DYP əməkdaşları

Ekspert sürücülər şikayətçi, yol polisi məmnun

106
(Yenilənib 14:46 27.04.2016)
Sürücülər üçün təlim meydançaları niyə yoxdur?!

BAKI, 27 aprel-Sputnik. Standart azərbaycanlının həyatda iki ən əsas arzusu olur: ev və maşına sahib olmaq. Postsovet dövründə ev almaq imkanları xeyli dərəcədə məhdudlaşan azərbaycanlılar borca, kreditə də olsa maşına sahib olmağa çalışırlar. Əslində Azərbaycanda avtomobilə sahib olmaq, avtomobili idarə etmək üçün vacib olan sürücülük vəsiqəsini qanuni yolla almaqdan daha asandır. Çünki bu zaman insanları böyük problemlər gözləyir. Bunun üçün öncə sürücülük məktəbini oxumalısan. Yol hərəkət qaydalarını, maşını idarə etməyi öyrənməlisən. Nəhayət imtahan verməlisən. Sürücülük imtahanı vermək istəyən vətəndaşların qarşılaşdıqları böyük problem maşını idarə etməyi öyrənən zaman yaranır. Belə ki, bir neçəsini çıxmaq şərti ilə istər dövlət, istərsə də özəl sürücülük məktəblərində təlim üçün meydançalar yoxdur.

Bəs sürücü olmaq istəyən adam sürmə vərdişlərinə harada yiyələnsin? İmtahanda peşəkar sürmək tələb olunur. Təcrübə toplamadan peşəkar sürmə vərdişinə necə nail olmaq olar? Əgər desəniz ki, bunun üçün şəhər kənarına, dəniz sahilinə getmək olar, onda bu suala özlüyünüzdə cavab verin: Birdən yol polisi təlim meydançalarından kənarda maşın sürməyi öyrəndiyinizə görə sizi və sizə təlim keçən adamı cərimələsə?

Sputnik-in əməkdaşı maşın sürmə təlimləri üçün meydançalar problemi ilə əlaqədar nəqliyyat üzrə ekspertlərin fikrini soruşub.

Nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycandakı sürücülük məktəblərinin standartlara cavab vermədiyini dilə gətirib:

"Sürücülük məktəblərinin demək olar heç biri standartlara cavab vermir. Azərbaycanda təxminənə 100 sürücülük məktəbi varsa, yalnız 10-nun sürücülük təlimləri üçün ərazisi var. Qalanlarında heç sürücülük təlimləri üçün maşınlar belə yoxdur. Nə fikir verən var, nə də nəzarət edən. Heç kimə də lazım deyil. Bu problemi bir yolla həll etmək olar. Azərbaycanda sürücülük sistemini yenidən qurmaq. Bəlkə bu zaman dərənin dibindən çıxa bildik."

"Avtosfer.az" saytının baş redaktoru, avtoekspert Elməddin Muradlı isə deyib: "Qaldırdığınız problem olduqca aktualdır. Bakıda yeni tikililərin çoxalması bu problemi ciddi şəkildə ortaya çıxarıb. Əvvəllər boş yerlər olduğundan sürücülər təlimlər vasitəsilə maşın idarə etməyi öyrənə bilirdilər. İndi yollarda sıxlıq, boş yerlərin olmaması bu problemi yaradıb. İndi məsul şəxslər problemin aradan qaldırılması yolları barədə düşünməlidirlər."

Elməddin Muradlı problemin çıxış yolunu "Avtoşəhərciyin" salınmasında görüb: "Hər il "Avtoşəhərcik" yaradılması təklifi qabardılsa da, hələ ki layihəni həyata keçirmək mümkün olmayıb. Sürət həvəskarları, sürməyi öyrənmək istəyənlər yer tapmadıqları üçün şəhərin sıx küçələrində özlərini sınamaq məcburiyyətində qalır. Bu da bir sıra problemlərə, avtoqəzaların çoxalmasına gətirib çıxarır."

Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bu problemlə bağlı deyib:

"Sovet dövründə sürücülük meydançaları var idi. Sürücülər uzun müddət orada hazırlıq kursu keçib tam hazır olandan sonra sürücülük vəsiqəsi alıb yollarda rahat maşın idarə edirdilər. İndi isə vəziyyət fərqlidir. Demək olar, çox sürücülük məktəblərinin formal adı var. Özlərinin isə sürücülük meydançaları yoxdur. Məktəblər sadəcə imtahana daxil olmaq üçün sertifikatlar verirlər. Şəhərdə də sıxlıq olduğundan sürücülük vərdişləri əldə edə bilmirlər. İmtahanın necə keçirilməsi hamıya məlumdur."

Təşkilat sədri bu məsələyə illər öncə toxunduqlarını xatırladıb: "Biz təklif etmişik ki, öncə sürücünün texniki hazırlığı yoxlanılmalıdır. Sürmə imtahanı birinci keçirilsin, sonra nəzəri imtahan olsun. Ümumiyyətlə maşını idarə edə bilməyən insan imtahana girməməlidir."

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevinsə Sputnik-in qaldırdığı problemə münasibəti belə olub: "Bütün sürücülük məktəblərinin xüsusi meydançaları var. Ola bilsin, dərs dedikləri ərazidə mümkün olmasın, amma həmin məktəblərin digər ərazilərlə müqaviləsi olur. Və məhz həmin ərazilərdə gedib dərs keçirlər."

K.Əliyev yol polisinin ərazisində yerləşən avtodromda da istənilən məktəbin məşq keçməsinin mümkün olduğunu qeyd edib: "Təbii ki, burada imtahanlar keçirilir, amma boş olan zaman istənilən məktəbin müəllimi bu avtodromdan yararlana bilər. Daha sonra sürücülük təlimi üçün nəzərdə tutulan maşında müəllimin köməyi ilə müəyyən olunmuş marşrut üzrə təlimləri şəhər içi də apara bilərlər."

106