Nəğd pul

Ölkədə nəğd pul böhranı başlayır

2432
(Yenilənib 15:14 12.04.2016)
Bankomatların sayının kütləvi şəkildə azalması əhali arasında narahatlıqlara səbəb olub. Ekspertlər probleminin səbəbini bəzi bankların bağlanmasında, bəzilərininsə vəsaitinin tükənməsində görürlər.

BAKI, 12 apr — Sputnik. "Azərbaycanda bankomatların sayının azalmasının səbəbi, bütövlükdə bankların fəaliyyətində ciddi problemlərin, ixtisarların olması ilə bağlıdır. Banklar öz filial və şöbələrini bağlayıb, xərclərini azaldıb. Hər bir filial və şöbədə ən azı 1 bankomat olub. Bunların bağlanması ilə o bankomatlar da ləğv edilib". 

Bank eksperti Əkrəm Həsənov
Əkrəm Həsənov

Bunu Sputnik-ə açıqlamasında, cari ilin əvvəlində ölkədə 132 bankomatın bağlanması xəbərini şərh edərkən, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, eyni zamanda, böhran olduğu üçün bəzi ticarət, iaşə obyektləri bağlanıb: "Bunlarda da bankomatlar var idi. Digər tərəfdən, bank xidmətlərinə tələbat azalıb. Banklara o qədər bankomat saxlamaq da sərf etmir. Gözləyirəm ki, bunların sayının azalması davam edə bilər. Onsuzda bu gün bankomatların əksəriyyəti fəaliyyətsizdir. Çünki, bankların milli valyuta kütləsi çox azdır".

"Dollar kütləsini də bankomatlara qoymaq istəmirlər. Bankomatlarda pul kütləsinin olmaması o demək deyil ki, bunu bağlamaq lazımdır. Əgər səbəb sırf bu olsaydı, onda gərək bankomatların əksəriyyətini bağlayaydılar. Son dövrlərdə Mərkəzi Bank bir sıra bankları bağlayıb. Həmin bankların da bankomatları var idi", —deyə ekspert bildirib.

Ə. Həsənovun sözlərinə görə, bankomatlar müştərilərə sərf etdiyindən, dünyada bankomat sistemi inkişaf edib: "Amma dünya daha da qabağa gedib. Qabaqcıl ölkələr nağd puldan imtina edib. Bankomatlar Qərbdə 15 il bundan qabaq çox aktual idi. İndi isə hər şey nağdsız şəkildədir. Bizdə təəssüf ki, bu alətlər inkişaf etməyib. Hələ də bizdə bankomat məsələsi aktualdır. Nağdsız ödənişlərə keçməməyimizin səbəbi iqtisadiyyatın qeyri-şəffaflığı ilə bağlıdır".

"Əgər desəydilər ki, bankomatların sayı azalır, nağdsız ödənişlərə keçirik. Buna sevinərdim. Amma sayın azalmasının səbəbi bu deyil", —maliyyəçi əlavə edib.

İqtisadçı-ekspert Vüqar Bayramov isə hesab edir ki, bankomatların sayının azalması son dövrlər Mərkəzi Bank tərəfindən lisenziyası geri alınan bankların sayının artması ilə bağlıdır. "Artıq həmin banklar müflis elan olunduğu üçün, onların bankomatlarının sayında azalma müşahidə olunub. Bu da ümumi bankomatların sayına təsir göstərir. Azalmanın digər səbəbi bu gün bir sıra kommersiya banklarında müşahidə olunan maliyyə problemləri ilə bağlıdır. Bir sıra bankların maliyyə göstəricilərinin pisləşməsi bankomatların sayına təsir göstərir", —deyə mütəxəssis Sputnik-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bankomatlara tələbin yüksək olmasına baxmayaraq, bu gün bəzi banklarda nağd likvidlik problemi var: "Bəzi banklar vaxtı-vaxtında bankomatları nağd vəsaitlə təmin edə bilmir. Bu da bankomatların fəaliyyətinə, aktivliyinə təsir göstərir. Nağd likvidliyin aşağı olması bankomatların sayının azalmasına gətirib çıxardıb".

Ekspert bildirib ki, bankomatların sayının azalması müsbət məqam deyil: "Bu, plastik kartlardan istifadə imkanlarının genişləndirilməsinin əsas prioritet olduğu dövrdə vətəndaşlar üçün, xüsusən plastik kart sahibləri üçün öz vəsaitlərini nağdlaşdırmaq baxımından texniki problemləri artırır. Kapital Bank ilə Beynəlxalq Bankın bankomatlarının sayı çoxdur. Amma digərlərində, çox təəssüf ki, azdır. Düşünürəm ki, hər bir bank üçün bankomatların sayı ilə bağlı minimumlar müəyyənləşdirilməlidir. Buna ehtiyac var".

"Banklar limitlər daxilində bankomatları saxlamaq məcburiyyətində qalacaq. Bankomatların sayı ilə bağlı standartlar, limitlər müəyyənləşərsə, bu, məcbur edəcək ki, digər banklar da bankomatları saxlasın", —V. Bayramov vurğulayıb.

Qeyd edək ki, bu ilin fevral ayında bankomatların sayı 11 ədəd və ya 0,43% azalaraq martın 1-nə 2562 ədəd təşkil edib. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 ədəd və ya 2,29%, bu ilin əvvəlindən isə 132 ədəd və ya 4,9% azalma müşahidə olunub. Qeyd edək ki, Azərbaycanda mövcud olan bankomatların 1424 ədədi və ya 55,6%-i Bakıda, 1138 ədədi və ya 44,42%-i regionlardadır.

Martın 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. Bu da əvvəlki ayla eyni göstəricidir. İlin əvvəlində isə bu nisbət 3,6 min nəfər/bankomat olub.

ATM və ya bankomat (Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır.

İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa, indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artıb. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödəmələri aparma, hesabdan hesaba pul köçürmə və s. əməliyyatlar aparılır.

Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısı ilə gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçiblər.

2432
Teqlər:
bankomat, Əkrəm Həsənov, pul, Vüqar Bayramov, bank
Əlaqədar
“Kapital Bank” bankomat şəbəkəsini genişləndirir
Azərbaycanda biometrik bankomatlar quraşdırılacaq
İstifadəçiləri üzdən tanıyan ilk bankomat təqdim edilib
Banklara kredit qadağası nəyə hesablanıb?
Mərkəzi Bank hərracda 0,4 milyon dollar alıb
Bank sistemi çökərsə, sahibkarların aqibəti necə olacaq?