Zərərli ət və kolbasa məhsulları

Keyfiyyətsiz kolbasa məmulatları satan sahibkar ifşa olunub

63
Masazır kəndinin "Quşçuluq" yaşayış massivinin yaxınlığında yerləşən kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri aşkar olunub.

BAKI, 7 apr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı tədbirləri davam etdirir. Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Aprelin 5-də DBNX-nin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən baytarlıq nəzarəti aparan zaman Masazır kəndinin "Quşçuluq" yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub.

Aşkar edilmiş heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədləri (baytarlıq şəhadətnaməsi- forma 2, baytarlıq arayışı) olmamışdır. 1000 kq-a yaxın sümüksüz ətlərin, farşın və toyuq məsullarının qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən 10 nümunə farş, 3 nümunə toyuq əti, 10 nümunə sümüksüz heyvan əti, 15 nümunə toyuq məhsullarında bakterioloji çirklənmə (BÇQB, stafılakokkus, aureus) aşkar olunmuşdur. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə hər bir nümunənin  keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Müayinə edilən nümunələrin yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə dair qərar verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.

63
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

4
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

4
Vyanada OPEC-in mənzil-qərargahı, arxiv şəkli

Azərbaycan "OPEC+" nazirlərinin iclasında iştirak edəcək

4
(Yenilənib 22:55 05.06.2020)
"OPEC+" nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərinin icrası müzakirə ediləcək.

BAKI, 5 iyun — Sputnik. İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə "OPEC+" ölkələri nazirlərinin video-konfrans formatında iclasları keçiriləcək. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "OPEC+" nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin "OPEC+" üzrə gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi" qəbul edilib. Bu qərara uyğun olaraq iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək "OPEC+" üzrə gündəlik hasilatın 2 mln. barel artırılması nəzərdə tutulurdu.

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycanın kvotası isə may-iyun ayları üzrə 164 min barel təşkil edir. Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamaq öhdəliyinə müvafiq olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

4