Ovçu Səttar Hüseynov

70 il təbiətdən şirə çəkən insan

246
(Yenilənib 18:57 25.05.2016)
Onu təbiət ovçu yetişdirib. Dünyaya gəlişi aclıq illərinə düşdüyündən düzlərdə bitən tərə, ceyran, qaban, müxtəlif çöl quşları və balıq əti ilə böyüdülüb. Vəhşi təbiətin qoynunda, aran-yaylaq yollarında silahı daim çiynində olub.

Ayaz YAŞILYARPAQ, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Ötən əsrin ortalarınacan Kürqırağı kəndlərdə maraqlı həyat tərzi olub. Nəfəskəsən quru və isti iqlimi olan, yayı quraq keçən Aran bölgəsində ağamalılar, tanrıqulular, şahqulular, muradxanlı, murtulu, bəyzadələr tayfaları köçəri həyat yaşayıb. Kürün qarşısına bənd vurulandan, kollektiv təsərrüfat yaradılandan sonra bu tayfalar müxtəlif yaşayış məntəqələrinə çəkilərək, oturaq həyata keçib.

Fəzail Əhmədov
© Sputnik / Ayaz Yashilyarpaq

Çayboyu lentvari uzanan meşə, şor suların axıdıldığı göl, kol və qamışlıqlar, yol-izi olmayan, ucu-bucağı görünməyən otlaqlar, yovşanlı düzlər müxtəlif vəhşi heyvanlar və quşlara burada məskən salmaq imkanı verib. O dövrdə bəzi qaçaq-quldurlar, hökumətin təqibinə məruz qalanlar da bu yerlərdə gizləniblər.

"Səməd Vurğun dedi ki, yaxşı oxusan, səni Bakıya aparacam"

İmişlinin Ağamalılar kəndində yaşayan Səttar Hüseynov uşaqlıqdan bu yerləri qarış-qarış gəzdiyini deyir. O, 1946-cı ildə indiki yaşayış məntəqəsindən azacıq aralıda doğulub. 1943-cü ildəki güclü çay daşqınınından sonra əhali pərən-pərən düşübmüş — kmi yaxın yerlərə sığınıb, kimi baş götürüb Zərdab, Beyləqan, Ağcabədi, Ucar rayonlarına gedib.

"O dəhşətli daşqından adamların gözü qorxmuşdu. Ona görə tez qayıtmağa ürək eləməyiblər. Neçə illər keçəndən sonra el bir yerə yığıldı. Mənim 1 yaşım olanda — 1947-ci ildə ailəmiz Kürdəmir rayonunun Söyüdlər kəndinə köçüb və 11 ildən sonra geri qayıdıb"- həmsöhbətimiz nağıl edir.

Uşaqlıq yaddaşından silinməyən ən şirin xatirə xalq şairi Səməd Vurğunla görüşməyidir: "Qardaşım Mikayıl məndən 19 yaş böyük olub. Ovçu kimi ad çıxarmışdı. Səməd Vurğun bizim evdə çox olub. Axırıncı dəfə gəlməyi yadımdadır. Onda 1-ci sinifdə oxuyurdum. Həyət qapımızın qabağında "Poltruqa" deyilən avtomobil dayandı. Şair Kürdəmirdən olan Eldar pəhləvanla gəlmişdi. Ailəmizlə tanış idi deyə, hamımızla ayrı-ayrılıqda hal-əhval tutdu. Mənimlə görüşəndə neçənci sinifdə, necə oxumağmla maraqlandı. Dedi yaxşı oxu, səni Bakıda məktəbə qoyacam. Sonra Mikayılı də götürüb getdilər ova. Qardaşımla onun şəkli var, eşitdiyimə görə hazırda ev muzeyində saxlanılır".

