Tərtər

Tərtərlilərdən bütün Azərbaycana mesaj

428
Əhali küçələrə axışıb: "Biz ancaq o zaman evimizə qayıdacağıq ki, torpaqlarımız işğaldan tam azad olunsun. Bax o zaman könlümüz rahat şəkildə evimizə dönəcəyik"

BAKI, 5 apr — Sputnik. "Əsgərlərimiz vuruşduğu bir vaxtda biz necə yata bilərik? Vicdanımız buna necə imkan verə bilər?". Bunu Sputnik-in əməkdaşı ilə söhbətdə Tərtər rayon sakinləri deyiblər.

Atışmaların qızğın getdiyi kəndlərdə apardığımız çəkiliş zamanı maraqlı mənzərənin şahidi olduq. Gecə saat 2-ni keçməsinə baxmayaraq, sayları 15 nəfəri keçən bir qrup şəxs yol kənarında ocaq qalayaraq cəbhəyə yollanan ağır hərbi texnikaları salamlayırdı.

Kənd sakinlərinin evlərinə qayıtmaq niyyətlərinin olmadığını müşahidə etdik. Baxmayaraq ki, polislər həmin ərazinin təhlükəli ola biləcəyini tez-tez yada salırdılar. Ancaq vətənə və torpağa bağlılıq isti yataqda şirin yuxuya imkan vermirdi.

Tonqal ətrafına yığışan dəstənin ağsaqqalı Sputnik-ə açıqlamasında, bütün işğal olunmuş torpaqlar geri qayıdanadək bu ocağın başından çəkilməyəcəyini deyib: "Mən ancaq o zaman evimə qayıdacağam ki, torpaqlarımız işğaldan tam azad olunsun. Bax o zaman könlüm rahat şəkildə ailəmin yanına qayıdıb, şirin yuxu yatacam. Başqa cür heç nə məni burdan ayıra bilməyəcək".

Ocaq başında daha bir maraqlı məqamla rastlaşdıq. Sən demə söhbət apardığımız şəxslərdən bəziləri Bakıdan könüllü şəkildə bölgəyə gələnlərdir.

"Döyüş bölgələrində vuruşmaq üçün dəfələrlə Müdafiə Nazirliyinə, sərhəd komandirlərinə müraciət etdik. Lakin bizə bildirildi ki, ordumuzun hələlik buna ehtiyacı yoxdur və cəbhə zonası tam nəzarət altındadır", —deyə Bakıdan gələn heyətin üzvləri bildirdilər.

428
Teqlər:
əsgər, Qarabağ, döyüş, cəbhə, Tərtər
Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)
Əlaqədar
Cəbhə bölgəsindən son xəbər: 16 şəhidimiz var, ermənilərin 70 əsgəri məhv edilib
Müdafiə naziri əmr verdi: "Xankəndini vuracağıq"
Tələbələrdən Azərbaycan əsgərinə dəstək
Türkiyədən İlham Əliyevə müraciət: Sizin komandanlığınız altında döyüşmək istəyirik