Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan Prezidentindən dünya ictimaiyyətinə çağırış

35
(Yenilənib 14:59 25.05.2016)
İlham Əliyev Ermənistan ordusunun Azərbaycanın mülki şəxslərinə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etdiyi bildirib: "Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var"

BAKI, 24 may — Sputnik. "Dünya Humanitar Sammitinin nəticələrinin humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına töhfə verəcəyinə inanıram". Prezident İlham Əliyev İstanbulda keçirilən sammitin plenar iclasındakı çıxışında belə deyib.
Azərbaycan prezidenti İlham Əliyev
© Photo : Azərbaycan Prezidentinin rəsmi səhifəsi

"Biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik. Artıq 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır", — Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin bariz nümunəsi kimi Xocalı soyqırımını xatırladıb və əlavə edib ki, artıq bu, ondan çox ölkə tərəfindən soyqırımı kimi tanınıb. Prezident dah sonra bildirilib ki, 2016-cı ilin aprelində Ermənistan dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirib.

"Bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb. Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib", — İ. Əliyev bəyan edib.

O, Ermənistan tərəfindən törədilən bütün müharibə cinayətlərinin sənədlərlə sübuta yetirildiyin və beynəlxalq müşahidəçilərə təqdim olunduğunu qeyd edib: "Mülki əhalimizi qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum həyata keçirdi və yalnız bundan sonra təcavüzkar dayandırıldı. Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoymur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu işğal olunub. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə, onlar 20 ildən çoxdur, kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standart siyasətidir. Ermənistan bu qətnamələrə əməl etməli və ya bu ölkəyə qarşı sanksiya tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Prezident, bütün region üçün təhlükə mənbəyi olan, Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasından da söz açıb: "Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın "çirkli bomba" adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır".

"Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir", — deyə İ. Əliyev vurğulayıb.

Qeyd edək ki, Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışdır. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə, 5 mindən çox nümayəndə iştirak edib.

35
Teqlər:
Dünya Humanitar Sammiti, Ermənistan, İlham Əliyev, sammit, Azərbaycan
Əlaqədar
İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb
İlham Əliyev: Terrordan ən çox əziyyət çəkən elə müsəlmanlardır
İlham Əliyev Dmitri Medvedevlə görüşdə Rusiyaya təşəkkür edib
İlham Əliyev Türkiyəyə təşəkkür etdi
"Ermənistan Vyana görüşünün mahiyyətini başa düşməyib"
Erməni silahlı bölmələri atəşkəsi 20 dəfə pozub