Qardaşının toyunda yemək ceyran ətindən bişirilib

Ovçuluq sənətinə uşaq yaşlarından başlayıb. Deyir, müharibə bitəndən 5-10 il sonra da aclıq olub. Kür yaxasında olan kəndlərin camaatını ov saxlayıb: "O vaxtlar balıq da, quş da bol idi. Qış uzunu qaz, ördək, qaşqaldaq, qırqovul əti yeyirdik. Balıq kisələrlə tutulurdu. Turaclar həyətə gələrdi. Çörək olmadığından adamlar yazda pencər yığıb qaynadır, ona qatıq qarışdırıb yeyirdi".

  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Ovçu Səttar Hüseynov
    Ovçu Səttar Hüseynov
    © Sputnik / Ayaz Yashilyarpaq
1 / 9
© Sputnik / Ayaz Yashilyarpaq
Ovçu Səttar Hüseynov

İlk dəfə ova 13 yaşında çıxdığını deyir. Onda artıq bu yerlərdən ceyranlar çəkilib getmişdi. Qəhrəmanımıza ceyran ovlamaq qismət olmasa da, onun ətindən bolluca daddığını deyir: "Dişim tutandan ceyran kababı yemişəm. 50-ci illərdə ovçular Kürdəmir rayonundakı "Göyərçin şilyanı"na gedərdilər. Ümumiyyətlə, Ağgölün ətrafı ceyranların məskəni olub".

"Əmim nağıl edirdi ki, bir dəfə el yaylağa gedəndə, Ağcabədinin "Həsən əmi quyusu" deyilən ərazisində bir dəstə ceyran otlaya-otlaya gəlib bizim keçilərə qarışıb, Laçının "Çal Bayır"ına qədər sürünün içində gedib. Ceyran əti ilə ortancıl qardaşımın toyu yola verilib", — S. Hüseynov danışır.

Texnika çıxandan, boş düzlər tutulandan, şirin su mənbələri nəzarətə götürüləndən, təbiətin sakit həyatı pozulandan sonra "qara gözlü, mərcan dişli çöllər qızı" da bu yerlərdən çəkilib gedir. Üstündən yarım əsr ötəndən sonra hökumət Ağgöldə yasaqlıq yaradıb və ora ceyranlar buraxıb.

Boz qobunun faydası və zərəri

Ağgöl milli parka çevrilsə də, Şərbətqobu hələ də ovçuların üzünə açıqdır. Köhnə ovçular sonuncuya "Boz qobu" deyirlər. Səttar kişi sututarın "Şərbət" adlandırılmağının tarixçəsini danışır: "Boz qobu Ağgöldən mənbə götürür. 17 min hektar ərazini əhatə edən həmin gölə Ağcabədi, Beyləqan rayonlarının şor suları yığılır. Boz qobunun suyu Şərbətə, oradan da Sarısuya tökülür, sonuncunun Naxalıq adlanan hissəsindən Kürə axır".

Dediyinə görə, "Boz qobu"da su az olduğundan vaxtilə dağdan qayıdan elat mal-qaralarını suvarmaqda çətinlik çəkərmiş: "Ona görə onun içərisində bir neçə yerdən quyu qazılıb. Şirin su çıxan yerləri "Şərbət" adlandırıblar. Ətrafını qamışlıq alsa da, yerləri dəqiq yadımdadır, göstərə bilərəm. Qobunun heç də hər yerindən şirin su çıxmayıb. "Zəhrimar" deyilən yer var, suyu acıdır. Çöllü-biyaban olduğundan buradakı yerlərin el arasında tanınma adları, nişanələri var".

Səttar kişi deyir ki, vaxtilə Boz qobu həm heyvanların suvarılmağı, həm də ovçuluq üçün Kürqırağı kəndlər üçün həyati əhəmiyyət kəsb edib. Amma qobu daim ətraf əraziləri zinə altında qoyur. Bu isə torpaqları şoranlaşdırır, məhsuldarlığı aşağı salır, ağacları yandırır. Hələ sovet hakimiyyəti illərində onun şor kanala çıxışını yaratmaq istəyiblər, bu, hansısa səbəbdən alınmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi burada ovçuluq təsrrüfatı yaratsa da, əvvəlki vaxtlardakı kimi qobuda balıq və quş olmur.

