BAKI, 31 may — Sputnik. Dövlət Sərhəd Xidmətinin "Ağgöl" təlim bazasında sərhədçilərimizin taktiki təlimi Türkiyə mediasında geniş işıqlandırılıb. Belə ki, may ayının 17-dən 19-dək keçirilən taktiki təlimlərlə bağlı Türkiyə Radio və Televiziyasına (TRT) daxil olan telekanallarda süjetlər yayımlanıb və sərhədçilərimizin yüksək səviyyədə döyüş hazırlığı tamaşaçılara təqdim olunub.
Sputnik xəbər verir ki, sərhədçilərimizin təliminin "dosta güvən, düşmənə gözdağı" olduğunu vurğulayan telekanallar, Azərbaycan sərhədçilərinin ölkə sərhədlərini qorumağa tam hazır olduğunu xüsusi qeyd edib. Taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin yüksək peşəkarlığı, ən müasir texniki vasitələrin və yüksək dəqiqlikli silahların tətbiq olunmasının Azərbaycan sərhədlərinin etibarlı mühafizəsini təmin etdiyi tamaşaçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl "Ağgöl" təlim mərkəzində keçirilmiş təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib.
Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təlimi müvəffəqiyyətlə başa vurub.
BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.
Əlavə məlumat veriləcək.
BAKI, 17 yanvar - Sputnik. Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.
Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.
Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.