Zəhərlənmə

Azərbaycanda vətəndaşlar zəhərlənməkdə davam edəcək

355
(Yenilənib 15:09 24.05.2016)
Ona görə ki, maraqlar konflikti var. Sertifikat verən orqanla əhalinin sağlamlığı keşiyində duran orqan bir əldədir.

Azərbaycanda vətəndaşlar zəhərlənməkdə davam edəcək
BAKI, 19 may — Sputnik. Bu ilin 4 ayı ərzində Azərbaycanda 182 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 222 nəfər zərər çəkib.

Yanvar-aprel ayları ərzində ölkədə 22 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 27 nəfər zərər çəkib. Cari ilin aprel ayında isə 39 qida zəhərlənməsi hadisəsi nəticəsində 49 nəfər zəhərlənib. 3 botulizm hadisəsi nəticəsində eyni sayda zəhərlənmə qeydə alınıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sputnik”ə açıqlamasında bildirib ki, real göstəricilər bu rəqəmlərdən “250 dəfə” çoxdur:

“Azərbaycanda statistikada qida zəhərlənməsi ümumdünya göstəricisindən 250 dəfə az göstərilir. O cümlədən, sizə deyilən rəqəm çox kiçikdir. Məsələn, ABŞ əhalisi 318 milyon nəfərdir, bir ildə 76 milyon qida zəhərlənməsi olur. Yəni hər 100 min əhaliyə 26 min zəhərlənmə düşür. Fransanın əhalisi 64 milyon nəfərdir, bir ildə 750 min qida zəhərlənməsi olur. Daha doğrusu, 100 min əhaliyə 1210 qida zəhərlənməsi düşür”.

Bəs Azərbaycanda bu rəqəmlər nə üçün belə az göstərilir? Eyyub Hüseynovun fikrincə, bunun səbəbi zəhərlənən insanın birbaşa Səhiyyə Nazirliyinin orqanlarına müraciət etməsidir: “Təcili yardıma zəng vuran kimi həkimlər gəlir və xəstəni xilas etmək üçün mədəsini yuyurlar. Mədə yuyulan kimi artıq fakt itir. Normal bir həkim olsa, nümunə götürüb zəhərlənməyə səbəb olan məhsulu müəyyən edər. Lakin müəyyən olunan məhsulun sahibi də Səhiyyə Nazirliyinin verdiyi sertifikatı göstərəcək ki, məhsulun təhlükəsizliyinə nazirlik cavabdehdir”.

Ekspertin sözlərinə görə, nə qədər ki maraqlar konflikti var, Azərbaycan vətəndaşlarının zəhərlənməsi davam edəcək:

“Maraqlar konflikti var. Sertifikat verən orqanla əhalinin sağlamlığı keşiyində duran orqan bir əldədir. Ona görə də, səhiyyə nazirliyinin bütün işçiləri – böyük həkim ordusu qida zəhərlənməsini gizlədir. Nə qədər ki, sertifikat verən orqan müstəqil deyil və səhiyyə nazirinin əlindədir, maraqlar konflikti var, Azərbaycan vətəndaşlarının zəhərlənməsi davam edəcək. Bunun da açıq nümunəsi Azərbaycanda olan apteklər şəbəkəsidir. Dünya ölkələrindən təxminən 20 dəfə çoxdur apteklər şəbəkəsi”.

Qida zəhərlənmələrinin 99% ciddi nəticələrə səbəb olmur və bir-iki gün ərzində keçib gedir. Lakin təcrübə göstərir ki, onlarla zəhərlənmə hadisəsi bizim yolumuzu xəstəxanadan sala və ölümlə nəticələnə bilər. Terapevt həkim Elfanə Süleymanova “Sputnik”ə açıqlamasında bildirib ki, əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmamasıdır: “Zəhərlənməyə istehsal tarixi ötmüş malların qəbulu, onların düzgün saxlanılmaması, düzgün bişirilməməsi, həmçinin, “fast food”, müəyyən ət məhsulları, dönər kimi qidaların qəbulu səbəb olur”.

Həkim “Zəhərlənmə müşahidə olunarkən ilkin yardım kimi nə etmək lazımdır” sualına isə belə cavab verib: “Mədə-bağırsağı yumaq lazımdır (çoxlu miqdarda sodalı ya marqanslı su içmək), bağırsağı təmizləyici imalə etmək, əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib, onu 1stəkan suya qatıb içmək lazımdır. Məsələn, sizin çəkiniz 70 kq.-dırsa, 7 dərmanı əzib suda içmək vacibdir. Bunu içməklə toksinlərin qana keçməsinin qarşısı alınır. Zəhərlənmənin inkişafının qarşısı alınır”. Ekspert bildirib ki, əgər zəhərlənmə artıq inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil, çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi, xəstə infeksion toksiki şok keçirə bilər və s.

355
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

0
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

0
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

6
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

6