Ağstafa rayonunun Vurğun qəsəbəsi

Bu kənddə almanların ruhu dolaşır

1417
(Yenilənib 12:08 24.05.2016)
Sovet dövründə Kalininkənd adlanan, Ağstafa rayonunun hazırkı Vurğun qəsəbəsi almanların kompakt yaşadıqları yaşayış məskənlərindən olub. 1905-1906-ci illərdə gələn almanlar XX əsrin qırxıncı illərinə qədər bu kənddə yaşayıblar.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Siemens qardaşları Gədəbəydə parlaq iz qoyub. XIX əsrin ortalarında Azərbaycanın bu bölgəsində mis yataqları tapılandan sonra bir canlanma yaşanıb. 1855-1856-cı illərdə yerli sahibkarlar Gədəbəydə zavod tikiblər. Alman sahibkar Fon Siemens bu zavodu satın alandan sonra Gədəbəydə Siemens-in yadigarları yer almağa başlayıblar.

Almaniyanın "Siemens" şirkəti tərəfindən Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan və Gədəbəyi Qalakəndlə birləşdirən dəmiryolu çəkilib. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryoluna əlavə kimi daş körpülər salınıb. Relyefə uyğun olaraq, körpülərin sayı artıb. Tez bir zamanda kiçik bir ərazidə körpü sayı 7-yə çatıb.

Bu, irili-xırdalı, körpülərin bəzisi indi də sap-sağlamdır, əvvəlki görkəmini qoruyub saxlayır. Bəzisi də artıq çökməkdədir. El arasında "Qanlı Körpü" kimi tanınan körpü xüsusilə seçilir.

Şirkət 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ-mədən işləri aparan zaman, Azərbaycana işləməyə gələn almanlar mədənə yaxın rayonlarda — Şəmkirdə, Ağstafada məskunlaşmağa başlayıblar. Getdikcə yerli əhali ilə qaynayıb-qarışan almanlar, məskunlaşdıqları ərazinin adət-ənənələrini, təsərrüfatını, dilini mənimsəyib, amma bununla yanaşı həmişə özlərinə məxsus olublar, evlərini alman memarlıq üslubuna xas tikib, qəbiristanlıqlarını ayırıblar.

Sovet dövründə Kalininkənd adlanan Ağstafa rayonunun hazırkı Vurğun qəsəbəsi də almanların kompakt yaşadıqları yaşayış məskənlərindən olub. El arasında kəndə Qrenfil də deyirlər, stansiyanın adı olub. 1905-1906-ci illərdə gələn almanlar XX əsrin qırxıncı illərinə qədər bu kənddə yaşayıblar. Yaşadıqları dövrdə üzümçülük və heyvandarlıqla məşğul olan almanlar, xüsusi gözəlliyi ilə seçilən evlər tikiblər.

Demokratik düşüncə tərzi ilə seçilən almanlar yollarını da öz xarakterlərinə uyğun — gen-bol salıblar. Sputnik-ə danışan Vurğun Bələdiyyəsinin sədri Adil Əliyevin sözlərinə görə, küçələrin eni on iki-on üç metrdən çoxdur: "Küçələrdə Tatlı daşından istifadə edərək arx çəkib, səkilər salıblar. Evlərinin qabağında meyvə ağacları əkiblər, çoxu armud ağacı idi. Zaman keçdikcə qurudu".

  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Sovet dövründə Kalininkənd adlanan qəsəbə almanların kompakt yaşadıqları yaşayış məskənlərindən olub
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    El arasında kəndə Qrenfil də deyirlər
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Yaşadıqları dövrdə üzümçülük və heyvandarlıqla məşğul olan almanlar, xüsusi gözəlliyi ilə seçilən evlər tikiblər
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Evlərin dam örtüyü zaman keçdikcə sıradan çıxdığına görə dəyişdirilib
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    1905-1906-ci illərdə gələn almanlar XX əsrin qırxıncı illərinə qədər bu kənddə yaşayıblar
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Günəşdən qorunmaq üçün içəri tərəfdən pəncərələrə vurulan taxta örtüklər, alaqapının üstünə qurulan taxta körpücüklər, evin girişindəki yerdən balkonlar tamam başqa bir mədəniyyətdən söz açır
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Hazırda bu kənddə almanlar yaşamırlar
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Evlərin bəzisi inzibati bina kimi fəaliyyət göstərir
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Vurğun qəsəbəsində ev
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Zirzəmiyə açılan pəncərə
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Kənddə yerləşən almanların, rusların, ermənilərin və aysorların dəfn olunduğu xristian qəbiristanlığı
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Yüz ildən artıq tarixi olan məzarlıq lazımi qaydada qorunmur
    © Sputnik / HIKMET ORHUN
  • Ağstafa rayonunun Vurğun qəsəbəsi
    Qəbirlərin bəzisi uçub, çoxunun üstü oxunmur
    © Sputnik / HIKMET ORHUN
1 / 13
© Sputnik / HIKMET ORHUN
Sovet dövründə Kalininkənd adlanan qəsəbə almanların kompakt yaşadıqları yaşayış məskənlərindən olub

