Qərənfil Dünyaminqızı

Xalqın azadlıq arzusundan yaranan Cümhuriyyət

143
(Yenilənib 15:44 31.05.2016)
İlk dəfə olaraq ADR dövründə mətbuat üzərində senzuranı ləğv edildi. Həmin dövrə Azərbaycan yazarları ilk dəfə olaraq azad sözün qüdrətini hiss ediblər.

Xalq Cümhuriyyəti xalqın arzusundan yarandı
BAKI, 26 may — Sputnik. "Azərbaycan Demokratik Respublikası birdən-birə yaranmadı. Onun yaranması üçün bizim mətbuatımız, siyasətimiz və ideologiyamız uzun yol keçdi. Klassiklərimiz bunu mətbuat vasitəsilə etdilər".

Bunu mayın 26-da Sputnik Mətbuat Mərkəzində keçirilən tədbirdə, Bakı Dövlət Universitetinin müəllimi, publisist Qərənfil Dünyaminqızı deyib. Onun sözlərinə görə, AXC dövründə Azərbaycan yazarları ilk dəfə olaraq azad sözün qüdrətini hiss ediblər.

"Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918-1920) olduqca zəngin bir dövrdür. Bu dövr birim tarix və taleyimizdə həm də ən şərəfli bir dövrdür. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün biz jurnalistlər üçün daha önəm kəsb etməsi bir çox faktlar və islahatlarla bağlıdır. Bütün yazarlar hər zaman azad söz, azad cəmiyyət və senzurasız yazmaq arzusu ilə yaşayır. Məhz ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti noyabr ayında mətbuat üzərindən senzuranı ləğv etdi", — deyə publisist bildirib.

Q. Dünyaminqızının sözlərinə görə, bu dövrdə həmçinin "Mətbuat haqqında Nizamnamə" qəbul edilib: "Bu nizamnamə ölkədə mətbuatın fəaliyyətini tənzimləyən ilk qanunverici akt olub. Və yenə də ilk onaraq, AXC dövründə 1919-cu ilin oktyabr ayının 30-da parlamentdə "Mətbuat haqqında Nizamnamə" qəbul edildi. Qəbul edilənədək parlamentdə dəfələrlə müzakirələr aparıldı. Bu müzakirələrdə bütün partiyalar və yazarlar öz fikirlərini, təkliflərini və iradlarını bildirdilər".

"Arxiv sənədlərlə tanış olanda hiss olunur ki, bu müzakirələr çox qızğın bir şəkildə keçirdi, amma sonra nizamnamə qəbul olundu. Sual verilə bilər: niyə nizamnamə adlandırıldı? Əvvəla ona görə ki, o zaman KİV deyilən bir sistem hələ Azərbaycanda formalaşmamışdı — radio, televiziya, agentliklər yox idi. Yalnız qəzet, vərəqə və jurnallar idi. Buna görə bunu nizamnamə adlandırdılar", — araşdırmaçı vurğulayıb.

Qeyd edək ki, 1918-ci ilin mayın 28-də müsəlman şərqində ilk dəfə olaraq Azərbaycanda parlament üsul-idarəli, dünyəvi respublika yaradılıb. 28 aprel 1920-ci ildə sovet ordusu tərəfindən işğal nəticəsində Azərbaycanın 23 aylıq müstəqilliyinə son qoyulur.

1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub. 28 may Respublika günü — dövlət müstəqilliyinin bərpa edilməsi günü kimi rəsmi səviyyədə qeyd edilir.

143
Teqlər:
müstəqillik, Qərənfil Dünyaminqızı, ADR, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Demokratik Respublikası, azadlıq, AXC
Əlaqədar
Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq
Cümhuriyyətimizin tarixində ən vacib günlərdən biri
Daha bir müstəqillik atributunun meydana gəlməsi

İntihar çıxış yolu deyil, amma təəssüflər olsun ki, belə qızlar...

25
(Yenilənib 13:55 24.02.2021)
"Qanunvericiliklə erkən nikah qadağandır və bu adla hansısa akt icra olunursa, tərəflər məsuliyyət daşıyırlar" - Fazil Mustafa.

Nigar İsgəndərova, Sputnik Azərbaycamn

BAKI, 24 fevral — Sputnik. Bu gün əksər Azərbaycan ailələrində qız uşaqlarının hüquqlarının tanınmaması, onlara qarşı məsuliyyətsiz yanaşma bir çox hallarda faciə ilə nəticələnir. Bu faciənin törənməsinin arxasında isə çox vaxt ailə böyükləri – “ağbirçəklər", "ağsaqqallar" və məsuliyyətsiz, savadsız valideynlər dayanır.