"İndi qış sərt keçmir deyə quş da olmur. 1969-cu ildə Aran bölgəsində bir qış olub ki, hələ də yaddan çıxmayıb. Boz qobunun suyu elə donmuşdu ki, üstünə "motosklet"lə çıxırdıq. Çöllər qanadı donmuş yaşılbaş ördəklərlə dolu idi. Heç ovçu olmayanlar da silahsız gedib quş tutub gətirirdilər. Ovun təkcə uğuru yox, həm də ləzzəti qar, şaxta, duman, çəndədir…", — deyir Səttar kişi.

O, köhnə ovçuların həddən artıq səxavətli və intizamlı olduqlarını deyir: "Əsl ovçu yazda — quşlar bala çıxaran vaxtlarda əlinə silah almazdı. Ovdan qayıdanda rastımıza çıxanın yanından boş keçə bilməzdik, vurduğumuzdan, tutduğumuzdan pay verərdik. Satmaq söhbəti yox idi".

Balın da dadı qaçıb…

Sonuncu dəfə ovda 1992-ci ildə olub. Bundan sonra həyətyanı təsərrüfatında arı saxlamağa başlayıb: "Vaxtilə Xankəndindən ermənilər gətirib burada arı saxlayıb. Çox yaxşı da bal götürürdülər. Köçkünlük düşəndə Zəngilanda yaşayan yeznəmiz arılarını da bura gətirmək istəyib, amma yolda ikən qırılıblar. Boş yeşikləri gətirib bizim həyətə boşaltmışdı. Elə o yeşiklərdən istifadə edirik. Dədə-babalarımız arını belə yeşiklərdə saxlamayıblar, onlara ağac budaqlarından həsir kimi cəvərən toxuyardılar".

Müsahibimizin sözlərinə görə, daha min bir dərdin dərmanı olan təmiz bal almaq mümkün deyil: "Əvvəllər arıya dava-dərman verilməzdi, ətraf mühit də bu qədər çirklənməmişdi. İndi deyirlər, arıya o dərmanı ver, bu dərmanı ver. Qırılmasın deyə vermək məcburiyyətindəsən, amma bilmirsən, tərkibində nə var. Ağaclar da, əkinlər də dərmanlanır. Ona görə hazırkı dövrdə balın tərkibində kimyəvi qatqılar olur".

Hələ arılar bala artırmaqla məşğuldur. Hər üç həftədən bir bala çıxarırlar. Balı iyunun axırlarında — iyulun əvəllərində yığmağa başlayacaqlar. O vaxtadək də Aran yerində çiçək qalmır: "Arıların şirə çəkə biləcəyi bağlar, çöllər yavandır. Bizim yerlərdə əsasən yonca əkilir. Onu da çiçək açmadan biçirlər. Buna görə indiki balda qabaqkıların dadı olmur".

Səttar kişi köhnə ovçu xasiyyətində qalıb — zəhmətlə əldə etdiyi balın bircə qramını da satmır. Deyir, bal nə qədər çox olsa da, uman yerlərin hamısına pay göndərməyə çatmır. Bal qurtarır, ardınca umu-küsü başlayır. Qohumların narazılığın birdəfəlik yatırtmaq üçün arı ailələrindən onlara verir ki, özləri saxlasınlar. Amma dərin köks ötürərək deyir ki, arılar da onun həyatına bir elə şirinlik gətirməyib — sevimli ömür-gün yoldaşının vəfatından sonra kişi qəribsəməyə başlayıb…

246
Teqlər:
bal, arı, Səttar Hüseynov, Ağamalılar kəndi, arıçılıq, ovçu, ov, İmişli
Əlaqədar
Bir ananın duası bu qədərmi keçərliymiş?!
Onları doğulan gündən müharibə təqib edir...
İki dinə qulluq edən qadın – gözəgörünməzlə qəribə rabitə
Yüz ilin yolçuları - səfər hələ bitməyib...

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

12
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

12
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

63
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

63
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA