Elektrik

Bakı Yerevanın istəyini qəbul etmir: "Ermənistanla heç bir layihədə iştirak etmirik"

524
Areq Qalstyanın "bizim elektronlarımız Azərbaycan şəbəkəsindən keçə bilər" iddiası reallığı əks etdirmir. Həm ekspertlər təklifin reallaşmasını mümkün saymır, həm də rəsmi qurum belə bir əməkdaşlığı istisna edir.

BAKI, 15 apr — Sputnik. "Ermənistanın energetika və təbii sərvətlər nazirinin müavininin fizikanı bilib-bilmədiyini bilmirəm, amma görünür, məsələni siyasiləşdirmək istəyir. Elektrik enerjisi elə bir enerji məhsuludur ki, onun içində elektronların istehsalı yazılmır. Yəni, elektrik enerjisinin sürəti işıq sürətinə bərabərdir".

Bu fikirləri enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik-ə açıqlamasında deyib. "Əgər dünyada ümumi bir şəbəkə olsaydı, tutaq ki, Ermənistanın Atom Elektrik Stansiyasından çıxardısa, dünyanı 7 dəfə dolaşa bilərdi. Dolaşan müddətdə haradan keçdi, hara getdi, kim ondan aldı, bir ölkədən girdi, o biri ölkədən çıxdı, bu o demək deyil ki, bu stansiyadan istifadə edildi. Bu, axmaq təxəyyülün məhsuludur", —deyə ekspert bildirib.

Onun sözlərinə görə, hazırda İranla Ermənistan bir-birilərini enerji ilə təchiz edir: "İran ilə Türkiyənin də enerji mübadiləsi var. Türkiyə ilə də Avropa Birliyinin enerji mübadiləsi var. Elə birdəfəlik deyərdi ki, Ermənistanın elektronları Avropa Birliyinin sonuncu nöqtəsindədir".

Azərbaycan Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva da Sputnik-ə deyib ki, erməni mətbuatı özlərinə sərf edən formada məlumatlar yayır: "Bu, mümkün deyil. Boş söhbətdir. Ermənistan ilə heç bir layihədə iştirak etmirik".

Qeyd edək ki, Ermənistan, Gürcüstan, İran və Rusiyanın energetika nazirləri, ilk olaraq ötən ilin dekabrında elektrik enerjisinin qarşılıqlı ötürülməsinin səviyyəsinin yüksəldilməsi, enerji sisteminin etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə dördtərəfli memorandum imzalayıblar. Ondan sonra daha bir görüş Ermənistanda olub, növbətisi isə Gürcüstanda keçiriləcək.

Ermənistanın energetika və təbii sərvətlər nazirinin müavini Areq Qalstyan məsələ ilə bağlı deyib ki, Azərbaycan hökumətinin İrəvan görüşündə təmsil olunmaması və sənədləri imzalamaması o demək deyil ki, bu ölkə regional proqramdan kənarda qalacaq: "Rusiya, İran və Azərbaycan paralel danışıqlar aparır. Bu danışıqların nə ilə bitəcəyini qabaqcadan demək çətindir, amma mən çox nikbinəm".

"Burada qısqanclıq səhnəsi təşkil etmək istəmirəm, amma istisna olunmur ki, bizim elektronlarımız Azərbaycan şəbəkəsindən keçsin", — deyə Qalstyan bildirib.

524
Teqlər:
elektrik xəttləri, elektron, enerji, Zəminə Əliyeva, İlham Şaban, Azərbaycan, Ermənistan
Əlaqədar
Gələcəyin enerji qaynağı
Beynəlxalq Enerji Agentliyi neftin bahalaşacağını proqnozlaşdırır
Nazir bəyan etdi ki, enerjinin qiymətləri qalxmayacaq
İranın enerji nazirinin müavini Azərbaycana gələcək
Yaxın 3-5 il ərzində dünyada enerji resurslarının qiyməti aşağı olacaq

Göyçaylı xəstəni polis küçədə tutdu

2
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

2
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Kassir dollarları sayır, arxiv şəkli

Əhalinin dollar ajiotajının səbəbi nədir proses necə nəticələnəcək?

16
(Yenilənib 06:34 05.12.2020)
Ekspert: "Əhalinin nağd dollar alışında ən böyük artım mart-aprel aylarında qeydə alınıb. Yəqin yanvar ayında əhalinin nağd dollar alışında azalma qeydə alınacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Bu ilin oktyabr ayında Azərbaycanda banklar tərəfindən əhaliyə 204 milyon 196 min nağd dollar satılıb. Sputnik Azərbaycan Mərkəzi Bankın statistikasına istinadla xəbər verir ki, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda əhali nağd dollar alışını 31 milyon 543 min dollar və ya 18,3% artırıb. Bu ilin 10 ayında isə əhalinin nağd dollar alışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,7% artıb.