"Qız yükü, duz yükü" deyib, qızlarını erkən yaşda, yaxud da ağına-bozuna baxmadan ata ocağından didərgin salıb ərə verməklə onları necə çıxılmaz dərənin dibinə yuvarladıqlarının fərqində olmurlar.

Qanunvericilik erkən nikaha icazə vermir, bu kimi halların aşkarlanması məsuliyyət yaradır. Amma çox zaman valideylər hüquqi məsuliyyətdən yayınmaq üçün belə mərasimləri nişanlama, adqoyma adlandırırlar. 13-15 yaşda bir qız gələcəyi ilə bağlı nə seçim edə, nə kimi düzgün qərar verə bilər ki?! Bu yaşda qız ailənin, ana olmanın məsuliyyətinin nədən ibarət olduğunu necə anlaya bilər ki? Bunları dərk etməyən, seçim imkanı olmayan, beyinləri erkən yaşlardan dərsə getmək əvəzinə ərə getmək təbliğatı ilə doldurulan bu qızcığazların əvəzinə valideynlər tərəfindən verilən qərarlar isə onların həyatını məhv etməkdən başqa bir şey deyil.

Erkən nikahla yanaşı, erkən yaşlarda nişanlama və adqoymaya görə də məsuliyyət olmalıdırmı? Qanunvericilikdə belə bir bəndin yer alması necə, erkən nikah probleminin, valideynlərin məsuliyyətdən qaçmalarının qarşısını ala biləcəkmi?

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında erkən nikahı dünənin və bu günün böyük bəlası adlandırıb. Onun sözlərinə görə, bəzən erkən nikahlara dərhal reaksiya verilsə də, bəzən valideynlər bu mərasimləri nişan, adqoyma adlandıraraq cəzasız qalırlar.

“Biz qızları erkən nikaha sövq etməklə nə qədər qızcığazın çiyninə böyük yük, içinə bir qadın, ana qoyuruq, artıq onun bətnini formalaşdırırıq”, - Ağazadə deyib.

Onun fikrincə, “nişan”, “adqoyma” tipli erkən evliliyi hədəf alaraq həyata keçirilən adətlərlə bağlı qanunvericiliyə müəyyən bəndlər əlavə edilməlidir. Orada belə halların hüquqi məsuliyyət yaratdığı konkret qeyd edilməlidir. Yaxud da elə inzibati cəzalar (məsələn, azı 3-4 min manatlıq cərimə) tətbiq edilməlidir ki, valideyn bunun maddi yükünü çiyinlərində hiss eləsin. 

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin eksperti Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə görülən işlərdən və sözügedən problemin yaranma səbəblərindən söz açıb. Onun fikruncə, bu problemə iki müstəvidən baxmaq lazımdır: hüquqi müstəvi və adət-ənənələr adlandırdığımız müstəvi.

“Hüquqi müstəvidə Azərbaycan hər zaman erkən nikahlara qarşı mübarizə aparan bir ölkə olub. 2011-ci ildə Azərbaycanda qadın və kişilər üçün ən aşağı nikah yaşı 18 müəyyənləşib. Erkən nikahla bağlı qanunvericilikdə məsuliyyət nəzərdə tutulub və zamanla bu istiqamətdə təkmilləşmə gedir. Lakin məsələyə "adət-ənənələr" müstəvisindən baxdıqda, valideynlərin təhsil vermədən qızlarını erkən yaşlarda nikaha sövq etməklə onları uçuruma yuvarladıqlarını görə bilərik. Valideynlər qız övladlarına yük kimi baxmamalıdırlar. Əslində qız övladları yük deyil, bir zinətdir", - Veysəlova deyib.

Ekspertin sözlərinə görə, valideynlər çalışır ki, qız övladları daha tez ailə həyatı qursunlar. Lakin bir şeyi düşünmürlər ki, təhsili, peşəsi, sənəti yoxdursa, bu qız uşağı bir şəxsiyyət olaraq inkişaf etməyibsə, həm fizioloji, həm də psixoloji olaraq ailə qurmağa hazır deyilsə, onlar övladlarını uçuruma yuvarlayırlar. Sonradan isə bu valideynlər, günahkar axtarırlar:

“Baxın, savadsız, peşəsi olmayan qadın öz gələcəyi ilə bağlı vacib qərarlar qəbul edə, dünyaya gətirdiyi övladına lazımi təhsili verə bilmir. Bir çox hallarda bu qadınların ailə həyatları da uğurlu olmur. Mütəxəssislər də bildirir ki, əksər hallarda erkən nikahlar uğursuz sonluqlarla nəticələnir və bu kimi ailələrdə çoxsaylı problemlər müşahidə edilir. Erkən ailə həyatı quran və şəxsiyyət kimi formalaşa bilməyən bu şəxslər dönüb geriyə baxdıqda, öz özünə sual verəcək ki, “həyatımda nail olduğum bu idimi, mən bunları istəmişdimmi”. Özünü sorğu-sual edərkən onun da içində digərləri kimi oxumaq, təhsil almaq arzusunun baş qaldırdığını görəcək".