Bir neçəsi tamamilə yararsız vəziyyətə düşsə də, hazırda ayaqda qalan həmin evlərdə Vurğun qəsəbəsinin sakinləri yaşayırlar. Bəzisi inzibati bina kimi fəaliyyət göstərir. Evlərin dam örtüyü zaman keçdikcə sıradan çıxdığına görə dəyişdirilib, amma yaşayış olmayan və ya inzibati bina kimi fəaliyyət göstərən binalar əvvəlki görkəmini saxladığı üçün baxanda alman üslubu dərhal nəzərə çarpır. Günəşdən qorunmaq üçün içəri tərəfdən pəncərələrə vurulan taxta örtüklər, alaqapının üstünə qurulan taxta körpücüklər, evin girişindəki yerdən balkonlar tamam başqa bir mədəniyyətdən söz açır.

Hazırda bu kənddə almanlar yaşamırlar. A. Əliyevin dediyinə görə, hazırda onun yaşadığı evin sahibi olan alman ailəsi, Azərbaycandan çıxandan sonra Gürcüstanın Qardaban rayonuna köçüb. O, balaca olanda ara-sıra gəlib-gedən böyük mədəniyyət sahibləri ilə 1956-cı ildən sonra əlaqələri tamam kəsilib.

"Kənddə bağları var idi, iki-üç il məhsul yığımı vaxtı gəlib, bizdə qonaq qalıblar, sonra yenə də gediblər. Hazırda gəlib-gedənləri yoxdur, amma ara-sıra eşidirəm ki, Gürcüstanda və Rusiyada yaşayanları var", — bələdiyyə sədri bildirib.

Bizi kənddə yerləşən almanların, rusların, ermənilərin və aysorların dəfn olunduğu xristian qəbiristanlığı ilə tanış edən Adil müəllim, təəssüflə bildirdi ki, dəfələrlə alman hökumətinə və Azərbaycandakı əlaqədar təşkilatlara müraciət etsə də, yüz ildən artıq tarixi olan məzarlıq lazımi qaydada qorunmur.

O, çox istəyir ki, qəbirlərin restavrasiyası, məzarlığın hasara alınması üçün vəsait ayrılsın və xüsusi qaydada qorunsun: "Mən məzarlığın kənar təsirlərdən qorunması üçün əlimdən gələni etmişəm, dörd tərəfi "setka"lanıb. Qəbirlərin bəzisi uçub, çoxunun üstü oxunmur, xüsusi qaydada təmizlənməli, hərəsinin üzərinə kimə aid olduğunu bildirən nişan qoyulmalı, hasara alınmalı, muzey kimi qorunmalıdır. Bu isə Vurğun Bələdiyyəsinin imkanları daxilində deyil".

"Layihənin sxemini çəkib, smetasını hazırlamışam. Bələdiyyəmizin əməkdaşlıq etdiyi Yerli Özünü İdarə Etməyə Yardım alman təşkilatına və başqa əlaqədar orqanlara müraciət etmişəm, amma hələ ki heç bir cavab yoxdur", — A. Əliyev əlavə edib.

Onun sözlərinə görə, burada təkcə almanlar deyil, ruslar, aysorlar və ermənilər də dəfn olunublar: "İnanıram ki, nəzərdə tutduğum bu iş alınacaq. Bu, həm də bizim tariximizin tərkib hissəsidir. Öz tolerantlığımızı dünyaya göstərməliyik. Göstərməliyik ki, əslində biz bütün mədəniyyətlərə sayğı ilə yanaşırıq".

1417
Teqlər:
Qrenfil, Vurğun qəsəbəsi, Kalininkənd, "Qanlı Körpü", alman, Siemens qardaşları, Gədəbəy, Ağstafa, Adil Əliyev
Əlaqədar
Stalinin hələ də "yaşadığı" yeganə kənd - bura Azərbaycandır
Yaşı 3 min il, boyu 2.5 metr olan ölülər
Azərbaycanın bu bölgəsində müsəlmanlarla xristianlar birgə ibadət edirlər
Azərbaycanın bu bölgələri "Kolumbiyaya" çevrilir

Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib - FOTO

13
(Yenilənib 22:50 01.03.2021)
İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.   

BAKI, 1 mart - Sputnik. “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana  tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.  

8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Həkimlər  gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.

İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

13
Qarda qəza, arxiv şəkli

Qarlı havada bir-birinə dəyən avtomobillərin zərərini kim ödəyəcək?

