yas axlayırlar. Ev bütünlüklə tünd göy rəngə boyanır. Bu, onlarda yas rəmzidir. Hətta, saxladıqları qoyunların da beli 7 il tünd göy rəngdə rənglənir. Dəfnləri eyni xristian dəfni kimidir. Araq da olur".

1432
Teqlər:
oruc, Şamon dayı, aysor, assur, Vurğun qəsəbəsi, Ağstafa, xristian, namaz, müsəlman, tarix
Əlaqədar
Bu kişi doğmalarının ruhları ilə danışır
Tarix bu sirri hələ kimsəyə açmayıb
200 illik tarixi abidə ətrafında müəmma
Bu kənddə ölülər də bayram edir

Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib - FOTO

13
(Yenilənib 22:50 01.03.2021)
İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.   

BAKI, 1 mart - Sputnik. “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana  tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.  

8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Həkimlər  gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.

İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

13
Qarda qəza, arxiv şəkli

Qarlı havada bir-birinə dəyən avtomobillərin zərərini kim ödəyəcək?

446
"Qarlı hava şəraitində isə sığorta təşkilatlarına bu sığorta növü üçün sığorta ödənişləri həyata keçirmək çox çətindir"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Ötən həftə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq sürücülərə qarlı havada şəxi avtomobilləri ilə yola çıxmamaq tövsiyyə olunsa da, respublikanın avtomobil yollarında 50-dən çox yol-nəqliyyat hadisəsi baş verdi. Qarlı-şaxtalı hava yol nəqliyyat hadisələri zamanı avtomobillərə dəyən ziyanın necə ödənilməsi məsələsini də gündəmə gətirib. Sputnik Azərbaycan bu vəziyyətdə avtomobillərə dəymiş ziyanın kim tərəfindən ödənilməli olduğunu araşdırıb.

Sığorta üzrə ekspert Əli Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası mövcuddur: "Qarlı hava şəraitində isə sığorta təşkilatlarına bu sığorta növü üçün sığorta ödənişləri həyata keçirmək çox çətindir. Çünki burada günahkar tərəfi təyin etmək çox çətindir. Hətta deyərdim ki, mümkünsüzdür. Belə hallarda vətəndaşlar hərəsi öz avtomobillərini təmir etdirmək məcburiyyətində qalır. Çünki, burada icbari sığorta haqqında qanunun tələbləri işləmir. Könüllü sığortaya gəldikdə (kasko sığorta) belə qarlı hava şəraitlərində dəymiş zərər hər bir halda sığorta şirkətləri tərəfindən ödənilir və ödənilməlidir. Çünki, kasko sığortada qarlı hava şəraiti istisnası yoxdur".

Sığorta üzrə ekspert İlkin İbrahimov isə deyir ki, qarlı havada yol-nəqliyyat hadisələri zamanı bir neçə avtomobilin iştirakı ilə qəza baş verərsə bu zaman araşdırma üçün müəyyən vaxta ehtiyac yaranır. Bu vaxt itkisi isə narazııqlara gətirib çıxarır: "Hesab edirəm ki, bu hallarla bağlı Daxili İşlər Nazirliyində operativ qərərgah yaradılmalı hadisələrdə zərərçəkənin və zərərvuranın müəyyən olunması üçün tədbirlər görülə bilər. Eyni zamanda bu hallarda ekspertizanın aparılması da müəyyən vaxt aparır. Ekspertizanın aparılması uzun vaxt alır. Avtomobil qəzalarında icbari sığortası olanlar qarşı tərəfə vurduqları ziyanla bağlı daha rahat nəfəs ala bilirlər. Bu hal 5 min manata kimi dəyən ziyanla bağlıdır. Əgər qarşı tərəfə dəyən ziyan daha çoxdursa o zaman yenə də könüllü sığortanın olması arzuolunandır".

Sığorta şirkətləri isə sığortası olan avtomobillərə qarlı hava şəraitində dəyən ziyanın məbləğinin ödənildiyini söyləyirlər.

"Xalq Sığorta" Şirkətinin Hadisələr şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, qar çoğunu, qar fıtınası olduğu havalarda avtomobilə dəyən ziyan təminata düşmür: "Yox əgər qışa xarakterik olan qarlı-buzlu havada idarəetməni kimsə itirib digər avtomobilə ziyan vurursa, bu halda məsuliyyət sığortası işləyir. Tam ödəniş olunur".

Bununla belə şirkətdən bildirdilər ki, mütləq yol polisinin hadisə ilə bağlı protokolu olmalıdır: "Bəzən yol polisi işçiləri də buzlu havada günahkarı müəyyən etməyə çətinlik çəkir. Amma günahkar müəyyən olunubsa, hansı sığorta şirkətinin sığortaladığ avtomobil günahkardırsa, dəyən ziyan mütləq ödəməyə borcludur. Bizim şirkətdə sığorta olunan avtomobillərdən 60-a yaxın avtomobil buzlu havada iki ügn ərzində qəzanın törənməsinə səbəb olub. Həmin avtomobillərə dəyən ziyan ödəniləcək".

O ki, qaldı dövlət orqanın günahkarı müəyyən etmədiyi qəzada sığortanın necə ödənilməsinə, şirkətdən bildirdilər ki, qaununla bu iş dövlət orqanın üzərinə düşür, sığorta şirkətinin yox!

Vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri də zəncirvari qəzalarda avtomobillərə dəyən ziyanın kim tərəfindən ödənilməsidir. Sığorta şirkətindən bildirdilər ki, ziyanın ödənilməsi bu zaman hadisədən asılı olaraq dəyişir: "Zəncirvari qəzalar hər biri öz xüsusiyyətləri ilə fərqlənir. Bir dəqiqədən sonra hadisə olursa, o artıq tamamilə ayrı hadisə kimi qeydə alınır".

Sığorta şirkətindən onu da bildirdilər ki, icbari məsuliyyət sığortasına görə 5 min manat ödənilir. Zərər 5 min manatdan çoxdura zərərçəkənlər arasında bu məbləğ bölünür.

446
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0