Veysəlova bildirib ki, bu qadınlar əzildiklərindən, hüquqlarını bilmədiklərindən haqlarını tələb edə bilmir və bəzən intihara əl atırlar:

"Belə qadınlar arasında məişət zorakılığına məruz qalma, boşanma halları daha çox qeydə alınır. İntihar çıxış yolu deyil, amma təəssüflər olsun ki, belə qızlar ya ailə quranadək, ya da ki ailə qurduqdan sonra dözməyərək intihar edir. Çünki onların gözlədiyi həyat bu olmamışdı".

Veysəlovanın fikrincə, ailədə təmas, ünsiyyət elə olmalıdır ki, heç kəs heç kəsin əmlakı, şəxsi mülkiyyəti olmasın, kiminləsə bu cür rəftar edilməsin: "Övlada, qız uşaqlarına şəxsiyyət kimi yanaşmaq lazımdır. Valideyn elə şərait yaratmalıdır ki, övladı kənarda yox, ailəsində, valideynin timsalında dostunu tapsın. Səmimiyyət və dostluq münasibətləri bütün problemlərin həlli üçün ən mühüm vasitədir. Çünki məsafələr uzaqlaşdıqca, ailədaxili münasibətlərdə də problemlər yaranacaq".

Ekspert hesab edir ki, bu cür münasibətlərdən doğulan uşaqlar da bir sıra qüsurlarla dünyaya gəlirlər.

Erkən nikahların qarşısının alınması yolunun maariflənmədən başladığını bildirən mütəxəssis, valideynləri övladlarına şəxsiyyət kimi yanaşmağa, onun məsuliyyətini daşımağa, təhsillə təmin etməyə çağırıb:

“Qızlar daha tez ailə həyatı qurmalıdır” kimi stereotiplərdən kənara çıxmaq lazımdır.  Bu stereotiplərlə mübarizə çoxlu vaxt tələb edir. Biz qız övladlarına ailə və cəmiyyətdə dəyərin verilməsi məsələsini gündəmə gətirməli, bunu aktuallaşdırmalıyıq. Ailələrdə qızlara qarşı bu və digər formada müəyyən zorakılıq faktorlarının olması bəzi hallarda daha bədbəxt sonluqlarla yekunlaşır. Maarifləndirmə işləri aparılmalı və ictimai qınaq olmalıdır. Məsələn, 14-16 yaşlı qızın nişan mərasimindən xəbər tutan müəllim belə bu hadisənin qarşısını almalıdır. İnsanları elə istiqamətləndirməliyik ki, onlar özləri də boş fikirlərdən daşınsınlar. Körpə qızcığaz həyatdan nə görüb, nə anlayıb ki, ona adqoyma edir, nişanlayırlar?! Sadə həqiqətləri insanlara başa düşəcəyi dildə çatdırmaq lazımdır. İnanın bundan sonra onlar nəinki övladlarına, heç qohum-əqrəbadakı digər doğmalarına qarşı da belə bir addımın atılmasını qəbul etməyəcəklər".

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, burada söhbət həmin mərasimin adının nə qoyulmasından getmir: "Bunun erkən nikah olduğu sübuta yetirilirsə, valideynlər məsuliyyətə cəlb olunurlar. Niyyət erkən nikaha sövqetmədirsə, valideyn məsuliyyət daşımalıdır. Bunu sübut etmək isə heç də çətin deyil. Adını ad günü qoyub müxtəlif fırıldaqlarla hər şey etmək mümkündür. Amma qanunvericiliklə erkən nikah qadağandır və bu adla hansısa akt icra olunursa, tərəflər məsuliyyət daşıyırlar".

25

Ölkədəki faktiki hava - hər yerə qar yağır

8
(Yenilənib 19:34 24.02.2021)
Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

BAKI, 24 fevral - Sputnik. Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən bildirilib ki, fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan,  Zaqatala,  Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.

Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

8
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

0
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

0