451
"Qarlı hava şəraitində isə sığorta təşkilatlarına bu sığorta növü üçün sığorta ödənişləri həyata keçirmək çox çətindir"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Ötən həftə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq sürücülərə qarlı havada şəxi avtomobilləri ilə yola çıxmamaq tövsiyyə olunsa da, respublikanın avtomobil yollarında 50-dən çox yol-nəqliyyat hadisəsi baş verdi. Qarlı-şaxtalı hava yol nəqliyyat hadisələri zamanı avtomobillərə dəyən ziyanın necə ödənilməsi məsələsini də gündəmə gətirib. Sputnik Azərbaycan bu vəziyyətdə avtomobillərə dəymiş ziyanın kim tərəfindən ödənilməli olduğunu araşdırıb.

Sığorta üzrə ekspert Əli Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası mövcuddur: "Qarlı hava şəraitində isə sığorta təşkilatlarına bu sığorta növü üçün sığorta ödənişləri həyata keçirmək çox çətindir. Çünki burada günahkar tərəfi təyin etmək çox çətindir. Hətta deyərdim ki, mümkünsüzdür. Belə hallarda vətəndaşlar hərəsi öz avtomobillərini təmir etdirmək məcburiyyətində qalır. Çünki, burada icbari sığorta haqqında qanunun tələbləri işləmir. Könüllü sığortaya gəldikdə (kasko sığorta) belə qarlı hava şəraitlərində dəymiş zərər hər bir halda sığorta şirkətləri tərəfindən ödənilir və ödənilməlidir. Çünki, kasko sığortada qarlı hava şəraiti istisnası yoxdur".

Sığorta üzrə ekspert İlkin İbrahimov isə deyir ki, qarlı havada yol-nəqliyyat hadisələri zamanı bir neçə avtomobilin iştirakı ilə qəza baş verərsə bu zaman araşdırma üçün müəyyən vaxta ehtiyac yaranır. Bu vaxt itkisi isə narazııqlara gətirib çıxarır: "Hesab edirəm ki, bu hallarla bağlı Daxili İşlər Nazirliyində operativ qərərgah yaradılmalı hadisələrdə zərərçəkənin və zərərvuranın müəyyən olunması üçün tədbirlər görülə bilər. Eyni zamanda bu hallarda ekspertizanın aparılması da müəyyən vaxt aparır. Ekspertizanın aparılması uzun vaxt alır. Avtomobil qəzalarında icbari sığortası olanlar qarşı tərəfə vurduqları ziyanla bağlı daha rahat nəfəs ala bilirlər. Bu hal 5 min manata kimi dəyən ziyanla bağlıdır. Əgər qarşı tərəfə dəyən ziyan daha çoxdursa o zaman yenə də könüllü sığortanın olması arzuolunandır".

Sığorta şirkətləri isə sığortası olan avtomobillərə qarlı hava şəraitində dəyən ziyanın məbləğinin ödənildiyini söyləyirlər.

"Xalq Sığorta" Şirkətinin Hadisələr şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, qar çoğunu, qar fıtınası olduğu havalarda avtomobilə dəyən ziyan təminata düşmür: "Yox əgər qışa xarakterik olan qarlı-buzlu havada idarəetməni kimsə itirib digər avtomobilə ziyan vurursa, bu halda məsuliyyət sığortası işləyir. Tam ödəniş olunur".

Bununla belə şirkətdən bildirdilər ki, mütləq yol polisinin hadisə ilə bağlı protokolu olmalıdır: "Bəzən yol polisi işçiləri də buzlu havada günahkarı müəyyən etməyə çətinlik çəkir. Amma günahkar müəyyən olunubsa, hansı sığorta şirkətinin sığortaladığ avtomobil günahkardırsa, dəyən ziyan mütləq ödəməyə borcludur. Bizim şirkətdə sığorta olunan avtomobillərdən 60-a yaxın avtomobil buzlu havada iki ügn ərzində qəzanın törənməsinə səbəb olub. Həmin avtomobillərə dəyən ziyan ödəniləcək".

O ki, qaldı dövlət orqanın günahkarı müəyyən etmədiyi qəzada sığortanın necə ödənilməsinə, şirkətdən bildirdilər ki, qaununla bu iş dövlət orqanın üzərinə düşür, sığorta şirkətinin yox!

Vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri də zəncirvari qəzalarda avtomobillərə dəyən ziyanın kim tərəfindən ödənilməsidir. Sığorta şirkətindən bildirdilər ki, ziyanın ödənilməsi bu zaman hadisədən asılı olaraq dəyişir: "Zəncirvari qəzalar hər biri öz xüsusiyyətləri ilə fərqlənir. Bir dəqiqədən sonra hadisə olursa, o artıq tamamilə ayrı hadisə kimi qeydə alınır".

Sığorta şirkətindən onu da bildirdilər ki, icbari məsuliyyət sığortasına görə 5 min manat ödənilir. Zərər 5 min manatdan çoxdura zərərçəkənlər arasında bu məbləğ bölünür.

451
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0