Bəs, nağd dollar alışının artımının səbəbləri nədir və bu proses davam edə bilərmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, əhalinin nağd dollar alışında ən böyük artım mart-aprel aylarında qeydə alınıb: "Həmin vaxt neftin qiymətinin kəskin düşməsi ilə bağlı qonşu ölkələrdə milli valyutalar ucuzlaşmağa başlayıb və bu, Azərbaycanda da gözlənti effekti yaradıb. Həmin dövrdə ölkədə ən böyük valyuta satışı həyata keçirilib və 10 aylıq göstəricilərə ən çox təsir edən mart-aprel aylarında satılan valyutanın həcmi olub. Ona görə də ümumi trend müəyyən gözləntilərlə bağlı olub".

O bildirib ki, noyabr ayında da əhalinin dollar alışında artım qeydə alınacağı gözlənilir: "Bu da yeni il qabağı ticarətin və sifarişlərin canlanması ilə əlaqədardır. Çünki son illərin rəqəmlərinə baxsaq, görəcəyik ki, oktyabr-noyabr aylarında valyuta alışlarında həmişə artım müşahidə olunur. Əvvəllər nağd dollar alışında artım həm də xarici səfərlər ilə əlaqəli idi, lakin indi sərhədlər bağlıdır. Çox güman ki, bu, sifarişlərin artması ilə bağlı olacaq".

Ekspert bildirib ki, yeni il qabağı tələbatın artımına uyğun olaraq ölkəyə gətirilən məhsulların çeşidi və həcmi artır: "İlin sonuna yaxın fiziki və hüquqi şəxslərin valyuta ehtiyacı artır. Son illərin göstəriciləri bunu deməyə əsas verir ki, yəqin yanvar ayında əhalinin nağd dollar alışında azalma qeydə alınacaq. Amma əsas məsələ ondan ibarətdir ki, hələ də manatın gələcək məzənnəsi ilə bağlı gözlənti var. Bu gözləntilər qaldıqca, yəni məzənnənin dəyişmə ehtimalı qaldıqca valyutaya tələbat artacaq və insanların əlində olan valyutanın satışında da azalma müşahidə olunacaq".

"Gələn ilin büdcəsinin xərc hissəsində ciddi artım müşahidə olunacaq. İşğaldan azad edilmiş torpaqların təhlükəsizlik təminatı, minaların təmizlənməsi, infrastrukturun qurulması ilə bağlı əlavə vəsaitə ehtiyac yaranacaq. Əlavə vəsaitin mənbəyi Neft Fondudur. Pandemiya ilə əlaqədar kəskin şəkildə vergi və yaxud gömrük daxilolmalarının artması gözlənilmir. Ona görə də büdcəyə əsas vəsaitin transferti üçün yenə Neft Fondunun vəsaitlərindən istifadə olunacaq" - deyə o əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, nağd dollar alışının artmasının ilk səbəbi psixoloji amildir: "Türkiyədə və digər ölkələrdə devalvasiya gedir və ona görə də likvidlik kimi dollara müraciət edirlər. Nağd dollar alışının artmasının digər səbəbi idxalın artmasıdır. Son dövrlər məsələn, avtomobil idxalı artıb. İdxal artırsa, deməli sosial durumda dirçəlmə var. İnsanların sosial vəziyyəti düzəldikcə idxal olunan məhsullara daha çox müraciət edirlər. Çünki bəzi məhsullar ölkədə istehsal edilmir. Digər tərəfdən neftin qiyməti azalıb. Bundan başqa, yeni il qabağı alış-veriş artır və bu da nağd dollar alışına təsir edir. Bu hal isə sosial vəziyyətin yaxşı olduğunu göstərir".

"Azərbaycanda devalvasiya təhlükəsi yoxdur. Biz artıq ağır dövrü keçdik. Bu gün neftin qiyməti stabildir və hazırda bizim iqtisadiyyatımız daha yaxşıdır" - deyə ekspert bildirib.

Onu da qeyd edək ki, əhalinin banklara satdığı nağd dolların həcmi isə azalıb. Belə ki, bu ilin oktyabr ayında əhalinin banklara satdığı nağd dolların həcmi 86 milyon 252 min dollar olub. Bu da bu ilin sentyabr ayı ilə müqayisədə 32 milyon 761 min dollar və ya 27,5% azdır.

16